Milli Məclisin sədri türkiyəli deputatları qəbul edib

 

OQTAY ƏSƏDOV: "İNANIRAM Kİ, TÜRKİYƏ HEÇ VAXT AZƏRBAYCANI ÜZƏCƏK ADDIM ATMAZ"

 

AZƏRBAYCAN Türkiyə parlamentariləri xarici siyasətlə bağlı dörd məsələdə vahid mövqedən çıxış edəcəklər. Bu barədə dünən Bakıda Türkiyə Böyük Millət Məclisinin deputatlarının keçirdiyi mətbuat konfransında Cümhuriyyət Xalq Partiyasından olan deputat Şükrü Elekdağ bildirib. Onun sözlərinə görə, iki ölkənin parlament nümayəndələri razılığa gəliblər ki, xarici siyasətdə olan prioritet məsələlərdə vahid mövqedən çıxış etsinlər.

Ş.Elekdağın sözlərinə görə, deputatlar Azərbaycan-Türkiyə strateji münasibətlərinin daha da gücləndirilməsi istiqamətində vahid mövqedən çıxış edəcəklər. Razılaşdırılmış digər üç məsələ qeyd olunub: "Türkiyə bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcək. Türkiyə parlamenti Ermənistandan beynəlxalq hüquq normalarını riayət etməyi Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasını tələb edəcək. Türkiyə parlamenti Azərbaycan cəmiyyətinin Ermənistanla sərhədlərin açılması ehtimalı ilə bağlı narahatlığını bölüşür işğalçılıq siyasətindən əl çəkməyincə, sərhədlərin açılmasına qarşı çıxacaq. Hər iki parlament bu cür müzakirələrin davamlı olmasına qərar veriblər". Qeyd edek ki dünən Milli Məclisin sədri Oqtay Əsədov da Türkiyə BMM-nin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkillərini qəbul edib. Sədr Azərbaycanın həmişə Türkiyəyə qardaş dost dövlət kimi baxdığını vurğulayaraq, ölkəmizin Türkiyənin uğurlarına həmişə sevindiyini diqqətə çatdırıb. Oqtay Əsədov Azərbaycanın həmişə Türkiyə ilə birgə olduğunu diqqətə çatdıraraq, heç bir qüvvənin, heç bir siyasi təsirin iki qardaş xalq arasında tarixən mövcud olan dostluq strateji müttəfiqlik əlaqələrinə kölgə salmaq iqtidarında olmadığını önə çəkib. Spiker deyib ki, Türkiyə heç vaxt Azərbaycanı üzəcək addım atmaz: "Bizim üçün həssas olan bu məsələdə inanırıq ki, türkiyəli qardaşlarımız Azərbaycanın mövqeyini nəzərə alacaqlar".

   

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2009.- 17 aprel.- S.3.