Milli Məclisdə Türkiyə- Azərbaycan münasibətləri müzakirə olundu

 

OQTAY ƏSƏDOV: "ÖLKƏLƏRİMİZ ARASINDAKI ƏLAQƏLƏR HEÇ ZAMAN POZULMAYACAQ"

 

CƏMİL HƏSƏNLİ: "TORPAĞIMIZIN HƏR QARIŞINDA TÜRK ƏSGƏRİNİN QANI VAR"

 

 MİLLİ Məclisin dünən keçirilən iclası Türkiyə-Ermənistan münasibətlərinə həsr edildi. Cari məsələlər üçün ayrılan vaxtda çıxış edən deputatlar Türkiyə əleyhinə fikirlər səsləndirdilər. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, qardaş ölkənin Ermənistanla münasibətlərini dərinləşdirməsi ölkəmizdə ciddi narahatlığa səbəb olub: "Təəssüf ki, Türkiyə hakimiyyətinin son siyasəti "bir millət iki dövlət" prinsipinə yaddır. AKP iqtidarının Ermənistanla münasibətləri yaxınlaşdırması Türkiyənin daxilində də birmənalı qarşılanmır".

Deputat Gövhər Baxşəliyeva isə çıxışına Mustafa Kamal Atatürkün sözləri ilə başladı: "Böyük Atatatürk deyirdi ki, Azərbaycanın sevinci sevincmiz, kədəri kədərimizdir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Müstəqillik qazanandan sonra ilk olaraq bizi Türkiyə tanıyıb. Ona görə də mən inanmaq istəyirəm ki, Türkiyə Azərbaycanın milli maraqlarına zidd olan bu addımı atmayacaq. Əgər Türkiyə iqtidarı buna getsə, bilməlidir ki, xalqın qarşısında duruş gətirə bilməyəcək".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə Türkiyəni Azərbaycanın ən yaxın dostu kimi dəyərləndirərək bildirdi ki, bundan sonra da aparılacaq siyasət buna söykənməlidir: "AKP iqtidarının son siyasətinə cavab olaraq, bəyan etməliyik ki, Türkiyə ilə münasibətlərimizin daha da dərinləşməsi üçün əlimizdən gələni edəcəyik. Elə addımlar atmalyıq ki, Türkiyə ilə münasibətlərə xələl gəlməsin. AKP iqtidarının mövqeyi türk ictimaiyyətinin mövqeyi demək deyil".

Millət vəkilinin sözlərinə görə, yaranmış vəziyyətdən istifadə edən İranın "Səhər" telekanalı Türkiyəylə Azərbaycan arasında dərin ziddiyyətlərin yaranması barədə fikir formalaşdırmağa çalışır və rişxəndli verilişlər efirə verir: "Hesab edirəm ki, biz parlamentdə daha çox İran hakimiyyətini qınamalıyıq. İslam dinininin mənafeyini satan İran rəhbərliyi orada yaşayan on milyonlarla azərbaycanlının da hüququnu tapdalayır. İran Ermənistana münasibətdə hətta Rusiyanın atmadığı addımları atır. Mən də İranda yaşayan azərbaycanlı qardaşlarımıza müraciət edirəm ki, din qardaşlarının maraqlarına cavab verməyən hakimiyyətin görəvdən ayrılması üçün addımlar atsınlar".

Millət vəkillərinin çıxışlarına münasibətini açıqlayan spiker Oqtay Əsədov Azərbaycan və Türkiyə arasındakı münasibətlərin heç zaman pozulmayacağını dedi: "Parlamentlər də, iqtidarlar da gəldi-gedərdir, amma millətlər hər zaman var olacaq. Millət hər zaman bir olub və bundan sonra da bir olaraq qalacaq".

"Müsavat"çı deputat İkram İsrafil isə təmsil etdiyi partiyanın mövqeyini deputatların diqqətinə çatdırdı: "Türkiyənin Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla sərhədləri açmaq istəyi cəmiyyətimizdə üzüntüylə qarşılanıb. Sərhədlərin açılmasının həm Türkiyə, həm də Azərbaycanın maraqlarına zidd olduğunu deyən İ.İsrafil AKP-ni bu addımından çəkinməyə çağırdı. Həmçinin, Azərbaycan hökumətinin Türkiyə ilə münasibətlərimizə xələl gətirəcək addımlardan çəkinməyə çağıran müsavatçı deputat hər iki xalq arasında ziddiyyət yaratmaq istəyən qüvvələrin bunda maraqlı olduğunu söylədi.

YAP-çı deputat Mübariz Qurbanlı isə bildirdi ki, Türkiyə ilə Ermənistan arasında gedən danışıqlara Azərbaycanda həssaslıqla yanaşılması başadüşüləndir: "Çünki, Ermənistan təcavüzkar dövlətdir. Təcavüzkar ölkə ilə münasibətlər qurmaq BMT-nin sənədlərinə və dünya siyasətinə ziddir. Bu gün Türkiyə hakimiyyətinin Ermənistanla apardığı danışıqlar həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində mənfi qarşılanır. Türkiyədə hamı bilir ki, Ermənistan hansı niyyətin daşıyıcısçıdır. Ona görə də bizimlə bərabər qardaş ölkənin ictimaiyyəti öz hakimiyyətlərini bu siyasətdən çəkinməyə çağırmalıdırlar".

YAP-ın icra katibi Əli Əhmədov isə bildirdi ki, Azərbaycan cəmiyyəti son günlər ən həyacanlı günlərini yaşayır: "Təəssüflər olsun ki, arzulamadığımız məsələlər barəsində danışmağa məcbur olmuşuq. Bu gün Türkiyə ictimaiyyəti gözəl bilir ki, emənilərlə sərhədlərin açılması özlərinin də milli maraqlarına ziddir. Türkiyə rəhbərliyinin bəyanatlarına da inanmaq istəyirəm. Ümid edirəm ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayana qədər Türkiyə Ermənistanla münasibətlər qurmayacaq.

Millət vəkili Cəmil Həsənli isə həmkarları tərəfindənTürkiyə əleyhinə səslənən ittihamlara etirazını bildirdi: "Son günlər Azərbaycan mətbuatında dərc olunan yazılara baxdıqca təəssüf hissi keçirirəm. Ona görə təəssüflənirəm ki, tarixmizin çox yaxın zamanlarında baş vermiş və taleyimizlə bağlı məsələlərdə yanımızda və arxamızda olan bir dövlət və millət haqqında həqarətlərə yol verilir. Xüsüsi göstərişlə işləyən mətbuat orqanları bir şeyi unudurlar ki, üzərində oturduqları Bakı şəhərinin yadellilərdən azad olunmasında, torpağımızın hər qarışında türk əsgərinin qanı var. Niyə bu tarixi unutmağa başlamışıq? Hesab edirəm ki, Türkiyə əleyhinə başlanmış bu kampaniya Azərbaycan dövlətinin marağına uyğun deyil. Bu, süni kampaniyadır". Hakimiyyətdən Türkiyə əleyhinə aparılan kampaniyanı dayandırmağı tələb edən millət vəkili Türkiyə rəsmilərinin sərhədlərin açılmayacağı barədə bəyanatlarını xatırlatdı: "Baş nazir, prezident deyir ki, sərhədlər açılmayacaq, biz deyirik ki, açılacaq. Az qalırıq, Türkiyə hökumətini mənzil istismar idarələrinə döndərək. Gündə bir arayış alası deyilik ki?".

Cəmil Həsənli bildirdi ki, Azərbaycanın probleminin həllini sərhədlərin açılması məsələsi ilə bağlamaq düzgün deyil: "Xalqla açıq danışmaq lazımdır. Demək lazımdır ki, münaqişənin həlli ilə bağlı göstərilən səylər bəhrə verməyib".

Millət vəkilin çıxışına münasibət bildirən spiker onu subyektiv fikirlər səsləndirməkdə qınadı: "Heç bir göstəriş olmayıb. Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətində olan narahatçılıqlar ifadə olunur. Buna başqa don geyindirmək lazım deyil. Mən burada qanı tökülən türk əsgərinin qarşısında baş əyirəm".

Deputat Zahid Oruc da Cəmil Həsənlinin dediklərinə qarşı çıxaraq, bildirdi ki, müzakirələri siyasi sifariş kimi dəyərləndirmək düzgün deyil: "Əgər biz Türkiyənin son siyasətinə göz yumsaydıq, o zaman radikal müxalifət tərəfindən hədəfə alınardıq". Millət vəkili daha sonra İranın Azərbaycan -Türkiyə münasibətlərinin pisləşməsi üçün apardığı siyasəti tənqid etdi.

BAXC sədri Qüdrət Həsənquliyev də çıxışını Cəmil Həsənliyə cavab üzərində qurdu. Onun sözlərinə görə, Türkiyə iqtidarının milli maraqlarımıza zidd siyasəti tənqid olunmalıdır.

Müzakirələrdən sonra gündəlikdəki məsələlərə toxunuldu. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, Avropa ölkələrinin əksəriyyətində parlamentlərin daimi komissiyaları komitə adlandırılır. Bu baxımdan Azərbaycanın da bu praktikadan istifadə etməsi normaldır. Bununla yanaşı, Milli Məclisin komissiyaları anlayışı da Konstitusiyada saxlanılır. Belə ki, Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları, eləcə də bu və ya digər məsələnin araşdırılması üçün yaradılan tərkibi, vəzifələri, səlahiyyətləri və fəaliyyət müddəti parlament tərəfindən müəyyənləşdirilən müvəqqəti komissiyalar da olacaq. Müzakirəyə çıxarılan qanun layihəsində isə ölkənin qanunvericilik toplusunda "daimi", "komissiya" sözləri "komitə" sözü ilə əvəz olunması təklif olunur. Ümumilikdə 9 qanunda və qanunla təsdiq olunmuş 9 əsasnamədə bununla bağlı dəyişiklik nəzərdə tutulur. Millət vəkilləri geniş müzakirələr açmadan qanun layihəsini qəbul etdilər. Bundan sonra Milli Məclisin komitələrinin təşkil edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Bu barədə məlumat verən Ə.Hüseynov bildirdi ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri fəaliyyət göstərəcək. Yəni parlamentin daimi komissiyalarının adlarındakı "məsələləri" sözü komitələrə şamil edilməyəcək. "Məsələləri" sözü yalnız Regional məsələlər komitəsinə şamil ediləcək.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov Milli Məclisin daimi komissiyalarının komitə adlandırılmasının təqdirəlayiq olduğunu bildirdi. Onun sözlərinə görə, gələcəkdə bəzi komitələrin birləşdirilməsi və yeni komitələrin yaradılması məsələsinə də baxılmalıdır.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd etdi ki, hazırda Azərbaycan parlamenti Avropa İttifaqının xüsusi proqramında iştirak edir. Bu proqramın icrası ilə bağlı Azərbaycan və Litva arasında razılaşma imzalanıb. Bu proqramın icrası çərçivəsində parlamentin yeni komitələri də yaradılacaq. Müzakirələrdən sonra millət vəkilləri komitələri və onların tərkiblərini də təsdiq etdilər.

  

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2009.- 15 aprel.- S. 3.