Azərbaycanlılar yaşayan ərazilərdə toponimlər
dəyişdirilir
ƏLİBALA ƏSGƏROV: "GÜRCÜSTAN
HÖKUMƏTİ VERDİYİ VƏDİ YERİNƏ
YETİRMİR"
GÜRCÜSTANDA azərbaycanlılar yaşayan yer adlarının dəyişdirilməsi ilə bağlı problem artıq uzun müddətdir gündəmdədir. Azərbaycan xalqının tarixi, milli ənənələrini əks etdirən toponimlərin yenidən bərpa olunması bir qrup millət vəkilinin Gürcüstana səfəri çərçivəsində də qaldırılmışdı. O zaman Gürcüstan rəsmiləri məsələnin müsbət həll ediləcəyi ilə bağlı vəd vermişdi.
Hazırda isə belə bir məlumat yayılıb ki, Gürcüstandakı hazırkı
yer adları Qurucu Davidin dövründə mövcud
olan adlardır və onların dəyişdirilməsindən söhbət
gedə bilməz. Məsələyə "Qeyrət" Xalq Hərəkatının sədri
Əlibala Əsgərovla
söhbətimizdə aydınlıq
gətirməyə çalışdıq.
-Əlibala müəllim, Gürcüstanda azərbaycanlılar
yaşayan kəndlərin
əvvəlki adları
ilə bağlı vəziyyət nə yerdədir?
- Gürcüstan dövləti atdığı addımlardan heç vaxt geri dönməyib. 1992-ci ildən etibarən Bolnisi rayonundakı azəri köklü inzibati-ərazi vahidlərinin bir çoxunun adları gürcü toponimlərilə əvəz edilib. Gürcüstan dövlətinin demokratik dəyərlərə söykənən bir dövlət olduğu bildirilsə də, azərbaycanlılar yaşayan bölgələrdə belə hərəkət insan hüquqlarının pozuntusudur. Dəfələrlə müraciət etsək də, bu istiqamətdə Gürcüstan hökuməti hələlik heç bir addım atmayıb. Dəfələrlə bu məsələ qaldırılsa da, hələ vəziyyət dəyişməyib. Gürcüstan hökuməti Azərbaycandan buraya gələn rəsmi şəxslərə əvvəlki toponimlərin bərpa ediləcəyi barədə vəd versə də, yerinə yetirmir. Gürcüstan rəsmiləri problemlərin mövcudluğunu etiraf etsə də, onların aradan qaldırılması üçün heç bir iş görülmür. Yer adlarının dəyişdirilməsi məsələsi də istisna deyil.
- Azərbaycanlılar yaşayan kəndlərdə quraşdırılan xaçlar o ərazilərdən götürülüb?
- Bu məsələ ilə bağlı ciddi narazılıq yarandığından yeni xaçların quraşdırılması prosesi dayandırıldı. Amma əvvəlcə quraşdırılan xaçlar yerində qalır. Bir neçə əlavə xaç da quraşdırılıb. Hazırda Kvemo-Kartli (Borçalı) vilayətindəki Bolnisi rayonunun, azərbaycanlılardan ibarət olan Qoçulu və Kəpənəkçi kəndlərində 7-10 metr hündürlüyündə xaçlar hələ də əvvəlki yerindədir. Əsasən azərbaycanlılar yaşayan 27 kəndin ərazisində xaçlar var. Arıxlı kəndinin mərkəzində olan xaçlar da yerində qalır. Gürcüstan prezidentinin region üzrə səlahiyyətli nümayəndəsinin də problemdən xəbəri var. Qubernator da xaçların quraşdırılmasını öz üzərindən atır. Rəsmi şəxslər bunu dini qurumların həyata keçirdiyini bildirirlər. Onların sözlərinə görə, bu məsələdə dövlətin heç bir rolu yoxdur.
- Məktəb direktorlarının da azərbaycanlılarla əvəz ediləcəyi ilə bağlı vəd verilmişdi...
- Torpaq məsələsində, təhsil ilə bağlı problemin həlli istiqamətində də heç bir dəyişiklik yoxdur. Əvvəllər Gürcüstanda 167 Azərbaycan məktəbi var idisə, indi bu təhsil ocaqlarından yalnız 137-si qalıb. Gürcüstanda 70 minə kimi abxaz yaşayır və abxaz dili dövlət dilidir. Azərbaycan məktəblərində direktorların soydaşlarımızla əvəzlənəcəyi bildirilirdi. Bundan 6 ay vaxt keçib, amma yenə də məktəb direktorları gürcülərdir. Azərbaycanlılara məxsus olan torpaqların 80 faizi Tbilisidən olan gürcülərə satılıb.
- Əhalinin özü bu problemlərin həlli üçün hansı addımları atmağı düşünür?
- Əvvəllər etiraz aksiyaları keçirilirdi.
Artıq bununla da nəyisə etmək mümkünsüzdür.
Kiçik bir toplantı təşkil ediləndə polis tərəfindən dağıdılır.
Sonra iştirakçılara
təzyiqlər edilir.
Xalid
Üç nöqtə.- 2009.- 9 aprel.- S. 9.