Azərbaycan mədəniyyəti Danimarkada təqdim olundu

 

DANİMARKANIN Fredensborq bələdiyyəsinin Nivo şəhərində BMT-nin "Dünya Mədəniyyətləri Dialoqu" layihəsi çərçivəsində "Fergli ve Birge" adlı kütləvi tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin təşkilində Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti fəal iştirak edib. Danimarkada fəaliyyət göstərən ictimai, mədəni milli icmaların iştirakı ilə təqdim olunan müxtəlif xalqların milli yeməklərinin, əl işlərinin, rəsm əsərlərinin sərgisinin nümayiş etdirildiyi tədbirdə Fredensborq burqomisteri Olav Aaen çıxış edərək Danimarka hökumətinin bu layihəni reallaşdırmasının məqsədi gələcəkdə həyata keçiriləcək planlardan danışıb. Tədbirdə Azərbaycan musiqisi Kəmalə Maisqızının ifasında tamaşaçılara təqdim olunub. Bununla yanaşı Azərbaycan Respublikasını təbliğ edən stend sərgilənib. Stenddəki Azərbaycan Respublikasının dövlət rəmzləri, dövlət başçısı haqqında məlumat, Ermənistan hərbi birləşmələrinin işğal etdiyi ərazilərimizin xəritəsi bununla bağlı ətraflı izahat, eləcə ölkəmiz haqqında digər bilgilər tədbirə qatılanların marağına səbəb olub.

 

 

Üç nöqtə.- 2009.- 29 aprel.- S. 13.