"Neçə illərdir kirayədə
yaşayıram"
NURİYYƏ ƏHMƏDOVA: "O VAXT POLAD
BÜLBÜLOĞLU İMKAN VERMƏDİ Kİ, EV ALIM"
"SƏNƏTƏ GƏLDİYİMƏ GÖRƏ
MÜƏLLİMLƏRİMDƏN XEYİR-DUA ALDIM, AMMA
ANAMDAN YOX"
"BACI, bu siqaret sinəmə
düşmür e...". Bu cümlə məşhur "Bəxt
üzüyü" filmindən hər birimizə
tanışdır. Obrazın ifaçısı haqqında
çox danışmağa, onu tərifləməyə məncə
ehtiyac yoxdur. Çünki o, bizə daha çox epizodik
rollardan
- Nuriyyə xanım, siz
kinoaktrisa kimi bir çox filmlərdə çəkilmisiniz.
Amma bilirik ki, teatrda oynamısınız. Bəs teatrdan niyə
ayrıldınız?
- İlk dəfə Musiqili
Komediya Teatrında çalışmışam və teatrdan
da çoxdan ayrılmışam. Demək olar ki, cəmi 20 il
teatrda işləmişəm. Ailə həyatı qurdum,
övladlarım dünyaya gəldi, sonra da həyat
yoldaşım əməliyyat keçirdi. Beləliklə,
teatrdan birdəfəlik uzaqlaşdım. Ədil İsgəndərov
teatrdan çıxmağımı qəbul etmədi. Deyirdi
ki, bu nədir, qızlar ailə quran kimi sənəti atır,
bəs bizim sənətimizi kim davam etdirəcək?
Sözün doğrusu, mən də qeyd etdiyim kimi məcbur
idim. Çünki teatrın işi çətindir. Ailə vəziyyətimlə
əlaqədar olaraq işləri çatdıra bilmirdim. Mədəniyyət
və İncəsənət Universitetinin kinoaktyorluq fakültəsini
bitirdiyim üçün kino sahəsinə getməyi qərar
verdim, beləliklə fəaliyyətimi kinoda davam etdirdim.
- Kino sizin üçün nədir?
- Teatrla müqayisədə
kino reallığı xoşlayır. Kino mənim
üçün canlı həyatdır. Bu sahəyə məni
Ədil İsgərdərov seçdi. O, gəncləri kinoya
seçərkən öncə gözlərə, sonra da
boy-buxuna baxırdı. Ümumiyyətlə, onun seçimi
çox uğurlu alındı, çünki o, dövrdə Ədil
müəllimin seçdiyi aktyorlar indi üzdə olan
aktyorlardır. Bu gün isə, kinoya-teatra axın çoxdur,
yığıb-yığışdırmaq olmur. Kim hansı
sahəyə istəyir, gedir, heç nəyə baxmırlar.
- Nuriyyə xanım, siz
kinoda bir çox obrazlar yaratmısınız. Bəs siz necə
düşünürsünüz, daha çox yaddaşlarda
hansı rolunuza görə qalmısınız?
- Məncə, "Sahilsiz
gecə" ilə. O, tez-tez nümayiş olunmasa da, film
uğurlu alındı. Çünki yanımda böyuk sənətkarlar
olub, onlardan öyrənirdim. Sənət yolunu özüm təkbaşına
gəlmişəm, arxamda ancaq böyük sənətkarlar
dayanıb. Həmin sənətkarları isə artıq
itirmişəm. Məsələn, Nəsibə Zeynalova ilə
Leyla Bədirbəylinin mənim həyatımda böyük
rolu var. Nəsibə xanım isə, xarakerik qadındır. Mən
onlardan çox şey öyrənmişəm, hətta teatrda
çalışan vaxtlar Leyla Bədirbəyli ilə eyni
tamaşada oynadıq. O, xanım rolunu, mən isə qulluqcu Sənəm
obrazını oynadım. Düzdür, xeyli filmlərə də
çəkilmişəm. Sonunçu film bu gün də
tez-tez ekranlarda gördüyünüz "Yuxu"dur. Bu film ən
pis vaxtda, böhran vəziyyətində çəkilib. Film
dövlət xətti ilə yox, sponsorun köməyi ilə
ekranlaşdı. Filmdən mən indiki pulla 20 manat pul
aldım.
- Sizə elə gəlir ki,
daha çox "Sahilsiz gecə" filmi ilə yaddaşlara həkk
olunmusunuz. Amma mən elə bildim ki, "Həm ziyarət, həm
ticarət"i qeyd edəcəksiniz.
- "Həm ziyarət, həm
ticarət"i özümün xarakterik filmim hesab edirəm.
Çünki filmin ssenarisi məhz mənim üçün
yazılıb. "Sahilsiz gecə"ni isə
özümün vizit kartım hesab edirəm. Bu filmlə mən
öz sözümü dedim. Filmin rejissoru Şahmar Ələkbərov
məni bu filmə erməni qadın obrazına çəkdi.
Burada Roza obrazını yaratdım. Rolu elə canlı təqdim
etmişdim ki, elə bilirdilər ki, doğrudan da erməniyəm,
camaatın əlindən küçəyə çıxa
bilmirdim, hamı üstümə hücum edirdi. Bu, 1989-cu illərə
təsadüf edir. Hansı ki, ara qarışan vaxtlar idi.
Yazıq Şahmar xəstə canı ilə filmə ictimai
baxış keçirdi ki, camaat bilsin ki, sən doğrudan da
azərbaycanlı aktrisasan. Amma filmin sserani müəllifi
Elçin Əfəndiyev qorxdu və filmdən imtina etdi ki, mən
belə bir ssenarini yazmamışam. Şahmar Ələkbərov
da ona dedi ki, ssenaridən niyə inkar edirsən, biz Nuriyyənin
başına fırlanmalıyıq ki, o, rolu o cür
oynayıb.
- Deməli, filmə görə
başınız bəla çəkib.
- Hə. Bizim Azərbaycan
aktyorları hər şeyə qadirdir. "Milli bomba"
filminin rejissoru Vaqif Mustafayev hər yerdə deyirdi ki, bu filmdə
Nuriyyə rolun öhdəsindən elə gəlib ki, beynəlxalq
arenaya çıxsa "Oskar" alardı. Bəs, niyə
almıram? Sən rejissorsan, düş qabağa danış.
Amma o filmdən sonra əməkdar artist adını aldım.
Çoxları təəssüf elədi ki, siz niyə bu fəxri
adı indi alırsınız? Dedim yoxdur arxamda dayanan, ona
görə gec aldım. Mən nə etdimsə, öz
gücümlə etdim. Heç kimin evini yıxmamışam,
badalaq vurmamışam, nə də bəziləri kimi arxamda
kimsə olmayıb, hər şeyi öz gücümə eləmişəm.
Mən təmiz qadınam. Vaxtında çoxları mənə
deyib ki, aktrisalıq sənlik deyil, sən əsl ev xanımısan.
Amma mən mübarizə apardım və çoxlarına
sübut etdim ki, sənətdə olan azərbaycanlı
qadınının gözəl sənəti də var, ailəsi
də. Ailəmə, uşaqlarıma sadiq, saf qadın
olmuşam.
- "Həm ziyarət, həm
ticarət" filmində yaratdığınız xarakterlə
Nuriyyə Əhmədovanın xarakteri arasında əsasən
nə kimi fərq var?
- Filmdə tam olaraq
özüməm. Film mənim üçün
yazıldığına görə orada həyatdakı
xarakterimi oynamışam. Bilirsiniz ki, həmin filmdə tərəf-müqabilim
Hacı İsmayılovdur. Orada o, Mustafa rolunu oynayırdı. İnanın
ki, Mustafaya baxanda öz həyat yoldaşım Xanları
görürdüm. Çünki filmdə həyat
yoldaşımın xarakteri həyatdakı həyat
yoldaşımın xarakterinə çox oxşayırdı.
- Eşitdiyimizə görə,
sizin gözəl səsiniz də olub.
- Bəli. Mən ansambllarda
çalışırdım, sənətə müğənni
kimi gəlmək istəyirdim. Amma İncəsənət
Universitetinin kinoaktyorluq fakültəsinə qəbul olundum,
beləliklə yolum ayrıldı. Universitetdə bizə dərs
deyən Rahim müəllim mənə dedi ki, qızım,
oxuyanlar çox olacaq, sən get aktrirsalığını elə.
Çünki sən yaxşı aktrisa olacaqsan və bu sahədə
udacaqsan. Görünür, o zamanlar çox uzaqgörən
insanlar vardı, onlar aktrisa olmağı məsləhət
gördülər, mən də bu sahəni seçdim və
uğur qazandım. Bir şeyə təəssüf edirəm
ki, sənətə gəldiyimə görə müəllimlərimdən
xeyir-dua aldım, amma anam mənə xeyir-dua vermədi. Bəlkə
o vaxt atam olsaydı, o verərdi, çünki sənətə
qiymət verən adam idi.
- İndi müğənnilərin
maddi vəziyyəti aktrisalardan qat-qat yüksəkdir. Buna
görə peşmançılıq hissi keçirirsiniz ki,
kaş müğənni olaydım?
- O vaxt dolanışıq,
gün-güzəranı nəzərə alıb, sənətə
gəlmirdilər. Sənətimi indi də sevirəm və
buna görə peşman deyiləm, amma, dolanmaq da vacibdir. Siz
inanırsınız ki, mən hələ də kirayələrdə
yaşayıram? Sənətə gələndən iki dəfə
ev növbəsinə dayanmışam. Amma verilməyib.
İndi o müğənnilərin dayağı var, hansı
ki, onlara villa alırlar, bahalı maşınlar alırlar. Amma
mənim kimim var, mən nə edə bilərəm? Ötən
gün verilişlərin biri məni çəkməyə gəlmişdi.
Öz kirayə qaldığım yerdə çəkiliş
etməkdən xəcalət çəkdim. Axırda
verilişi rəfiqəmin evində çəkdik. Düzünü
dedim ki, evim yoxdur. Bacımın qızları dedilər ki,
nahaq dedin, camaatdan ayıbdır. Dedim bəs neyləyim?
Artıq hər şeyi olduğu kimi deyəcəm, kimdən
qorxmalıyam ki, vətənim əldən gedib, iki balam gedib. Bundan
sonra nə itirəsiyəm? O vaxt Polad Bülbüloğlu mədəniyyət
naziri idi, imkan vermədi ki, ev alım. Prezident
Administrasiyasına yazdım ki, mənim evim yoxdur. Onlar da Mədəniyyət
Nazirliyinə göstəriş verdilər ki, bu məsələyə
baxın. Polad Bülbüloğlu da yazdı ki, mən belə
bir aktrisa tanımıram. Yalanın dərəcəsinə
baxın. Guya o məni tanımırdı, yaxşı
tanıyırdı, sadəcə başından elədi. 40
ildir gözləyirəm ki, ev alacam, hələ səs-səmir
çıxmır. Müğənnilər efirdə hansı
paltarı necə geyinirlərsə, hamısını
danışırlar. Millət də əsəbiləşə-əsəbiləşə
onlara baxır. Amma mən evimin olmadığını etiraf
edəndə, qəbul etməyəcəklər? Mənimki ev
sarıdan heç gətirməyib. Qayınanam da oğlu
qala-qala vəsiyyətlə evini qız nəvəsinə
verdi.
- Bəs indi harasa müraciət
etmirsiniz?
- İndi yox, Prezidenti də,
Mehriban xanımı da tədbirlərdə görürəm.
Gedim necə deyim ki, mənə ev verin? Amma doğrudan da evə
ehtiyacım var. Başıma gələn ailə faciələri
bir tərəfdən, ev problemi də digər tərəfdən
məni narahat edir. Uşaqlarımı itirəndən sonra, o
boyda faciəni yaşadıqdan sonra dəli ola bilərdim, amma
başımı sənətimlə qatdım. Filmlərlə
dərdimi yüngülləşdirdim. Yoldaşım indi-indi
özünə gəlir. Dərd əlindən uzun müddət
xəstə düşdü, nəticədə də sənətindən
ayrıldı. Bilirsiniz ki, o da sənət adamıdır. Səhhəti
imkan vermir ki, sənətini davam etdirsin, artıq pianinonu toz
basıb.
- Nuriyyə xanım, Prezident
təqaüdü alırsınız, heç olmasa
dolanışığınıza yetir?
- İnanın ki, ancaq yetir.
Oğlumun ailəsi də kirayədə qalır, görün
mən neçə nəfərə baxıram.
Simnarə HƏMİDQIZI
Üç nöqtə.- 2009.- 25 aprel.- S. 15.