NABUCCO LAYİHƏSİNİN BU ƏMƏKDAŞLIĞA TƏKAN VERƏCƏYİ BİLDİRİLİR

 

Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlıq genişlənəcək

 

DÜNƏN "Hyatt Regensy" otelində Avropa İttifaqının (Aİ) Tvininq layihəsi üzrə "Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları" mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib ki, layihə üzrə Azərbaycanın energetika qanunvericiliyi tam olaraq Aİ qanunvericiliyinə uyğunlaşdırılacaq. Bu məqsədlə SEN-in, "Azəri-qaz" QSC, "Azərenerji", "Bakıelektirikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" ASC-lərin nümayəndələrindən ibarət işçi qrup yaradıb. "Bu gün qanunvericilikdə elə bir ciddi fərq yoxdur. Sadəcə olaraq müəyyən uyğunluğun yaradılması təmin olunmalıdır". Layihənin respublikamız tərəfindən rəhbəri, Sənaye və Energetika Nazirliyi hüquqi münasibətlərə metrologiya şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, məqsəd  Azərbaycanın enerji sahəsindəki qanunvericiliyini Avropa ölkələrinin müvafiq qanunvericiliyi ilə uyğunlaşdırmaqdır. "Bu çərçivədə qanunvericiliyə enerji subyektlərinin hüquqları, magistral qaz kəmərləri, enerji subyektlərinin lisenziyalaşdırılmasına yenidən baxılması, enerji təhlükəsizliyi kimi məsələlər əlavə ediləcək". Şöbə müdirinin sözlərinə görə, "Elektroenergetika haqqında" qanuna elektrik enerjisinin birgə istehsalı, bölünməsi, bərpa olunan enerji mənbələrindən istifadə və sair müddəaların əlavə edilməsi gözlənilir. Layihənin Aİ tərəfdən rəhbəri, Almaniya İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Günter Vaşke isə Azərbaycanla Aİ arasında enerji sektorunda əməkdaşlığın getdikcə dərinləşdiyini bildirib. Almaniya rəsmisi NABUCCO layihəsinin bu əməkdaşlığa daha da təkan verəcəyini vurğulayıb. Qeyd edək ki, Sənaye və Energetika Nazirliyinə 18 ay davam edəcək Tvininq layihəsi üzrə 1,1 milyon avro vəsait ayrılıb.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 3 fevral.- S. 6.