Əhməd Qəşəmoğlunun yeni kitabı
işıq üzü görüb
KİTABDA SOSİAL ELMLƏRİN AHƏNG
PRİNSİPİ İLƏ İDARƏ OLUNMASI SAHƏSİNDƏ
TAMAMİLƏ YENİ NƏZƏRİYYƏ TƏKLİF
EDİLİR
ŞAİR, publisist Əhməd
Qəşəmoğlunun yeni kitabı işıq üzü
görüb. İqtisad elmləri namizədi Əhməd Qəşəmoğlunun
"Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri"
("Ahəngyol elminə giriş") kitabında sosial elmlərin
ahəng prinsipi ilə idarə olunması sahəsində
tamamilə yeni bir nəzəriyyə təklif edilir.
İstənilən sahədə
idarəetmənin ən mühüm meyarının harmoniya
(ahəng) olduğu fikrində olan müəllif ahəng
qanunlarının öyrənilməsində sistem nəzəriyyəsinə
böyük üstünlük verir. Monoqrafiya şərq və
qərb fəlsəfəsinin bir-birini tamamlayaraq tədqiqata cəlb
olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi
və sistemli yanaşma metodlarından dərindən istifadə
əsasında yazılıb. Kitabda "insan", "ahəng",
"həssas dünya", "missiya", "mədəniyyət",
"sosial", "tərəqqi" və bu kimi bir sıra
kateqoriya və anlayışlara yeni bir münasibət
bildirilir. Yeni fəlsəfi pradiqmanın yaradılması
üçün təkliflər verilir. Müəllif eyni
zamanda sosial sistemlərin ahəng prinsipi, tərəqqi
meyarları ilə idarə olunması sahəsində konkret
metod təklif edir.
Kitaba iki ad verməsinə
aydınlıq gətirən müəllif bunu təsadüfi
saymır: "Bu kitabda sosial idarəetmə sahəsində
indiyə qədər yazılan bütün kitablardan, məqalələrdən
fərqli olan bir yanaşma ortaya qoyulur. Sosial idarəetmə
sahəsində indiyə qədər aparılan tədqiqatlar
insan amilini lazımi qədər nəzərə
almamış, idarəetmənin mahiyyətinə lazımi qədər
varmamışlar. Ona görə də tarix boyu bütün cəmiyyətlərdə
əksər hallarda sosial idarəetmə müəyyən bir
ahəngin yaranmasından daha çox müxtəlif problemlərin
üzə çıxmasına səbəb olub. İrəli
sürülən metodologiya sosial idarəetmənin ahəng
yaratmaqla həyata keçirilməsinin vacib olduğuna əsaslanır.
Belə yanaşma isə yeni bir nəzəriyyənin, elmi
istiqamətin konturlarını cızır. Mən hələlik
şərti olaraq bu elmi istiqaməti "Ahəngyol elmi"
kimi adlandırmağı təklif edirəm. Adətən elm
sahələrini ənənəvi olaraq latın, yunan, ingilis
terminləri ilə ifadə edirlər. Düşünürəm
ki, ənənəni pozmaq olar və bunun özü də
müəyyən ahəngin yaranmasına xidmət edir".
Xalid.
Üç nöqtə.-2009.-6 fevral.-S.8.