"Türkiyə
Azərbaycanın maraqlarına
zidd olan addım atmamalıdır"
QƏNİRƏ PAŞAYEVA: "SƏRHƏDLƏRİN
AÇILMASI TÜRKİYƏNİN DƏ MARAQLARINA
ZİDDİR"
VƏFA QULUZADƏ: "HAZIRDA İRAN VƏ RUSİYA SƏRHƏDLƏRİN
AÇILMASINA QARŞIDIR"
TÜRKİYƏNİN Ermənistanla sərhədlərinin açılması son günlərdə ən çox müzakirə edilən məsələlərdən biridir. Məsələyə münasibət bildirən millət vəkili Qənirə Paşayeva hesab edir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənədək Türkiyənin sərhədləri açması qəbuledilməzdir: "Bu, bütün Azərbaycan xalqının fikridir. Əgər Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayırsa və mövqeyindən geri çəkilmirsə, Türkiyə bu addımı atmamalıdır.
Ermənistan prezidenti Serj Sarqsyan bir neçə gün əvvəl Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı cəfəng, həyasızlıqla dolu bəyanatlar səsləndirdi. Bu fonda sərhədlərin açılması Azərbaycan dövlətinin və xalqının maraqlarına ziddir. Bu mövqe Türkiyə rəsmilərinə də çatdırılıb. Sərhədlərin açılması Türkiyənin də maraqlarına ziddir. Türkiyənin Ermənistanla sərhədləri bağlamasının bir sıra səbəbləri var. Ermənistan Türkiyənin sərhədlərini tanımır, torpaq iddiaları irəli sürür, Ağrıdağı Ermənistan gerbində əks etdirib, qondarma "erməni soyqırımı" ilə bağlı kampaniya aparır və Qarabağı işğalda saxlamaqda davam edir. Ermənistan Türkiyənin sərhədlərin açılması ilə bağlı irəli sürdüyü bu şərtlərin heç birini yerinə yetirməyib və yetirmək niyyətində də deyil. Bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan iki gün əvvəl bildirdi ki, Türkiyənin şərt qoyaraq münasibətlər qurması ilə bağlı mövqeyini qəbul etmirlər. Belə bir şəraitdə Türkiyənin Ermənistanla sərhədləri açması, diplomatik münasibətlər qurması onun da maraqlarına ziddir".
Millət vəkili
hesab edir ki, sərhədlərin açılmasından yeganə
qazanacaq tərəf Ermənistandır: "Ermənistanda
bu gün vəziyyət çox pisdir, daxildə iqtisadiyyatı çöküb,
sosial vəziyyət ağırdır. Sərhədlərin
açılması Ermənistanın
iqtisadiyyatının inkişafına
müəyyən təkan
verəcək, sosial vəziyyətin düzəlməsinə
yol açacaq. O, həm iqtisadi, maliyyə imkanları baxımından, həm də psioxoloji olaraq qazanacaq. Bu da Qarabağ
münaqişəsinin həllinə
mənfi təsir edəcək".
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Azərbaycanın maraqlarına zidd hesab edir. Ona görə, Azərbaycanla Türkiyə arasında münasibətlər o qədər yaxındır ki, bu strateji müttəfiqlikdən də yuxarıdır. Belə olan tərzdə düşünmürəm ki, məsələ Azərbaycanın ziyanına həll edilsin. Yəqin ki, bu məsələ yenidən ölçülüb-biçiləcək və Azərbaycanın ziyanına qərar qəbul edilməyəcək.
Gələn həftə Bakıda iki ölkə parlametarilərinin iştirakı ilə görüşün keçiriləcəyini də vurğulayan birinci vitse-spiker orda geniş müzakirələr aparılacağını önə çəkib.
Politoloq Vəfa
Quluzadədə hesab edir ki, ermənilər
öz düşmənçiliklərindən
əl çəkməyənədək
sərhədlər açılmamalıdır:
"Ermənistan bu gün də Türkiyəni soyqırımında
suçlayır. Azərbaycanın
işğal olunmuş
ərazilərini azad edilmiş ərazi adlandırırlar. Belə
bir mövqe nümayiş etdirən Ermənistanla sərhədi
necə açmaq olar? Sərhədlərin açılmasının Dağlaq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqların
mərhələli həll
prosesinə daxil edilməsi də mümkün deyil. Məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli
həllinə Rusiya
"yox" cavabı
verib. Çox vaxt münaqişənin həlli ilə bağlı Ermənistandan
danışarkən Rusiya
amili yaddan çıxarılır. Nəzərə
almaq lazımdır ki, bu problemin
həllində Ermənistan
amilindən yox, Rusiyadan danışmaq lazımdır. Sərhədlərin
açılmasına o
qədər də inanmıram. Çünki
Türkiyə bunu istəsə belə, hazırda İran və Rusiya sərhədlərin açılmasına
qarşıdır".
Xalid
Üç nöqtə.- 2009.- 10 aprel.- S. 8.