Bu gün deputatlarımız Türkiyəyə
yola düşəcəklər
AYNUR QULİYEVA: "ERMƏNİSTANIN
ÜZÜNƏ QAPI AÇILMAMALIDIR"
BU gün Azərbaycanın Milli Məclisinin xətti ilə 4 deputat Ankaraya yola düşəcək. Nümayəndə heyətinin tərkibində qadın millət vəkillərindən Lalə Abbasova, Qənirə Paşayeva, Gülər Əhmədova və Aynur Quliyeva təmsil olunurlar. Beş günlük səfər çərçivəsində millət vəkilləri Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Topdan və ölkə başçısı Abdullah Güllə görüşəcəklər. Azərbaycanlı deputatların həmçinin, Türkiyənin media mənsubları, müxalifət partiyalarının rəhbərləri Dövlət Bağçalı, Dəniz Baykalla da görüşləri nəzərədə tutulur.
Bu barədə "Üç nöqtə"yə açıqlama verən mllət vəkili Aynur Quliyeva səfərin Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Balın dəvəti ilə baş tutduğunu dedi. O, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı kifayət qədər sualların yarandığını önə çəkərək, məsələyə aydınlıq gətirmək üçün səfəri əhəmiyyətli saydı: "Keçirəcəyimiz görüşlərdə Türkiyə-Ermənistan münasibətləri ətrafında geniş müzakirələr aparıb həqiqətin nədən ibarət olduğunu aydınlaşdırmaq niyyətindəyik. Bilmək istəyirik ki, Türkiyə iqtidarının Azərbaycanla bağlı planları nədən ibarətdir və verdiyi açıqlamalar nə qədər səmimidir. Onlar doğrudanmı sərhədləri açmaqla heç bir səhvə yol verməyəcəklər? Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl demişkən, sərhədlər açılarsa, türk dünyasının qazancı nə olacaq? Türkiyənin Azərbaycana münasibəti nə dərəcədə dəyişib? Bu məsələdə doğrudanmı Türkiyəyə qarşı təzyiqlər var və o sərhədləri açmağa məcbur edilir? Biz bu suallara keçirdiyimiz görüşlərədə cavab tapmağa çalışacağıq".
- Aynur xanım, sizcə, deputatların Türkiyəyə səfəri sərhədlərin açılması müstəvisində cərəyan edən proseslərə dəyişiklik gətirə biləcəkmi?
- Düşünürəm ki, bunun çox ciddi təsiri olacaq. Ona görə ki, Türkiyə iqtidarı Azərbaycan tərəfindəki bu narahatlıqları görür və bu da onların atacaqları addımlara çox ciddi təsir göstərir. Konkret olaraq Azərbaycan Prezidentinin Forumda iştirakdan imtina etməsi, bəri başdan Türkiyə iqtidarının addımlarına öz təsirini göstərdi. Mən inanmıram ki, edilən narazılıqlar, sərt reaksiyalar təsirsiz qalsın. Düşünürəm ki, Türkiyənin sərhədləri açması təkcə Azərbaycanın deyil, Türkiyənin də milli maraqlarına xidmət etməyən bir addım olduğu üçün məsələ bir daha çözülməlidir. Amma şərtsiz, qarşı tərəfin güzəşti olmadan ermənilərin üzünə qapı açmaq türk dünyasına çox böyük xəyanətldir. Onsuz da çox ciddi problemlər yaşayan Ermənistanın üzünə qapıları açmaq olmaz.
- Sizcə, sərhədlərin açılması ilə bağlı ehtimallar reallığa yaxınlaşıbmı?
- Biz ABŞ prezidenti Barak Obamanın Türkiyədəki çıxışlarını və verdiyi mesajları eşitdik. Ola bilsin ki, ortada hansısa razılaşma var. Amma bu, Türkiyə və Azərbaycan cəmiyyətlərinin təpkisi, müqaviməti ilə qarşılaşdı. Türkiyə iqtidarı bu narazılığı görməzlikdən gələ bilməz.
- Türkiyə iqtidarı müxalifətin sərhədlərin açılması məsələsindən istifadə etdiyini deyir. Deputatların Türkiyəyə dəvət olunması Azərbaycan cəmiyyətinin yumşaldılmasına, yaxud Türkiyə iqtidarına qarşı yönələn təpkilərin artırılmasına yönələ bilərmi?
- Bu, qətiyyən belə deyil. Xatırlayırsınızsa, Türkyiə prezidenti Abdullah Gül futbol yarışını izləmək üçün İrəvanda oldu, sonra Ermənistan prezidenti Ankaraya dəvət aldı. Yəni, biz Türkiyə iqtidarının Ermənistanla nə dərəcədə isti münasibətlər qurmasının şahidi idik. Düzdür, bununla bağıl bir sıra arqumentlər irəli sürülür. Amma düşünürəm ki, bütün bu məsələlərin müzakirəsi zamanı türk dünyasının mövqeyindən bir addım da geri çəkilmək olmaz. Ermənistanın təkcə Azərbaycana deyil, eləcə də Türkiyənin özünə də ərazi iddiaları var. Onlar Ağrı dağını Ermənistanın simvolu sayırlar. Hətta, onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Bundan əlavə, onlar qondarma "erməni soyqırımı" məsələsini dünyada təbliğ etmək üçün çox işlər aparırlar. Bu yaxınlarda ABŞ-da, 42-ci ştat "erməni soyqırımı"nı tanıdı. Yəni, bu qədər problemli bir vəziyyətin ortada olduğu bir dönəmdə Ermənistanın üzünə qapı açılmamalıdır. Hətta bu addım atılsa belə, bu, Türkiyə üçün vəziyyəti heç də yaxşılığa doğru dəyişməyəcək.
O baxımdan
da Ərdoğanın
öz mövqeyindən
geri çəkilməsi
və müxalifəti
günahlandırması hər
iki dövlətin cəmiyyətlərində özünü
göstərən təpki
ilə əlaqədardır.
Digər tərəfdən,
Milliyyətçi Hərəkat
Partiyası iqtidara qarşı müxalifətdə
olan partiyadır. Bu günlərdə həmin partiyanın sədrinin məsələ
ilə bağlı kəskin çıxışlarını
izləmişik. Ona görə də hansısa könül almaqdan, yaxud iqtidara qarşı durmağa təsir göstərməkdən söhbət
gedə bilməz.
Tahirə QAFARLI
Üç nöqtə.- 2009.- 14 aprel.- S. 6.