Zərifə Əliyevanın
ildönümü qeyd
edildi
AKADEMİKİN ADINI DAŞIYAN MƏKTƏBDƏ "ZƏRİFƏ
ƏLİYEVA - ANA, QADIN VƏ ALİM" MÖVZUSUNDA TƏQDİMAT
OLUB
ÖTƏN gün akademik Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə bağlı onun adını daşıyan məktəbdə təntənəli mərasim keçirilib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov bu məktəbin ötən il bu vaxtlar fəaliyyətə başladığını xatırlatdı: "Məktəbin bir illik fəaliyyəti tamam olur. Bu, Təhsil Nazirliyinin baza məktəbidir və nümunəvi məktəb olacaq. Məktəb müasir avadanlıqlarla təmin edilib. Məktəbin müəllimləri respublikanın ən yaxşı müəllimləri sırasından seçilib. Biz yeni təlim texnologiyalarının tətbiqini bu məktəbdə həyata keçirməyə çalışırıq. İnteraktiv təlimlər də internet vasitəsilə bu gün yayımlanacaq. Məktəbdə qurulmuş internet şəbəkəsi vasitəsilə digər Bakı məktəblərinin də yeni texnologiyaları izləməsi mümkün olacaq". Mərasimdə çıxış edən məktəbin direktoru Məhəbbət Vəliyeva məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə tikildiyini bildirib. 320 şagirdin təhsil aldığı məktəbdə 3 təmayül var; riyaziyyat-informatika, təbiət fənləri və xarici dil. M.Vəliyeva məktəbin internet saytının şagirdlər tərəfindən yaradıldığını deyib və əlavə edib ki, müasir texnologiyalar vasitəsilə sinif otaqlarında keçirilən dərsləri internetdə izləmək mümkündür. Hətta məktəb rəhbərliyi yaxın zamanda valideynlər üçün də belə bir imkan yaradılacağını və onların öz mənzillərində əyləşə-əyləşə şagirdlərin dərs saatlarını istənilən vaxt izləməsinin mümkün olacağını bildirib.
Mərasimin gedişində nümunəvi dərslər internetdə nümayiş etdirilib. Daha sonra məktəb şagirdlərinin "Zərifə Əliyeva - ana, qadın və alim" mövzusunda təqdimatı olub.
Afaq
Üç nöqtə.- 2009.- 29 aprel.- S. 8.