Ombudsman kim olsun?

 

FƏZAİL İBRAHİMLİ: "RƏBİYYƏT XANIM ELMİRA SÜLEYMANOVANI ƏVƏZ EDƏRSƏ, HEÇ KƏS BUNDAN UDUZMAZ"

 

SORĞUMUZDA İŞTİRAK EDƏNLƏRİN BÖYÜK ƏKSƏRİYYƏTİ RƏBİYYƏT ASLANOVANI ƏN LAYİQLİ NAMİZƏD HESAB EDİR

 

 İNSAN haqları üzrə müvəkkil Elmira Süleymanovanın səlahiyyət müddətinin başa çatması yeni müvəkkilin kim olacağı sualını doğurub. Artıq bu vəzifəyə layiq görülə bilən müxtəlif şəxslərin adı çəkilir. Maraqlıdır, Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rolu olan, ictimaiyyət arasında tanınanlar bu barədə nə düşünür? Onlar yeni ombudsman olaraq kimi görmək istəyirlər? "Üç nöqtə" sualla ictimai-siyasi mühitdə rolu olan nüfuzlu media mənsublarına, siyasətçilərə, ictimai təşkilatlar və ziyalılarımıza müraciət etdi. Həmin şəxslərin bəzilərinin fikirlərini diqqətinizə çatdırırıq.

   Tarixçi alim, millət vəkili Fəzail İbrahimli: "Mən ombudsmanın kim olacağı barədə konkret fikir bildirə bilmərəm. Amma adı bu vəzifəyə gətirilə biləcək insanların sırasında hallanan Rəbiyyət Aslanova öz işini bilən, vicdanlı, savadlı, dəyərli bir ziyalı xanım kimi ombudsman vəzifəsinə layiqdir. Rəbiyyət xanım Elmira Süleymanovanı əvəz edərsə, heç kəs bundan uduzmaz. Digər namizədləri tanımıram".

   Millət vəkili Asim Mollazadə yeni ombudsman kimi görmək istədiyi şəxsin adnı çəkmək istəmədi. Millət vəkili Jalə Əliyeva da Rəbiyyət xanımı ən layiqli namizəd hesab edir. Hüquq müdafəçisi Novella Cəfərova ombudsman vəzifəsini icra edəcək kifayət qədər namizədin olduğunu bildirdi: "Mən QHT rəhbərlərinin bu vəzifədə olmasını istərdim. Təbii ki, orada Çingiz Qənizadəni, Səidə Qocamanlını, Arzu Abdullayevanı, Səadət Bəmənyarlını görmək istərdim. Hesab edirəm ki, bunlar insanlara çox yaxındırlar və onlara kömək etməyə qadirdilər". N.Cəfəroğlu millət vəkilləri arasından Rəbiyyət Aslanovanı və Qənirə Paşayevanı həmin vəzifəyə daha layiqli saydı.

   Əlil Qadınlar Biriyinin sədri Məhluqə Rəhimova hesab edir ki, Rəbiyyət Aslanova ilə Qənirə Paşayeva bu vəzifəni icra edə bilərlər.

   "ELS" müstəqil araşdırmalar mərkəzinin sədri İradə Yaqubova hələlik Elmira xanımın ombudsman kimi öz səlahiyyətlərini davam etdirməsini arzu edir: "Hələlik onun yerində heç kəsi görmürəm. İstərdim ki, yenidən o, seçilsin. Dəyişiklik tələb olunarsa, millət vəkili Qənirə Paşayevanın seçilməsini istərdim.

   Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev ombudsman kimi, hər şeyi tərəzinin gözünə qoyanda ədalətli görən, Allahını unutmayan, dövlətçiliyi uca tutan təmiz şəxsi gördüyünü dedi: "Ad çəkməkdə çətinlik çəkirəm".

   Media eksperti Zeynal Məmmədli görmək istədiyi yeni ombudsmanın adını çəkməkdə çətinlik çəkdi. "Bu adam insan hüquq və azadlıqları ilə bağlı heç kimə, heç bir siyasi qüvvəyə güzəştə getməyən bir şəxs olmalıdır: "Yeri gəlmişkən, Ombudsman mütləq qadın olmalıdır".

   "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ombudsman vəzifəsinə daha çox Rəbiyyət Aslanovanın yaxın olduğunu dedi: "Rəbiyyət Aslanova insan haqları ilə bağlı kifayət qədər bilgisi olan insandır. Qanunların aliliyi prinsipini həmişə öndə tutan bir xanımdır". Buna baxmayaraq, o, Qənirə Paşayevanın da bu vəzifəni icra etmək qabiliyyətinə malik olduğuna inanır.

   Fikrini soruşduğumuz əlli nəfərə yaxın şəxsin böyük əksəriyyəti Rəbiyyət Aslanovanın ombudsman kimi ən layiqli addımlar atacağına, işinin öhdəsindən vicdanla gələcəyinə inanirlar. Təbii, əgər bu vəzifəyə layiq bilinərsə.

 

 

Tahirə Qafarlı

 

Üç nöqtə.-2009.-6 fevral.-S.5.