"Aprelin 13-dək doğulan uşaqlar da siyahıya alınmalıdır"

 

ZİYAD ABBASƏLİYEV: "BAKI VƏ SUMQAYITDA BƏZİ VƏTƏNDAŞLAR QAPILARINI SAYICILARA AÇMAQ İSTƏMİRLƏR"

 

ƏHALİNİN 19,8 FAİZİ SİYAHIYA ALINIB

 

ARTIQ dörd gündür Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılıb. Siyahıyaalma ilə bağlı müəyyən problemlərin yaşandığı bildirilir. Bəzi vətəndaşlar sayıcılara qapıları açmaq istəmirlər. Bəzən isə sayıcılar sorğu vərəqələrindəki sualların hamısını əhalidən soruşmur. Xüsusilə, məktəb yaşı çatmayan uşaqların adlarının poliknikalardan götürüləcəyini bildirirlər.

Əhalinin siyahıya alınmasının gedişi ilə bağlı "Üç nöqtə"yə məlumat verən Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Ziyad Abbasəliyev hələlik ciddi problemlə üzləşmədiklərini bildirdi: "İndiyədək əhalinin 19,8 faizi siyahıya alınıb. Dövlət Statistika Komitəsi siyahıyaalma ilə bağlı kifayət qədər maarifləndirmə tədbirləri aparıb. Buna görə əhalinin böyük bir hissəsi siyahıyaalmada fəal iştirak edir. Lakin Bakı Sumqayıtda bəzi vətəndaşlar qapılarını sayıcılara açmaq istəmirlər. Amma regionlarda hələlik belə problemlə qarşılaşmırıq".

Ziyad Abbasəliyev xarici ölkələrdə yaşayan soydaşlarımızın siyahıya alınmasında problem olmadığını bildirdi: "Bu Xarici İşlər Nazirliyi tərəfindən aparılır. Xaricdə yaşayan Azərbaycan vətəndaşları səfirliklər vasitəsilə siyahıya alınır".

Bəzi sayıcılar tərəfindən məktəb yaşı çatmayan uşaqların adlarının siyahıya daxil edilməməsi məsələsinə münasibət bildirən Z.Abbasəliyev bunu sayıcıların nöqsanı hesab edir: "Sorğu vərəqələrini necə doldurmaq barədə bütün sayıcılar təlimatlandırılıb. Onlar tərəfindən Azərbaycanda yaşayan bütün vətəndaşlar hətta aprelin 13-dək dünyaya gələn bütün uşaqlar da siyahıya alınmalıdır. Həmin sorğu vərəqələri ancaq əhalinin cavabları əsasında doldurulmalıdır. Əlavə hansısa qurumlardan məlumat alınması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Demək, belə hallara yol verən sayıcılar qaydalara düzgün əməl etməyib. Belə hallar aşkarlansa, sayıcılar yenidən həmin ünvana göndəriləcək. Əhalidən xahiş olunur ki, belə hallar olarsa, bizə məlumat versin".

Qeyd edək ki, əhalinin siyahıya alınmasını həyata keçirmək üçün 8 milyon manat vəsait ayrılıb. Bütün şəhər, qəsəbə 500 nəfərdən çox əhalisi olan kəndlərin statistik xəritəsi hazırlanıb 19 min sayıcı məntəqə qurulub. Ölkə əhalisinin siyahıya alınmasını həyata keçirmək üçün 24 min nəfər cəlb olunub. Əhaliyə 35 sual ünvanlanır ki, onlardan da 29-u vətəndaşın özü, 6- isə onun mənzil şəraiti ilə bağlıdır.

  

 

Xalid

 

Üç nöqtə.- 2009.- 16 aprel.- S. 6.