Müxalifət Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı bəyanat yayıb
BƏYANAT BEYNƏLXALQ TƏŞKILATLARA, HƏMÇİNİN
ABŞ, RUSİYA, FRANSA PREZİDENTLƏRİNƏ GÖNDƏRİLƏCƏK
DÜNƏN ölkədəki
bir sıra müxalifət partiyaları Dağlıq
Qarabağ münaqişəsinin həll olunmamasından narahatlıq
ifadə edən bəyanat imzalamaq üçün Beynəlxalq
Media Mərkəzinə müzakirə aparıblar. ANS press-in
məlumatına görə, bəyanatda beynəlxalq təşkilatların
və Minsk Qrupu həmsədri olan ölkələrin Ermənistanı
işğalçı dövlət kimi tanımaqdan imtina etməsindən,
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi nəticəsində yaranan Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı BMT-nin qəbul
etdiyi qətnamələrin tələblərinə əməl
olunmamasından narahatlıq ifadə olunub. Həmçinin,
problemin ədalətli həlli üçün bir neçə
prinsip təklif edilib. Vahid Azərbaycan Milli Birlik
Partiyasının (VAMBP) sədri Hacıbala Əzimov bildirib
ki, bəyanat BMT-nin Təhlükəsizlik Şurasına,
Avropa Birliyi Parlament Assambleyasına, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına, Avropa
Şurası Parlament Assambleyasına, həmçinin Amerika
Birləşmiş Ştatlarının (ABŞ), Rusiyanın
və Fransanın prezidentlərinə və Azərbaycandakı
xarici ölkə səfirliklərinə göndəriləcək.
Hacıbala Əzimovun sözlərinə görə, bəyanatın
ümumilikdə dövlət qeydiyyatı olan 15-20 partiya tərəfindən
imzalanacağı gözlənilir.
Üç nöqtə.-2009.-6 fevral.-S.2.