"Qanuna edilən dəyişikliklər texniki xarakter daşıyır"

 

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: "HEÇ BİR SƏLAHİYYƏTİMİZ ARTIRILMAYIB"

 

 TELEKANALLARLA bağlı ictimai müzakirələr və qınaqlar bitmək bilmir. Hətta millət vəkillərinin də bu məsələyə müdaxilə etməsi hər hansı bir dəyişikliyə gətirib çıxarmadı. Telekanallarla bağlı müzakirələr artsa da, radioların fəaliyyəti diqqətdən kənarda qalıb. Radio aparıcılarının şit zarafatları, başqa dillərdən yersiz istifadəsi, efirdə özünü apara bilməməsi isə radio izləycilərinin nəzərindən yayınmır. Bu yaxınlarda "Teleradio Yayımı haqqında" qanuna edilən dəyişikliklərin sadalanan qüsurların aradan qaldırılmasında rolu olacaqmı? Bu və digər sualları Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli cavablandırdı:

- Radio və televiziya kütləvi vasitə olduğuna görə insanlar bu və digər formada öz münasibətini bildirirlər. Son dövrlər televiziya kanallarında yaradıcılıq imkanaları tam özünü göstərmir. Reklamla bağlı problemləri var. Televiziya kanallarının daha çox şou verərək irəli getmək istəməsi açıq-aydın özünü göstərməkdədir. Bircə məsələni nəzərə çatdırmaq istəyirəm ki, bizim ictimaiyyət çox təəssüf ki, Teleradio Şurasının işindən və səlahiyyətlərindən tamamilə də olmasa, müəyyən mənada xəbərsizdir. Teleradio Şurası radio və TV-lərin yaradıcılıq işlərinə qarışmır. Telekanallarda peşəkarlığın olub-olmamasını, kadr siyasətini müəyyənləşdirə bilmir. Düzdür, biz istəyirik ki, radio kanallarının işi daha keyfiyyətli olsun. Buna görə də biz onlara tövsiyələr veririk. Əgər hansısa bir aparıcı peşə qaydalarını pozursa, ona görə kanala cəza verə bilmərik.

- Əgər efir mədəniyyətindən kənar hərəkətlər edirlərsə və ya Azərbaycan dilinin qaydalarına riayət etmirlərsə, onda müdaxilə edə bilərsinizmi?

- Xeyr. Hüquqi cəhətdən bunun həll edilməsinin yolu olmalıdır. Bunu mən istəyirəm və etməliyəm deməklə həll etmək olmaz. Məsələn, həmin şəxsin Azərbaycan dilinin qaydalarına hansı şəkildə riayət etməsini hansısa qurum müəyyənləşdirməlidir. Bizdə belə bir qurum yoxdur. Teleradio Şurası telekanalların kadr, proqram siyasətinə peşəkarlıq məsələsinə qarışmır. Dünyada vahid bir yol var. Kanalların sayı artır, hansı kanal daha keyfiyyətli verilişlər verirsə, bu kanallara baxırlar. Verilişlərin reytinqi çox olur, insanlar da həmin verilişlərdən zövq alırlar. Amma çox təəssüf ki, bizdə Azərbaycanda reklamı getməyən verilişlər bağlanmır. Eyni zamanda, maarifləndirici proqramlar qalır, şou proqramlara baxırlar. Bunlar faktdır.

- Radiolarda monitorinqlərə başlamısınız. Bildiyimizə görə, bu, yeni avadanlıqlarla aparılacaq və fərqli olacaq. Ümumiyyətlə, monitorinq hansı istiqamətdə aparılacaq? Deyirsiniz ki, peşəkarlıq baxımından heç bir müdaxilə edə bilmirsiniz. İnsanları isə radiolarda texniki qüsurları deyil, peşəkarlıq maraqlandırır. Sizin aparacağınız monitorinq ictimaiyyətə nə verəcək?

- Bizim "Teleradio haqqında" qanunumuz var. Qanunda kanallar və radiostansiyaların üzərinə tələblər qoyulur. Bilirsiniz ki, kanallarda və radiostansiyalarda musiqili proqramlarda problemlər yoxdur. Amma xəbərlərlə bağlı, birbaşa canlı interaktiv yayımlar olur, orada pozuntular daha çox olur. Qaydalar var ki, efirdə ədəbsiz ifadələr işlədilməməlidir. Bunlar olarsa, biz onlara reaksiya verəcəyik. Milli, dini ayrı-seçkilik olarsa, dövlətin ərazi bütövlüyünə çağırış olarsa, biz müdaxilə edə bilərik. Amma hansısa bir televiziya aparıcısı kimisə təhqir edirsə, bu, onların arasında olan mübahisədir və Milli Teleradio Şurası buna müdaxilə edə bilməz.

- Bəs, Milli Teleradio Şurasının bu yaxınlarda artırılan səlahiyyətləri nədən ibarətdir?

- Heç bir səlahiyyət artırılmayıb. Bizim "Teleradio Şurası haqqında" qanundakı dəyişikliklər daha çox texniki xarakter daşıyır. Yəni mövcud vəziyyətdə biz qarşılaşdığımız problemlərin həlli artıq qanunda əksini tapıb. Əvvəllər bunun həlli bizim üçün çətin idi. İndi bunları biz konkret olaraq açıq şəkildə göstərmişik. Məsələn, özəl yayımçı ilə əlaqədar orada bir məsələ var. Əgər kanallar satılırsa, təbii ki, onun sahibi öncədən gəlib bizə deməlidir ki, mən bu kanalı alıram. Biz də onun parametrlərinə baxıb, uyğun olub-olmamasını deyirik. Qanunda təsisçinin üzərinə bir sıra öhdəliklər qoyulur. Məsələn, təsisçi məhkum olmamalıdır. Cinayət işlərində əli olmamalıdır. Digər bir maddə isə peyk yayımı ilə bağlıdır. Bəzən olur ki, xarici televiziya kanalları qısa müddətə Azərbaycana öz avadanlıqları ilə gəlirlər. Buradan birbaşa canlı yayım aparmaq istəyirlər. Əvvəllər biz buna icazə vermirdik. Çünki hüququmuz yox idi. İndi bizə o hüquq verilib ki, mühüm ictimai-siyasi hadisələr zamanı, məsələn, futbol yarışları, idman turnirləri zamanı hansısa xarici kanal birbaşa canlı yayım apara bilər. Yəni burada bizim hansısa səlahiyyətlərimizin artmasından söhbət getmir.

- Bir qrup qadın millət vəkilləri telekanallarda milli-mənəvi dəyərlərin qorunub saxlanmaması ilə bağlı etirazlarını bildirdilər. Sizcə, onların etirazları hər hansı bir hüquqi əsasa dayanırmı və onlar hər hansı bir qərar qəbul edə bilərlərmi?

- Ümumiyyətlə, istənilən bir şəxsin, xüsusilə də, millət vəkillərinin efirdə keyfiyyətli verilişlərin olmasına çalışmaları və çağırışlarını mən müsbət qəbul edirəm. İctimai müzakirə olanda və insanlar özləri bu məsələyə qiymət verəndə onun təsiri də güclü olur. Amma hüquqi baxımdan onların MRTŞ-dən hansısa bir qərar və tədbir görməyi tələb etmələri düzgün deyil. Bunun üçün mənim səlahiyyətim olmalıdır. Əgər mənim televiziyanın proqram işinə qarışmağa ixtiyarım yoxdursa, mən necə ona təsir göstərə bilərəm?

- Bəs kim onlara təsir göstərə bilər?

- Azərbaycan Televiziyası və İctimai Televiziyaya hər hansı bir təsir göstərmək olar. Çünki orada dövlətin vəsaiti var. Orada tələblər güclü olmalıdır. Orada şou olmamalıdır. Amma özəl kanallarla bağlı məsələ bir az fərqlidir. Ona görə insanlara seçim hüququ verilməlidir. Ən yaxşılarına baxmağa imkan verməlidirlər. Əgər insanlar o verilişə baxmırsa, o proqramın reytinqi də, reklamı olmur. Bu isə həmin proqramın bağlanması deməkdir. Bütün dünyada da bu praktika mövcuddur.

- Bu həftə "Amerikanın səsi" radiostansiyası ilə bağlı MRTŞ-də müzakirələr aparılmalı idi...

- Belə bir görüşün olacağı barədə məndə məlumat yoxdur. Bununla bağlı lazımi sənədlər dövlət qurumlarına göndərilib. Təbii ki, dövlətlərarası zəruri qərarları onlar verməlidirlər. O zaman biz bu məsələyə baxa bilərik.

 

 

Üç nöqtə.- 2009.- 11aprel.- S. 8.