"Dağlıq
Qarabağ münaqişəsinin
həlli prioritet məsələdir"
PİTER SEMNEBİ: "İŞĞAL OLUNMUŞ
TORPAQLARIN AZƏRBAYCAN ƏRAZİSİ OLDUĞUNA ŞÜBHƏ
ETMİRİK"
BAKIYA səfərinin yekunlarına
dair keçirdiyi mətbuat konfransında Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib ki,
Azərbaycanda keçirilən
referendumla bağlı
Venesiya Komissiyasının
verdiyi rəylə razılaşıblar. Diplomat səfərinin "Şərq
Tərəfdaşlığı" proqramının qəbul olunması ərəfəsində
reallaşdığını vurğulayıb. O bildirib ki, Azərbaycanda keçirdiyi görüşlərdə
regional məsələlər,
Rusiya ilə münasibətlər, Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanması, hüququn
aliliyi, demokratiyanın
inkişafı, media azadlığı məsələləri
müzakirə olunub. Semnebi Prezident İlham Əliyevi "Şərq Tərəfdaşlığı"
proqramı ilə bağlı müzakirələr
aparmaq üçün
aprelin axırlarında
Brüsselə dəvət
etdiyini deyib. Diplomat onu da
əlavə edib ki, ölkə rəsmiləri ilə görüşlərində diqqət
mərkəzində saxlanılan
məsələlərdən biri də media
və demokratiya məsələsi olub.
Semnebi bir daha xatırladıb
ki, NABUCCO layihəsi Avropa İttifaqının
prioritetidir. O, Cənubi
Qafqazda açıq münaqişələrin Avropa
İttifaqı üçün
narahatlıq doğurduğunu
deyib: "Açıq
münaqişələr həm
region, həm də Avropa üçün təhlükədir.
Biz münaqişələrin
həllinin tərəfdarıyıq.
Hadisələrdən sonra
Gürcüstanda sabitliyin
yaranmasında Azərbaycanın
rolu böyükdür".
O həmçinin
ölkə rəsmiləri
ilə Dağlıq Qarabağ münaqişəsinin,
Azərbaycan-Rusiya münasibətlərinin
müzakirə edildiyini
deyib. Görüşlərdə
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin
bütün aspektlərinin
müzakirə olunduğunu
deyən P.Semnebi Azərbaycanda bir neçə jurnalistin həbsdə olmasından narahatlığını da
ifadə edib. Xarici radioların ölkə ərazisində
yayımı məsələsinin
görüşlərdə müzakirə olunub-olunmadığı ilə
bağlı sualı diplomat belə cavablandırıb: "Plüralizm
bir dəyərdir, ona məhdudiyyətin qoyulması plüralizmi azaldır". Türkiyə-Ermənistan sərhədinin
açılmasına münasibət
bildirən xüsusi nümayəndə deyib ki, bunun Dağlıq
Qarabağ münaqişəsinin
həllinə necə
təsir edəcəyinə
cavab verməkdə çətinlik çəkir.
Amma Avropa İttifaqı Cənubi Qafqazda sərhədlərin
açıq olmasının
istəyir. Avropalı
diplomat onu da bəyan edib
ki, heç kim işğal olunmuş torpaqların Azərbaycan ərazisi olduğuna şübhə
etmir: "Amma Avropa İttifaqı bu münaqişənin həlli ilə birbaşa məşğul
olmur, nizamlanmada vasitəçilik edən
ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin
həlli prioritet məsələdir, münaqişənin
həlli yolu tapılmalıdır, münaqişə
hazırkı vəziyyətdə
qala bilməz, bu regionun və
Avropa İttifaqının
təhlükəsizliyi üçün
böyük təhlükədir.
Gürcüstandakı müharibənin
nəticələri Avropa
İttifaqına öz
təsirini göstərdi".
Piter Semnebi Bakıda səfərinin yekunlaşdırdıqdan sonra
Gürcüstana gedəcək.
Elməddin
Ədalət.- 2009.- 7 aprel.- S. 3.