Vətəndaşlar banklardakı əmanətlərini geri götürür

 

ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDUNUN İCRAÇI DİREKTORU AZAD CAVADOV DEMƏYƏ SÖZ TAPMIR

 

VÜSAL QASIMLI: "ÇALIŞMAQ LAZIMDIR Kİ, ƏHALİ KƏNARDA SAXLADIĞI VƏSAİTİ DƏ BANKLARA ƏMANƏT ETSİN"

 

BANKLARA qoyulan əmanətlərin həcmində kəskin azalma müşahidə edilir. Hətta, bu və digər kommersiya banklarına əvvəllər qoyulan əmanətlərin də geri götürülməsi prosesinə başlanılıb. Mütəxəssislər hesab edirlər ki, iqtisadi böhranla əlaqədar olaraq banklardan geri götürülən əmanətlər istehlak xərclərinə yönəldilir. Həm də bankların müflis olacağı ilə bağlı gəzən məlumatlar əmanətçiləri vəsaitlərini banklardan götürməyə sövq edir.

Hələlik Milli Bank məsələyə konkret münasibət bildirməyə tələsmir. Lakin proqnozlara görə, kommersiya bankları kütləvi kredit verilişinə başlamayınca, bankların likvidliyi bərpa olunmayınca, əhali öz əmanətlərini kommersiya banklarına yerləşdirməyə can atmayacaq. Hazırda banklarda olan əmanətlərin həcmini öyrənmək üçün Əmanətlərin Sığortalanması Fondu ilə əlaqə saxladıq. Qurumun icraçı direktoru Azad Cavadov biləndə ki, kommersiya banklarındakı əmanətlərlə maraqlanırıq, münasibət bildirmək istəmədi. Bunu özlüyündə məsələnin ciddiliyindən xəbər verən fakt hesab etmək olar. Fonddan yalnız bildirildi ki, fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 milyard 711 milyon manat, qorunmayan əmanətlər 337 milyon 788 min manat, qorunan əmanətlər isə 1 milyard 373 milyon manat təşkil edir. Qorunan əmanətçilərin sayı 1 milyon 296 min 818 nəfərdir.    

 

   "SIĞORTA OLUNAN ƏMANƏTLƏRİN HƏCMİ 50 MİN MANATA ÇATDIRILMALIDIR"

 

Mütəxəssislər hesab edirlər ki, əhalinin banklardan əmanətlərini geri götürməsi əslində gözlənilən idi. İqtisadçı ekspert Vüsal Qasımlı "Üç nöqtə"yə bildirdi ki, əhalinin banklarda təxminən 1,8 milyard manata yaxın əmanətləri var. Bu vəsaitlərin artımı ilə bağlı ciddi problemlər yaranıb. Üstəgəl, bir çox vətəndaşların banklara qoyduqları pulları geri götürmələri məsələni bir qədər də qəlizləşdirir.

Problemdən çıxış yollarına gəldikdə, müsahibimiz konkret tədbirlər həyata keçirilməsini təklif edir: "Bir neçə təklif vermək olar. İlk olaraq əmanətlərin sığortalanan hissəsinin həcmi artırılmalıdır. Bunun başqa alternativi yoxdur. Məsələn, Litvada 100 min, Latviyada 50 min avroya qədər, Rusiyada təxminən 20-30 min dollara qədər, Qazaxıstanda 30-40 min dollara qədər vəsaitlər dövlət tərəfindən sığortalanır. Bu göstəricilərin müqabilində Azərbaycanda isə əmanətlərin sığortalanan hissəsi cəmi 8 min manat təşkil edir".

V.Qasımlı bu rəqəmin minimum 50 min manata çatdırılmasını məqsədəuyğun hesab edir: "Bu, imkan verəcək ki, əhali kənarda saxladığı vəsaitləri də (hansı ki, əllərindəki nağd pulu) banklara əmanət etsin".

 

   KAPİTAL AMNİSTİYASI ELAN OLUNSA, OLİQARXLAR VƏSAİTLƏRİNİ BANKLARA QOYACAQ

 

 İqtisadçı ekspertin fikrincə, ölkədə kapital amnistiyasının elan edilməsi ikinci addım ola bilər: "1992-ci ildə bu məsələ ilə bağlı qanun qəbul edilib. Təəssüf ki, indiyə qədər bu sənəd işlək vəziyyətdə deyil. Azərbaycan hökuməti tezliklə kapital amnistiyasını elan edə bilər. Yəni hər kəsə elan edilməlidir ki, banka yatırdığı vəsaitlərin məbləğindən asılı olmayaraq onun qazanc mənbəyi soruşulmayacaq. Qazaxıstan bu təcrübədən vaxtında istifadə edib və indi belə bir problemlə üzləşmir. Bizdə bu, daha çox effekt verər. Çünki ölkəmizdə ayrı-ayrı oliqarxların əlində kifayət qədər pul toplanıb. Bu vəsaitlər bankların aktivlərinin həcmi ilə müqayisə oluna biləcək həddədir. O pullar niyə kənarda qalmalıdır? Əgər ümumi dövriyyənin 60 faizini nağd pullar təşkil edirsə, məhz nağd dövriyyəni tam şəkildə bank sektoruna cəlb etmək lazımdır".

 

   "KEÇMİŞ ƏMANƏTLƏR VƏTƏNDAŞLARIN BANK HESABLARINA KÖÇÜRÜLMƏLİDİR"

 

Müstəqil ekspert üçüncü yol olaraq sovet dövründənqalma əmanətlərin qaytarılması prosesinə məhz bu ildən başlanılmasını vacib sayır: "Bunun da müxtəlif mexanizmi var. Söhbət indeksləşmədən sonra prosesin necə həyata keçiriləcəyindən gedir. Əgər 1 milyona yaxın əmanətçi varsa, onların hər birinin batan əmanətini kommersiya banklarında açılan hesaba köçürmək mümkündür. Bununla əlaqədar beşillik proqram qəbul etmək olar". Müsahibimizin sözlərinə görə, atılan addım əhalinin banka, dövlətə olan etimadını artıracaq: "Bu, kommersiya banklarını sərbəst vəsaitlə təmin etmiş olacaq. Amma vətəndaşlara dərhal pullarını götürə bilməyəcəyi əsas şərt kimi qoyulmalıdır".

V.Qasımlının hesablamalarına görə, Milli Bankın pul parametrlərinə etdiyi dəyişikliklər kommersiya banklarına təxminən 500 milyon dollar sərbəst vəsait əldə etməyə imkan verib: "Ölkə rəhbəri tərəfindən banklar və sığorta şirkətlərinə vergi güzəştlərinin tətbiq olunması isə onların təxminən illik 40 milyon sərbəst vəsait əldə etməsilə nəticələnib. Bu tədbirlər davam etdirilməlidir. Banklara birbaşa dəstək göstərilməlidir. Bəzi bankların birləşdirilməsi, hətta təklif edərdim ki, bankların milliləşməsi prosesi getsin".

Mütəxəssislər hesab edirlər ki, bu tədbirlər həyata keçirilsə, üstəgəl, 2-2,5 milyard dollarlıq valyuta ehtiyatları banklara yatırılsa, Azərbaycanın maliyyə sektoru böhrandan xilas ola biləcək.

 

   

Əfsun

 

Üç nöqtə.-2009.-6 fevral.-S.9.