Qarabağda referendum təhlükəsi
QABİL HÜSEYNLİ: "AZƏRBAYCANA QEYRİ-MƏQBUL
SÜLH VARİANTINI QƏBUL ETDİRMƏK İSTƏYİRLƏR"
CÜMŞÜD NURİYEV: "HƏMSƏDRLƏRİN
FƏALLIĞININ ARXASINDA MARAQLAR GİZLƏNİR"
SON vaxtlar Qarabağ münaqişənin həlli ilə bağlı nikbin çıxışlar edən qurumların guya bölgədə sülhün bərpası naminə önə çəkdikləri variantlar birmənalı qarşılanmır. ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlərin önə çəkdiyi "referendum" bu mənada mübahisə doğurur. Ekspertlərə görə, beynəlxalq qurumların referendum ideyası daha çox müsəlman ölklərinə şamil edilir ki, bu da təzyiq vasitəsidir. Hazırda xalqların öz müqəddəratını təyinetmə prinsipini özündə ehtiva edən referendum variantının Azərbaycanda həyata keçirilməsi təhlükəsi var. Ona görə də, AŞPA-da Qarabağla bağlı məsələlərdə hansısa dəyişikliyin olacağına ümid etmək absurd görünür.
Politoloq Qabil Hüseynli AŞPA-da aparılan müzakirələrin formal xarakter daşıdığını qeyd edərək, hər hansı dəyişikliyin baş verəcəyinə ümid etmədi: "Bu gün problemin həllinə daha fəal güclər müdaxilə etməyə başlayıb. Başqa qurumların prosesə müdaxiləsi danışıqlar prosesinə intensivlik və konstruktivlik verə bilər. Çünki AŞPA prinsipial məsələnin müzakirəsində hər hansı səlahiyyətə malik deyil. Hazırda ictimai rəy, xüsusən Azərbaycanda təklif edilən sülh variantını qəbul etmək niyyətində deyil. Qurum problemlə bağlı ictimai rəyin hazırlanması işinə xidmət edən bir orqan kimi öz funksiyasını yerinə yetirmək istəyir". Q.Hüseynli münaqişə ətrafında gedən müzakirlərdə referendumla bağlı ciddi fikir ayrılığının olduğunu qeyd etdi. O, bildirdi ki, ATƏT-in təklif etdiyi variantda referendumun yalnız Qarabağ sərhədləri çərçivəsində keçirilməsi nəzərdə tutulur. Azərbaycan qanununa görə, referendumun bütün ölkə miqyasında keçirlməsinin tələb edildiyini deyən politoloq, ATƏT-in mövqeyini hörmətsiz yanaşma kimi qeyd etdi. Onun fikrincə, beynəlxalq qurumun məsələyə bu cür yanaşması ciddi neqativ nəticələr doğura bilər: "Referendum faktiki olaraq ermənilərin xeyrinə işləyən bir məsələdir. Bu, Dağlıq Qarabağın guya qanuni yolla statusunun müəyyənləşdirilməsi vasitəsidir. Referendumun ortaya atılması Azərbaycan Konstitusiyasına ziddir. Ona görə də Azərbaycan belə bir referendumun keçirilməsini istəmir. Dünyaya hökmranlıq edən güclər var. Həmin güclər də bəlli bir siyasi ştampları ayrı-ayrı ölkələrə zorla qəbul etdirirlər. Azərbaycan da təzyiqə məruz qalan həmin ölkələrdəndir və ona zorla qeyri-məqbul sülh variantını qəbul etdirmək istəyirlər".
Politoloq Cümşüd Nuriyev Avropa Şurasının Qarabağ məsələsində hər hansı ümidverici addım atacağını gözləmir. Onun fikrincə, Dağlıq Qarabağda referendum keçirilməsi ətraf rayonların azad edilməsindən sonra gündəmə gətirilə bilər: "Qarabağda referendumun keçirilməsi təhlükəsi yarana bilər. Məni qorxudan odur ki, birinci mərhələdə əhali məskunlaşdırılana qədər referendumu gündəmə gətirsinlər. İkinci mərhələdə isə millətlərin öz hüququnu təyinetmə prinsipini önə çəkə bilər. İndiki vəziyyət bizə xoş olmasa da de-yure ərazi bütövlyümüz var. Amma referendum məsələsi gündəmə gələndən sonra ərazi bütövlüyümüz tamamilə pozulur. Bununla Amerika, Fransa, Rusiya Azərbaycanın ərazi bütövlüyünü gündəmə gətirsə də, xalqla iqtidar arasında bir uçurum yaratmaq istəyir".
C.Nuriyev islam dünyasına qarşı həmişə
belə haqsızlıqların
olduğunu önə
çəkdi. O, bir
neçə müsəlman
ölkəsinin belə
məkrli siyasətin qurbanına çevrildiyini
dedi: "Kiprin müsəlman hissəsi referendum keçirib, birləşmək məsələsini
gündəmə gətirsə
də, xiristian hissəsi bunu qəbul etmədi. BMT-nin oradakı "yol xəritəsi" də alınmadı. Fələstinlə bağlı
keçirilən referenduma
görə, İsrail
həmin ərazinin
1/3-də yerləşdirilsə
də, sonradan torpaqları almaqla Fələstini bir anklava çevirdilər. Bu problem, Sudan
və İndoneziyada da yaşanır. Eyni problemi Azərbaycanın
da başına gətirmək istəyirlər".
C.Nuriyev son vaxtlar regiona səfər edən həmsədrlərin münaqişənin həlli ilə bağlı ümuidverici notlarla çıxış etmələrini də əhəmiyyətsiz saydı. Onun fikrincə, bu cür çıxışların davamlılığı həmsədrlərin Azərbaycanı öz yalanlarına inandıra bilməmələri ilə bağlıdır. Politoloqa görə, beynəlxalq qurumların bu istiqamətlərdəki gedişləri Azərbaycanı arxayın salmaq üçündür. Artıq Metyu Brayzanın "sıçrayışlı" siyasəti, Fasyenin gülə-gülə Dağlıq Qarabağ probleminin həll olunacağını deməsi, Merzlyakovun "tezliklə bu məsələlər öz axarını tapacaq" söyləməsinin arxasında Azərbaycanın xeyrinə olmayan maraqlar gizlənir.
Tahirə Qafarlı
Üç nöqtə.- 2009.- 29 aprel.- S. 6.