Qafqaz Konserv Zavodu istehsal gücünü artıracaq
TƏLƏT QARASU: "MÜƏSSİSƏDƏ
GÜNDƏ 80-100 TON TOMAT, 3 ÇEŞİD ÜZRƏ 50
TON ƏT MƏHSULLARI EMAL EDİLİR"
YAXIN VAXTLARDA ZAVODUN MƏHSULLARININ
MDB ÖLKƏLƏRİNƏ İXRACI HƏYATA
KEÇİRİLƏCƏK
"AZƏRSUN HOLDİNQ" Şirkətlər Qrupu "Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı" çərçivəsində fəaliyyətini genişləndirməkdədir. Şirkət rəhbərliyi respublikamızın müxtəlif bölgələrinin yerli iqlim şəraitini nəzərə almaqla qeyri-neft sektoru üzrə ixtisaslaşmış bir neçə aqrar-sənaye istehsal və emal sahələri yaradıb. Belə istehsal müəssisələrindən biri də Xaçmazda yerləşən Qafqaz Konserv Zavodudur. Müəssisənin iş şəraiti ilə yerində tanış olmaq üçün ölkənin bir qrup aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Qafqaz Konserv Zavodunda oldular.
Zavodun istehsal müdiri Tələt Qarasu jurnalistlərin diqqətinə çatdırdı
ki, müəssisədə
gündəlik olaraq
80-100 ton tomat, 3 çeşid
üzrə 50 ton da ət məhsulları emal edilir: "Əsas yeri pomidor emalı təşkil edir. Bundan başqa sutka ərzində 30 ton turşu, 5 tona yaxın isə müxtəlif meyvələrdən mürəbbə
istehsal olünür. Ötən ildən isə kompot istehsalına başlanılıb.
Zavodun gündəlik gücü 20 tondan ibarətdir".
Müsahibimiz dedi ki, hazırda Qafqaz Konserv Zavodu ölkə əhalisinin konserv məhsullarına tələbatının
70 faizini qarşılayır.
İstehsal müdiri zavodda hazırda daimi olaraq 100-120 işçi çalışdığını,
amma mövsüm zamanı bu göstəricinin 450 nəfərə
çatdığını dedi.
Jurnalistləri zavodun istehsal fəaliyyəti ilə yerində tanış edən növbə rəisi Ceyhun Hacımuradov qeyd etdi ki, müəssisədə quraşdırılan avadanlıqlar Avropa ölkələrinin qabaqcıl texnologiyasına əsaslanır: "Bu gördüyünüz İtaliyadan alınmış "Sympak" aparatı bir mərhələdə 12 olmaqla, 1 dəqiqə ərzində 180-200 banka tomat buraxır. Bütün istehsal prosesi avtomatlaşdırılıb. Ən əsası məhsul istehsalında insan sağlamlığı üçün tam təhlükəsizliyə riayət olunur, məhsullar qablaşdırılmadan öncə və sonra sterilizasiya və pasterizasiya proseslərindən keçirilir".
İSTEHSAL MƏHSULLARININ TƏRKİBİ MÜASİR
ANALİZ ÜSULLARI İLƏ YOXLANILIR
Zavodun laboratoriya
müdiri Azər Pirməmmədov qeyd etdi ki, müəssisədə
istehsal olunan hər bir məhsulun
tərkibi fiziki, kimyəvi və mikrobioloji analiz üsulları ilə yoxlanılır: "Analiz
zamanı istifadə olunan laboratoriya avdanlıqları və kimyəvi reaktivlərin hamısı xarici ölkələrdən sifariş
əsasında gətirilir.
Yoxlama zamanı elə hallar olur ki, məhsulun
tərkibi standartlara uyğun gəlmir. O zaman məhsul istehsaldan kənarlaşdırılaraq,
məhv edilir".
Qafqaz Konserv Zavodunun bütün göstəricilərinin MDB Dövlətlərarası Standartlaşdırma Komitəsinə təqdim olunduğunu deyən "Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov qeyd etdi ki, ilk mərhələ uğurla başa vurulub: "Zavod bu şuranın verəcəyi sertifikat əsasında məhsullarını MDB bazarına çıxara biləcək və tam sərbəst dövriyyəsini həyata keçirəcək. Bununla əlaqədar istehsal gücünün artırılması gözlənilir. İlk mərhələdə kompot istehsalı genişləndiriləcək. Kürdəmirdə süd zavodu istifadəyə verildikdən sonra bu zavodda kokteyl məhsullarının da hazırlanması planlaşdırılır".
Qafqaz Konserv Zavodu istehsal üçün lazım olan əksər məhsullarını isə Quba-Xaçmaz bölgəsinin yerli istehsalçılarından alır.
A.Səfərov qeyd etdi ki, bununla yanaşı müəssisənin xammal təminatının yaxşılaşdırılması üçün "Azərsun Holdinq" Kənd Təsərrüfatı İdarəsi tərəfindən İmişli-Biləsuvar bölgəsində 3400 ha ərazi icarəyə götürülüb: "Əkinə demək olar ki, tam yararsız torpaqlar idi. Holdinq tərəfindən həmin ərazilərdə aparılan rekultivasiya işlərindən sonra drenaj kanallar çəkildi. Torpağın sağlamlaşdırılması işləri aparıldıqdan sonra həmin torpaq sahəsində Qafqaz Konserv Zavodu və digər istehsal müəssisələri üçün bir çox məhsullar yetişdirilməyə başlanıb. Biz yaşıl noxud, soya kimi Azərbaycan iqlim şəraiti üçün çətin becərilən bitki növlərinin yetişdirilməsinə nail ola bildik. Həmin ərazidə istehsal olunan məhsullar zavodun konservləşdirilmiş xammal mənbəyi kimi böyük rol oynayır".
Qafqaz Konserv Zavodu məhsulların qablaşdırılmasında istifadə
olunan bəzi materialları Rusiya və Türkiyədən
alır. Ancaq şirkət bu sahədə də tələbatın yerli xammal hesabına qarşılanmasına çalışıb.
A.Səfərovun sözlərinə görə, "Azərsun Holdinq" Şirkətlər Qrupuna daxil olan tənəkə qablar istehsalını həyata keçirən Qafqaz Metal Qablaşdırma Zavodu var: "Bu zavod da ötən il potensialını bir dəfə də artırdı. Orada Avropa standartlarına uyğun, təhlükəsizlik gözlənilməklə ekoloji cəhətdən təmiz qabların istehsalına başlanıb. Zavodda quraşdırılan rəngləmə boya sistemi əvvəl metal qabın üzərinə 3, indi 5 rəng vurmağa imkan verir".
ZAVODUN XAMMALA OLAN TƏLƏBATI ƏSASƏN YERLİ
İSTEHSAL HESABINA ÖDƏNİLİR
Xidmət rəhbəri
qeyd etdi ki, "Azərsun Holdinq" Şirkətlər
Qrupunun bütün müəssisələrinə lazım
olan həm xammal, həm də qablaşdırma materiallarının Azərbaycanda
istehsal olunmasına çalışılır: "Bunun səbəbi də rəhbərliyin şirkətin fəaliyyətinə
kompleks yanaşmasından
qaynaqlanır. "Azərsun
Holdinq"in ilk quruluş illəri Azərbaycanın
müharibə dövrünə
təsadüf edir. Bir məhsul var idisə, digər məhsulu mütləq başqa yerdən almalıydıq.
Bəzən əlimizdə
hazır məhsul qalıb, qablaşdıra bilmədiyimizdən xarab olurdu. Yollar bağlandığından qablaşdırma
materiallarını gətirə
bilmirdik. Dövlət
tərəfindən qarşımıza
qoyulan tələblərdən
biri də o idi ki,
ölkə daxilində
şirkətin nəzdində
yaradılan hər bir müəssisənin məhsullarının kompleks
istehsalına nail olaq. Bu istiqamətdə
həyata keçirilən
layihələr məqsədin
reallaşmasına tam
imkan yaratdı. Artıq məlum olduğu kimi xammal, onun qabı
Azərbaycan daxilində
yerli imkanlar hesabına və yerli potensialdan istifadə olunmaqla hazırlana bilir".
A.Səfərov dedi ki, müəssisə ixrac imkanlarını artırıb. Xüsusən
böhranın daha çox zərbə vurduğu ölkələrə
ixracın həcmi artırıldı. Şirkətin
eksport xidməti çox peşəkar fəaliyyət göstərməklə,
bazar araşdırmasını
çox dəqiq, real və operativ
apara bilib".
A.Səfərov böhran
başlanandan indiyə
qədər "Azərsun
Holdinq"də heç
bir kadr ixtisarının yox, əksinə işçilərin
qəbul olunması prosesinin getdiyini söylədi: "Bu il ərzində yeni müəssisələrimizin açılması
gözlənilir. Bunlar
Kağızın Təkrar
Emalı Kombinatı, Masazır Duz Zavodu, Kürdəmir Süd Zavodu olacaq. Bu müəssisələrə
də peşəkar kadrların cəlb edilməsi üçün
prosesə başlanılıb".
KONSERV MƏHSULLARI ABŞ-a
DA İXRAC OLUNUR
A.Səfərov "Azərsun
Holdinq" markası altında olan məhsulların Ermənistan
istisna olmaqla bütün MDB ölkələrinə
ixrac edildiyini vurğuladı: "Əsas
prioritet seçdiyimiz
ölkələr Rusiya,
Türkmənistan, Qazaxıstan,
Özbəktistan, Əfqanıstan,
Gürcüstan və
sair ölkələrdir.
Bu yaxınlarda Qafqaz Konserv Zavodunun mürəbbə məhsullarının
ABŞ-a ixracının ilk mərhələsini həyata
keçirdik. Xatırladım
ki, orada ötən il keçirilən sərgidə
baş sponsor "Azərsun
Holdinq" idi. Bu imkandan istifadə edərək, işgüzar
müqavilələr imzalandı.
Amerikada olan ticarət şirkətləri
ilə bu məhsulların o ölkələrə
ixrac olunması istiqamətində ardıcıl
tədbirlər hazırlanır.
Bolqarıstana geniş
ixracımız olub.
Avropa bazarına
da bizim məhsullar yol açıb. Avropa ölkələrində şirkətin
nümayəndəliklərinin açılması üçün
araşdırmalar gedir.
Artıq "Azərsun"
markası altında Azərbaycan çay məhsulları Almaniyada, böyük çay ənənəsi olan Özbəkistanda çox
həvəslə qəbul
edilir. Hətta bizim "Məryəm"
çayına olan tələbatın artmasını
görən başqa bir şirkət bu ad altında saxta məhsul istehsal edərək Rusiya bazarına çıxarıb".
Qeyd edək
ki, "Azərsun Holdinq"in digər müəssisələrində olduğu kimi Qafqaz Konserv Zavodunda da sosial
humanitar layihələr
həyata keçirib,
əməkdaşlar üçün
sağlam iş şəraiti yaradılıb.
Onlara mütəmadi müavinətlər verilir.
İşçinin əməyinin
fərdi dəyərləndirmə
siyasəti də həyata keçirilir. Əlavə olaraq pul mükafatları, ərzaq yardımları da göstərilir.
Əfsun SUCAYEV
Bakı-Xaçmaz-Bakı
Üç nöqtə.- 2009.- 29 aprel.- S.10.