Azərbaycan "İntersputnik" əməkdaşlıq edəcək

 

ƏLİ ABBASOV: "SÜNİ PEYKİN ÜZƏ ÇIXARILMASI ÜÇÜN TƏŞKİLATIN TƏCRÜBƏSİNDƏN YARARLANACAĞIQ"

 

 ÖTƏN gün Bakıda "İntersputnik" beynəlxalq kosmik rabitə təşkilatının 37-ci istismar komitəsinin 9-cu iclası öz işinə başladı. İclası giriş sözü ilə açan rabitə informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, Azərbaycan gələn ilin aprelinədək bu təşkilata sədrlik edəcək:

"Biz bu təşkilatın illik hesabatını dinlədik. Gələcək planlar müzakirə edildi. Təşkilata 27 ölkə üzvdür. O cümlədən Azərbaycan həm üzv, həm təsisçilərindən biridir. Təşkilatla Azərbaycan çox sıx əməkdaşlıq edir. Çünki bu, Azərbaycanda kosmik sənayenin kosmik rabitənin qurulması üzrə dövlət proqramına uyğundur. Beynəlxalq "İntersputnik" təşkilatı əsasən orbital resurslara nəzarət edir, həmçinin bazarda xüsusi rolu var. Bu təşkilat keçmiş SSRİ-nin əsas kosmik resurslarının bu gün bazara çıxarılmasında çox aktiv görür. Bu təşkilatla sıx əlaqə Azərbaycanın gələcək kosmik inkişafına xidmət edir".

Ötən il bu təşkilata Ukraynanın sədrlik etdiyini deyən nazir "İntersputnik" təşkilatının böyük nailiyyətlər əldə etdiyini vurğuladı: "Bu nailiyyətlər təşkilatın həm sahə xidmətlərində, həm ümumi gəlirlərində müşahidə edilir. Baxmayaraq ki, orada müəyyən texniki problemlər yaşandı, eləcə dünyada baş verən maliyyə böhranı oldu. Hazırda Azərbaycan "İntersputnik" təşkilatı ilə sıx əlaqədədir. Ölkəmizin kosmik proqramı var. Bu proqrama görə, Azərbaycan yaxın 2-3 ildə süni peykin üzə çıxarılmasını planlaşdırır. Burada "İntersputnik"in çox böyük təcrübəsi var. Hesab edirik ki, bizim resurslarımızın beynəlxalq kosmik bazarda satılmasında "İntersputnik" çox sıx əməkdaşlıq edəcək. Azərbaycan əsas istehsalçı şirkətlərlə böyük müqavilələr imzaladıqdan sonra marketinq məsələləri üzrə bu təşkilatla müqavilə imzalayacağıq". İclasda illik hesabat 2008-2009-cu il üçün nəzərdə tutulan maliyyə məsələləri müzakirə edildi.

Qeyd edək ki, "İntersputnik" beynəlxalq kosmik rabitə təşkilatının iclası 4 ildən bir hər ölkədə bir dəfə keçirilir. Təşkilat orbitdə olan sputnikə nəzarət edir.

 

   

Afaq

 

Üç nöqtə.- 2009.- 15 aprel.- S. 11.