Müğənnilər kimi bəzi bəstəkarlar
da pul üçün çalışır
AYBƏNİZ HAŞIMOVA: "GƏNCLƏR
BÖYÜK BƏSTƏKARLARIMIZIN ƏSƏRLƏRİNİ
KORLAYIRLAR"
AKİF İSLAMZADƏ: "ZÖVQSÜZ
İNSANLARIN SAYININ ARTMASINI İSTƏYƏNLƏR
ÇOXDUR"
Kimdən
yaxınlaşıb soruşsaq ki, son illər yazılan ən
möhtəşəm musiqi əsəri hansıdır, müəyyən
tərəddüddən sonra nəsə söyləyə biləcək.
Son dövrlərdə bəstəkarların əsasən
mahnı yaradıcılığı ilə
tanındığını desək, yanılmarıq. Çünki
geniş dinləyici kütləsi məhz bu janrda yazılan
mahnılara daha çox maraq göstərir.
Böyük musiqi əsərlərindən
söz düşəndə isə, yalnız peşəkar bəstəkarları
qınayırlar. Biz də bu mövzuda musiqiçiləri
sorğuya çəkdik. Onlardan son illərin ən
yaxşı musiqi əsərinin adını öyrənmək
istədik.
Müğənni Aybəniz
Haşımova son illər Azərbaycanda dəyərli və
yaddaqalan əsərlərin yazılmadığını
söylədi: "Bu, Azərbaycan üçün, musiqinin vətəni
sayılan ölkəmiz üçün olduqca
acınacaqlı haldır. Bizim istedadlı bəstəkarlarımız
var, amma nədənsə, son illər onlar yaddaqalan əsərlər
yazmırlar. Qara Qarayevin, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun
və digərlərinin yazdığı yüksək səviyyədə
olan əsərlər də getdikcə korlanır. Mənim
sözlərim gənclərin xətrinə dəyməsin, həmin
əsərləri gənclər korlayır. Onsuz da səviyyəli
əsərlər az yazılır, heç olmasa, keçmişin
incilərinə toxunmasınlar".
Vətənpərvər
ruhlu mahnıları ilə Azərbaycanın və yaxın
ölkələrin səhnələrini bəzəyən
"Savalan" qrupunun rəhbəri Novruz Novruzov qeyd etdi ki,
Alim Qasımovun Yaşıl Teatrda bəstəkar-cazmen
Şahin Növrəsli ilə birgə konserti yadındadır:
"Yaxşı əsərləri orada eşitdim. Ümumilikdə
isə heç bir əsəri yadıma sala bilmirəm. Son illər
güclü əsərlər ifa olunmayıb. Bilirsiniz ki, pul hər
şeydən öndədir. Bu səbəbdən də dəyərli,
yaddaqalan əsərlər yoxdur. Maddiyyat irəli keçdikcə,
keyfiyyət aşağı düşür. Əsas məsələ
bundadır. Belə getsə, yaxın illərdə
yaxşı əsər gözləmək mənasızdır".
Akif İslamzadə gənc
müğənnilərin ifasını bəyəndiyini deyərək,
onların oxuduğu mahnıların yaddaqalan olduğunu
söylədi: "Amma onlar əsər deyil. Həm də son
zamanlar elə bir əsər eşitdiyim də yadıma gəlmir.
Nəinki Qara Qarayev, Fikrət Əmirov səviyyəsində,
heç adi professional səviyyədə də musiqi əsəri
yoxdur". Onun fikrincə, bütün bunlara səbəb
zövqlərin korlanmasıdır: "Zövqsüz
insanların sayının artmasını istəyənlər
çoxdur. Millətin zövqünü korlayırlar. Buna
görə də kim nə istəyir, onu da ifa edir. Biri digərini
söyür, biri açıq-saçıq geyinir. Efiri ədəbsiz
sözlərin məkanına çeviriblər".
Bəstəkar Nadir Əzimov
da yaxşı əsər xatırlamır. O hesab edir ki, əsərlərin
bədii dəyərinin azalması bu sahədə də
özfəaliyyətin yayılması ilə
bağlıdır: "Heç bir əsəri
xatırlamıram və mənə elə gəlir ki, son illərdə
belə əsər yazılmayıb. Çünki indi
ağsaqqal məsləhətinə qulaq asan, keçmişdən
bəhrələnən musiqiçilər çox azdır. Müğənnilər
kimi bəzi bəstəkarlar da pul üçün
çalışır".
Üç nöqtə.-2009.-6 fevral.-S.13.