Hərbi komissarlıqlar
tibbi komissiya kimi fəaliyyət göstərəcək
ELDAR SABİROĞLU: "HƏQİQİ HƏRBİ
ÇAĞIRIŞLA BAĞLI TƏKMİLLƏŞDİRMƏ
İŞİ ARTIQ ÖZ SƏMƏRƏSİNİ
VERİR"
HƏQİQİ
hərbi xidmətə
çağırışın həyata keçirilməsində
bir sıra yeniliklər tətbiq olunub. Çağırışçıların
hərbi hissələrə
bölüşdürülməsi hərbi komissarlıqlardan
alınaraq Silahlı Qüvvələrin Baş
Qərargahının Təşkilat
Səfərbərlik İdarəsinə
(TSİ) verilib. Həqiqi
hərbi xidmətə
çağırışı həyata keçirəcək
Respublika Çağırış
Komissiyasının tərkibi
dəyişdirilib. Komissiyaya
respublika hərbi komissarının müavini
Ramiz Məmmədov sədrlik edəcək. Komissiya sədrinin müavini postunu Dövlət Sərhəd
Xidməti İnspektorluğunun
rəisi Ehram Hacıyev tutacaq.
Komissiyanın tərkibinə
daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə
nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədrinin
müavini Aqil Dadaşov və Milli Məclisin deputatı Səyavuş Novruzov daxildir. Yeni dəyişiklikdən sonra
həqiqi hərbi xidmətə çağırışın
həyata keçirilməsi
ilə bağlı vəziyyətə Müdafiə
Nazirliyi mətbuat xidmətinin rəhbəri
polkovnik-leytenant Eldar Sabiroğlu ilə söhbətimizdə aydınlıq
gətirməyə çalışdıq.
- Eldar müəllim, həqiqi hərbi xidmətə çağırış qaydalarında
dəyişikliklər edilməsi
hansı zərurətdən
meydana çıxıb?
- Həqiqi
hərbi xidmətə
çağırışda dəyişiklik edilməsində
əsas məqsədin
Prezidentin hərbi çağırışla bağlı
fərmanlarının lazımi
tərzdə icrasına
nail olmaqdır. Müdafiə Nazirliyi çalışır
ki, fərmandan irəli gələn tələblər yüksək
səviyyədə həyata
keçsin, komplektləşdirmədə
qüsurlara yol verilməsin.
Hərbi çağırış qaydalarının
təkmilləşdirilməsi, komplektləşdirilmədə qüsurlara yol verilməməsi üçün
nazirliyin Təşkilat-Səfərbərlik
İdarəsinin nəzdində
"Qaynar xətt"
yaradılıb. Vətəndaşlar
349-61-10, 439-55-14, 439-23-55, 439-90-28 telefon nömrələrinə zəng
edib şikayət və təkliflərini edə bilərlər. Eyni zamanda, müdafiə nazirinin tapşırığı
ilə çağırışçıların
valideynlərinin və
ya yaxınlarının
şikayət və narazılıqlarını araşdırmaq
məqsədi ilə nazirliyin Tərbiyə İşləri İdarəsinin
nəzdində işçi
qrup fəaliyyətə
başlayıb. İşçi
qrupunun yaradılmasında
məqsəd hərbi çağırış
qaydalarında həyata
keçirilən təkmilləşdirmə
işinin daha səmərəli aparılması,
komplektləşdirilmədə qüsurlara yol verilməsinin qarşısını
almaq, valideynlərin və ya çağırışçıların
yaxınlarının şikayət
və narazılıqlarını
araşdırmaqdır. Vətəndaşlar 438-61-31, 438-61-74 nömrəli telefonlara zəng edərək öz təklif və şikayətlərini
çatdıra bilərlər.
- Həqiqi hərbi xidmətə
çağırışın yeni qaydalarla aparıldığı
ötən müddət ərzində
hansı
çətinlik meydana çıxıb?
- Yeni başlanılan hər bir işdə
müəyyən çətinliklər
ola bilər. Amma görülən tədbirlər nəticəsində
hazırkı çağırışda
ciddi narahatlıq doğuran elə bir problem yaranmayıb.
Bu günədək yaradılan "Qaynar xətt"ə müraciət edən valideynlər ancaq övladlarının hansı
hərbi hissədə
qulluq edəcəyini soruşur. Hətta ucqar rayonlardan belə bununla maraqlananlar olur. İşçi qrupda da vətəndaşlardan daxil olan şikayətlər
araşdırılır.
- İşçi qrupa daxil olan şikayətlər
əsasən nə ilə bağlıdır?
- Müraciətlər
əsasən çağırışçıların
hərbi hissələrə
hansı nəqliyyatla
aparılması ilə
bağlı olub. İndiyədək narahatçılıq
doğuracaq ciddi bir şikayət olmayıb. Mətbuat səhifələrində də
həqiqi hərbi xidmətin həyata keçirilməsində problemlərin
olması ilə bağlı hələlik
yazıya rast gəlməmişik.
- Çağırışçıların hərbi hissələrə bölgüsünün hərbi komissarlıqlarda deyil, Silahlı Qüvvələrin Baş
Qərargahının Təşkilat
Səfərbərlik İdarəsi tərəfindən aparılması hansı
müsbət nəticələr verəcək?
- Bu məsələdə qarışıqlığa yol
vermək lazım deyil. Hazırda elə bir qanunvericilik
aktı yoxdur ki, orada çağırışla
yalnız hərbi komissarlıqların məşğul
ola biləcəyi yazılsın. Hərbi komissarlıq Müdafiə
Nazirliyinin strukturlarından
biridir. "Müdafiə
haqqında" qanunun
7-ci maddəsində göstərilir
ki, Azərbaycan Respublikası Müdafiə
Nazirliyi ölkə silahlı qüvvələrinə
və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik
edən dövlət orqanıdır. Bu dövlət orqanı həmin strukturların inkişafına, işinin
tənzimlənməsinə, müdafiə vəzifələrinin
yerinə yetirilməsinə
və hazırlığına
görə məsuliyyət
daşıyır. Yerli
hərbi idarəetmə
orqanları dedikdə
isə hərbi komissarlıqlar nəzərdə
tutulur.
Bu dəyişikliyin aparılmasının
müsbət nəticəsi
isə odur ki, Müdafiə Nazirliyi komplektləşdirmədə
nöqsanlara yol verməsin. Həqiqi hərbi çağırışla
bağlı təkmilləşdirmə
işi artıq öz səmərəsini
verir. Yəqin ki, hər hansı
bir neqativ hal olsa, ən
azı mətbuatda bu barədə yazılardı.
- Çağırışçıların tibbi müayinədən keçməsi bundan sonra necə aparılacaq?
- Çağırışçıların
tibbi komissiyadan keçməsi yenə də hərbi komissarlıqlar tərəfindən
aparılacaq. Bundan
sonra siyahılar Müdafiə Nazirliyinə
göndəriləcək. Müdafiə
Nazirliyi isə komplektləşdirməni və
paylaşdırmanı aparacaq.
- Əvvəllər çağırışçıların
hansı hərbi hissədə qulluq edəcəyini çağırış
başlamazdan öncə
də bilmək olurdu. Valideynlər övladlarının
istədikləri hərbi
hissədə qulluq etməsinə müxtəlif
yollarla nail ola bilirdilər. Bundan sonra belə
olmayacağına zəmanət
vermək mümkündür?
- Əgər belə hallarla bağlı konkret fakt olsa,
araşdırarıq. Ümumi
məsələyə isə
münasibət bildirmək
istəməzdim. Əgər
kiminsə bununla bağlı şikayəti
varsa, müraciət etsin.
Xalid
Üç nöqtə.- 2009.- 7aprel.- S. 6.