"Parlamentin debatlara ehtiyacı var"
HADİ RƏCƏBLİ: "ÇOXARVADLILIĞA
İCAZƏ VERMƏKLƏ GERİYƏ QAYIDIRIQ, YOXSA İRƏLİYƏ
GEDİRİK?"
QIZLARIN ERKƏN NİKAH YAŞ HƏDDİ 18 YAŞ
MÜƏYYƏN OLUNA BİLƏR
PARLAMENTİN bir sessiyasında beş məcəllənin
- İnzibati-Prosessual, Tikinti,
Şəhərsalma, Mənzil
və Rəqabət məcəllələrinin müzakirəsi
nəzərdə tutulur.
Ötən illərdən
fərqli olaraq, budəfəki sessiyanın
gündəliyinə cəmi
23 məsələ salınsa
da, təxminən
bir o qədər
də bu və ya digər
qanunvericilik aktları
ilə bağlı əlavələrin, dəyişikliklərin
salınması nəzərdə
tutulur. Bunun özü də bir qanunauyğunluqdur. Ona görə ki, indi Azərbaycan
parlamentarizminin elə
bir dövrü çatıb ki, qanun bazası formalaşır, ondan sonra isə daim onun üzərində
işləmək qalır".
Bu fikirləri Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli səsləndirib.
- Söhbət ondan gedir
ki, biz qanunları yenidən işləməyə
üstünlük veririk. Çünki burada daha çox
dünya təcrübəsi, yeniliklər, dünya və Azərbaycan
reallıqları özünü göstərir və göstərməlidir.
Bunlar yaz sessiyasının özəllikləridir. Bizim
komissiya birbaşa iki yeni qanun hazırlayır, beş qanun
layihəsinin hazırlanmasında tərəf-müqabil kimi
iştirak edir, eyni zamanda, iki məcəlləyə - Ailə
və Əmək məcəllələlərinə dəyişikliklərin,
əlavələrin üzərində
çalışır.
- Bu sessiyada müzakirəsi
və bütövlükdə qəbulu gözlənilən
vacib qanunvericilik aktlarının biri, bəlkə də
birincisi "Təhsil haqqında" qanun layihəsinin
üçüncü oxunuşudur. Bildiyiniz kimi,
sözügedən qanun layihəsinin ikinci oxunuşu da birmənalı
qarşılanmadı. Siz bu haqda nə
deyərdiniz?
- Mən
bütövlükdə bir ali təhsil müəssisəsinin
müəllimi və eyni zamanda, cəmiyyətin sosial problemləri
ilə yaxından məşğul olan bir siyasətçi
kimi hesab edirəm ki, test sisteminin qalması lazımdır və
daha məqbuldur. Bəli, test imtahanlarından yüksək nəticələrlə
keçən abituriyentlərin sonradan ali və orta ixtisas məktəbləri
tərəfindən yerləşdirilməsi, bölünməsi
ola bilər, amma bütün hallarda qəbul
imtahanlarının keçirilməsi, biliklərin qiymətləndirilməsi
test üsulu ilə aparılmalı, bu məsələ
hökmən Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən
reallaşdırılmalıdır. Düşünürəm
ki, nəhayət, bu sessiyada təhsil qanunu ətrafında
söhbətlərə birmənalı, birdəfəlik son
qoyulacaq və cəmiyyətin uzun illərdən bəri səbirsizliklə
gözlədiyi müfəssəl, təkmil bir qanun qəbul
etmək mümkün olacaq.
- Hadi müəllim, bəzən
parlamentdə baş verən müzakirələrin mahiyyətini
başa düşmək, anlamaq olmur. Qanun layihələri,
qanun yaradıcılığı prosesi qalır bir tərəfdə,
tamam başqa məsələlərdən, daha çox da
xırda, məişət xarakterli məsələlərdən
söhbət açılır...
- Bu məsələ bir
çoxları kimi, məni də narahat edir. Bu cür
müzakirələr əslində, parlamentin səmərəliliyini,
faydalılıq əmsalını aşağı salır. Bununla
belə, bir məsələni də vurğulamaq
lazımdır ki, parlament 125 fərdin, 125 xarakterin, 125 elmi,
siyasi, ədəbi dünyagörüşü potensialında
fərqləri olan insanların toplandığı bir yerdir. Parlament
Azərbaycan cəmiyyətinin bütün təbəqələrini
ehtiva edən bir qurumdur. Belə demək mümkünsə, bu
gün Azərbaycanda necə və nə qədər sayda
insan varsa, onların da təxminən 125 elementi parlamentə
yığışıb. Demək istəyirəm ki, parlamentdə
debatların, fikir mübadilələrinin, müzakirələrin
olması lazımlıdır və başadüşüləndir.
Ancaq bununla yanaşı, yuxarıda qeyd etdiyim kimi, yersiz, mənasız,
səbəbsiz debatlar parlamentin fəaliyyətinin
aşağı düşməsinə, onun səmərəsinin
azalmasına səbəb olur. Bizə əslində,
ağıllı, məzmunlu debatlar, müzakirələr
lazımdır. Bu gün parlamentin ağıllı debatlara ehtiyacı
var. Elə millət vəkili var ki, qanun layihəsini
yaxşı, dərindən oxumur, lakin sərt, aqressiv tonda
çıxış edir, sonra da məcbur qalıb başa
salmalı olursan ki, ay qardaş, get, filan səhifəni dərindən
oxu, sonra gəl sual ver, çıxış et. Bu baxımdan
hesab edirəm ki, parlamentdə səmərəli, konstruktiv
müzakirələr vacibdir, əhəmiyyətlidir.
- Məlumatlara görə,
yaz sessiyasının gündəliyinə daxil olan qanun layihələri
arasında ətrafında böyük hay-küy yaranan,
müzakirəsi birinci oxunuşda yarımçıq
saxlanılan "Reproduktiv sağlamlıq və ailə
planlaşdırılması haqqında", o cümlədən
"Məişət zorakılığının
qarşısının alınması haqqında"
qanunvericilik aktları da var. Sizcə, bu iki qanun layihəsinin
müzakirəsi və sonda qəbulu baş tutacaqmı?
- Payız
sessiyasının sonlarında "Reproduktiv sağlamlıq və
ailə planlaşdırılması haqqında" qanun layihəsinin
birinci oxunuşu yarımçıq dayandırıldı və
spiker cənab Oqtay Əsədov tərəfindən bildirildi
ki, bu məsələnin müzakirəsi yaz sessiyasında
davam etdirilsin. Bu baxımdan, bu sessiyada bu qanun layihəsinin
birinci oxunuşunun müzakirəsinin davam etdirilməsi nəzərdə
tutulur. Eyni zamanda, yenə də müzakirə, mübahisə,
debat mövzusu olan "Məişət
zorakılığının qarşısının
alınması haqqında" qanunvericilik aktı da bu
sessiyanın gündəliyindədir. Sözügedən qanun
layihələrini bir-bir konkret şəkildə süzgəcdən
keçirməyə çalışsaq, bir sıra məqamları
mütləq dilə gətirməliyik və gətirmək
lazımdır. Məsələn, "Reproduktiv
sağlamlıq və ailə planlaşdırılması
haqqında" qanun layihəsinə qarşı olan opponentlər
təklif edirlər ki, Azərbaycanda
çoxarvadlılığa icazə verilsin. Gəlin, bununla
bağlı cəmiyyətimizə müraciət edək,
görək, onlar buna razıdırmı? Biz bu
düşüncə tərzi ilə görəsən, hara
gedirik? Feodalizmə, köhnəliyə qayıdırıq,
yoxsa irəliyə? Əlbəttə, mən də razıyam
ki, parlamentə yeni fikirlərin yol açması çətinliklə
qarşılanır. Misal üçün, bir vaxtlar "Duzun
yodlaşdırılması haqqında" qanun bu cür aqibətlə
üzləşmişdi. O vaxt sabiq deputat həmkarımız,
professor Vəsadət Əzizov tərəfindən
hazırlanan bu qanun bir çoxları tərəfindən
etirazla qarşılandı. Bir çoxları iddia edirdi ki, bu
qanun korporotiv maraqlar baxımından hazırlanıb, ay nə
bilim, Azərbaycanda duz mafiyası, yod mafiyası var, onların
maraqları nəzərə alınıb və sair. Yəni,
aləm bir-birinə dəymişdi. Ancaq bu qanun üstündən
iki il ötəndən sonra yenidən parlamentə
qayıtdı və qəbul olundu. Bu gün həmin qanun MDB məkanında
model qanun kimi istifadə olunur. Eyni zamanda, bu gün biz həmin
qanunun Azərbaycanda üstünlüklərini, müsbət
məqamlarını müşahidə edirik. Azərbaycanda
son illər zob xəstəliyi 13 dəfə azalıb. Demək
istəyirəm ki, bütün cəmiyyətlərdə
olduğu kimi, Azərbaycan cəmiyyətində də yeni
fikirlər ilk vaxtlar çətin qəbul edildiyi kimi,
parlamentdə də çətin qəbul olunur. Sözümün
canı odur ki, "Məişət
zorakılığının qarşısının
alınması haqqında" qanun layihəsi də ola bilsin,
belə ağrılı debatlarla müşahidə olunsun. Amma
"Reproduktiv sağlamlıq və ailə
planlaşdırılması haqqında" qanun layihəsi ilə
bağlı səsləndirilən bəzi iradlar, tənqidlər
var ki, mən də onları qəbul edirəm. Konkret olaraq,
millət vəkili Rafiq Məmmədhəsənovun bu yöndə
bir sıra maraqlı fikirləri, təklifləri var ki, biz
ondan faydalanmağa çalışdıq və belə demək
mümkünsə, faydalandıq. Son olaraq bildirmək istəyirəm
ki, biz həm sözügedən qanun layihəsini, həm də
"Məişət zorakılığının
qarşısının alınması haqqında"
qanunvericilik aktını parlamentə daha müfəssəl
şəkildə çıxarmaq istərdik ki, yenidən əlavə
söz-söhbətlərə ehtiyac qalmasın.
- Qeyd etdiniz ki,
komissiyanız tərəfindən Ailə və Əmək məcəllələrinə
dəyişiklikləri, əlavələri nəzərdə
tutan qanun layihələri üzərində də işləyirsiniz.
Bilmək istərdik ki, bu məcəllələrə
hansı dəyişikliklərin və əlavələrin
edilməsi nəzərdə tutulur?
- Ailə Məcəlləsi
ilə onu demək istəyirəm ki, biz burada qızların
erkən nikah yaş həddinin 18 yaş müəyyən
olunmasını nəzərdə tuturuq. Çünki
dünyada 18 yaşa qədər yaş uşaq yaş həddi
hesab olunur. Bundan başqa, dünyada, o cümlədən
BMT-nin standartlarında qızlarla bağlı 18 yaş erkən
nikah yaş həddi hesab olunur. Bu həm fizioloji, həm
psixoloji, həm də ailə məsuliyyəti
baxımından düzgündür. Bu baxımdan, biz də
qızlarla bağlı erkən nikah yaş həddi kimi 18
yaşın müəyyən olunmasını istəyirik və
nəzərdə tuturuq. İkincisi, mülkiyyət müqaviləsi
məsələsini imperativ norma kimi Ailə Məcəlləsinə
salmaq istəyirik. Üçüncüsü, nikaha daxil olan
şəxslərin - oğlanların və qızların
bir-birilərinin sağlamlığı haqqında tibbi
arayış tələb etmək haqqını imperativ norma
kimi Ailə Məcəlləsinə daxil etməyi nəzərdə
tuturuq. Tibbi arayışlar məsələsində ciddi olmaq
lazımdır. Yəni, arayışlar saxta olmasın ki, gələcəkdə
nikaha girənlər bundan əziyyət çəkmək məcburiyyətində
qalmasınlar. Əmək Məcəlləsində isə iki
maraqlı məsələ var. Birincisi, minimum məzuniyyəti
28 günə çatdırmağı nəzərdə
tuturuq. Bildiyiniz kimi, bizdə minimum məzuniyyət 21
gündür. Ona görə də bu rəqəmi 21-dən
28-ə qaldırmaq istəyirik. İkincisi, qadınların
analıq məzuniyyətində orta aylıq əmək
haqqının saxlanması məsələsini 6 ay müddətinə
uzatmağı fikirləşirik. Bir sözlə, Əmək
Məcəlləsinə 14, Ailə Məcəlləsinə
isə haradasa 6-7 böyük əhəmiyyətli düzəlişin,
dəyişikliyin edilməsi nəzərdə tutulur.
Elməddin MURADLI
Üç nöqtə.-2009.- 6 fevral.-S.4.