Bu il Azərbaycan banklarının işi çətin olacaq

 

AZƏR MEHTİYEV: "VALYUTA EHTİYATLARININ TİKİNTİ SEKTORUNA YÖNƏLDİLMƏSİ HƏMİN VƏSAİTLƏRİN İTİRİLMƏSİ DEMƏKDİR"

 

"BU İL Azərbaycanın bank sistemində işlər çətin olacaq". Bu barədə Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə sabiq direktoru xanım Donna Dousett-Koirolo səsləndirib. Onun sözlərinə görə, hazırda bir sıra ölkələrin bank sistemində ciddi likvidlik problemləri mövcuddur. Belə bir şəraitdə bankların lazımi maliyyə dəstəyinə ehtiyacı var bu istiqamətdə hökumətlə aparılan dialoq davam etdirilməlidir. Bu mövzudan irəli gələn suallara iqtisadçı ekspert Azər Mehtiyevlə aydınlıq gətirməyə çalışdıq.

- Azər müəllim, DB rəsmiləri bu günlərdə Azərbaycan banklarını real təhlükə gözlədiyini bildirib. Bəzi müstəqil ekspertlər isə qlobal böhranın real sektora keçməsini əsas gətirərək, bank-maliyyə sektorunun bu təhlükədən ötüşdüyünü bildirir. Fərqli fikirlərə münasibətiniz necədir?

- Hər iki açıqlamada bir-birini təkzib yox, bir növ uyğunluq, bir-birini tamamlama görürəm. Əgər banklar kreditləri vaxtında ala bilmirlərsə, onların iqtisadiyyatın istehsal qeyri-istehsal sahələrinə pul buraxmaq imkanları məhdudlaşır, böhran tədricən real sektora keçmiş olur bu sektorda proseslər dərinləşməyə başlayır. Dünya iqtisadiyyatında proses belə gedir. Azərbaycan iqtisadiyyatına isə istər inkişaf etmiş istərsə inkişaf etməkdə olan ölkələrdəki kimi problem ciddi xarakter almayıb. Xüsusən, neftin hesabına Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir. Bankların isə xaricdən kreditləşmə imkanları zəifdir. Kredit resurslarının müəyyən hissəsi xaricdən maliyyələşirdi. Banklar da bu kreditləri qaytarmaq iqtidarında idi. Digər tərəfdən, Milli Bank özü elə siyasət yeritdi ki, bankların o kreditləri daxili imkanlar hesabına qaytarmaq prinsipi formalaşsın. Onu da nəzərə almaq lazımdır ki, bizim banklarımız çox kiçikdir. Əslinə qalsa, onların ölkənin kredit ehtiyaclarını ödəmək imkanları da məhduddur. Bu baxımdan iqtisadiyyata da az kredit buraxılır. İndiki halda banklar üçün böhran daha çox məxsusi kredit resurslarının çatışmamasında özünü göstərir. Tədricən elə proses gedir ki, onların kredit çatışmazlığı aradan qalxsın. Ancaq hər halda bankların kredit resurslarının çatışmazlığı gətirib ona çıxarıb ki, ötən dövrlərlə müqayisədə (ötən ilin yayına qədər) bankların kreditləşmə imkanları getdikcə azalır. Deyə bilərəm ki, ev təsərrüfatlarına verilən kreditlərin, avtomobilin alınmasına yaxud digər sahələrə yönəldilən kreditlərin həcmi azalır, faizi qalxır. Yəni iqtisadi tarazlıq aşağı düşür. Bu nöqteyi-nəzərdən Azərbaycan bank sektorundakı kredit məhdudiyyəti böhranın tədricən real iqtisadi sektora keçdiyindən xəbər verir. Artıq şirkətlərdə işçilərin işdən çıxarılmasına start verilib, proseslər getdikcə dərinləşməkdədir.

- Hökumət tərəfindən valyuta ehtiyatlarından müəyyən vəsaitin banklara yönəldilməsi nəyi dəyişəcək?

- Bu məqsədlə təxminən 2-2,5 milyard manat vəsaitin nəzərdə tutulması ölkədəki kredit çatışmazlığını aradan qaldırmaq üçündür. Çünki banklarımız bu həcmdə vəsaiti xaricdən cəlb etmişdi. Hələ ki, hökumət səviyyəsində müzakirələrin getdiyini görürük. Təbii ki, tənzimlənmə aləti olaraq atılacaq addımlar təqdirəlayiq haldır. Ancaq əsas məsələ odur ki, ayrılacaq vəsaitlərdən banklar necə istifadə edəcək bu vəsait daha çox hansı sektora yönəldiləcək. İndiki halda əgər vəsait iqtisadi inkişafa təkan verəcək sahələrə yönəldilməsə, onda istənilən effekt verməyəcək, daha ciddi problemlər yaranacaq.

- Sizcə, bu vəsaitlər hansı sahələrə yönəldilməlidir?

- Valyuta vəsaitlərinin əsasən tikinti sektoruna sərf ediləcəyi gündəmdədir. Mən hesab edirəm ki, vəsaitlərin tikinti sektoruna yönəldilməsi həmin vəsaitlərin səmərəsiz olmasına səbəb olacaq. Sözün əsl mənasında sahibkarlıq mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Bütün sahibkarlıq subyektlərinin bu kreditlərə çıxış imkanları əlçatan səviyyədə olmalıdır.

- Milli Bankın pul parametrlərinin dəyişdirilməsi ilə bağlı qərarı kreditlərin ucuzlaşmasına səbəb olacaqmı?

- Bu qərar iki istiqamətə yönəlib. Birincisi, uçot dərəcəsini aşağı salmaqla kreditlərin ucuzlaşmasına, ikincisi məcburi ehtiyat normalarını aşağı salmaqla kredit imkanlarının genişlənməsinə çalışılır. Uçot dərəcəsinin aşağı salınmasının hələ ki kreditləri ucuzlaşdırmaq imkanları zəifdir. Bildiyimiz kimi, hökumət valyuta ehtiyatlarından bu məqsədlərə vəsait yönəldərsə, onda uçot dərəcəsinin ikinci vasitə kimi təsir etmək imkanı yaranacaq. İndiki böhran şəraitində bütün dünyada bu addımlar atılır. Bu proseslərin uzunmüddətli saxlanılması isə deyərdim ki, bir risk mənbəyi ola bilər. Yəni valyuta ehtiyatlarının banklara kredit şəklində verilməsi dönəmində ehtiyat normalarının aşağı salınması gələcəkdə ciddi təhlükə doğurar.

- Böhran dərinləşdikcə, vətəndaşlar tərəfindən banklara qoyulan əmanətlərin həcmi azalır. Bu istiqamətdə hansı qabaqlayıcı tədbirlər görülə bilər?

- Hər halda yerlərinin məhdudlaşdırılması əvvəlki dövrlə müqayisədə əhalinin gəlir əldə etmək imkanlarını zəiflədib. Bu isə banklardakı əmanətlərin geri götürülərək istehlaka yönəldilməsi prosesi ilə nəticələnib. Banka qoyulan əmanətlərin azaldılması maliyyə mənbəyi olaraq, banklar üçün ciddi problem yaradacaq. Əslində Dünya Bankı məsələnin qoyuluşuna məhz o baxımdan yanaşır ki, əhali əmanətlərini tədricən geri götürsə, bankların məhdud imkanları bir qədər məhdudlaşar. Bu halda valyuta ehtiyatlarının bu sahəyə buraxılması qaçılmaz olacaq. Ancaq neftin qiymətinin ucuzlaşması şəraitində ölkəyə valyuta ehtiyatlarının daxil olması azala bilər. Bu addımlar tədricən böhrandan çıxış istiqamətində atılan zəruri addımlar olsa da, digər tərəfdən , kifayət qədər riskli addımlardır. Söhbət bu addımların səmərəliliyini əldə etməkdən gedir. Bunun üçün ən vacibi olan şəffaflığın artırılması, ikincisi vəsaitlərin daha səmərəli, davamlı inkişafa təkan verəcək sahələrə yönəldilməsidir.

 

 

Əfsun

 

Üş nöqtə.-2009.-5 fevral.-S.9.