"Ermənistanın səs hüququndan məhrum edilməsi bizə sərfəli deyil"

 

RƏFAEL HÜSEYNOV: "BİZİM ÜÇÜN ƏN VACİB MƏSƏLƏ ERMƏNİSTANIN AŞPA-da HƏDƏFDƏ OLMASIDIR"

 

 "AŞPA-nın qış sessiyası Azərbaycanın maraqları nöqteyi-nəzərindən müsbət dəyərləndiriləsi bir sessiya oldu. Birincisi, Azərbaycan üçün ciddi maraq kəsb edən bir məsələ bu sessiyada yenə gündəmdə olub. Bizim üçün ən vacib məsələ ondan ibarətdir ki, AŞPA-da Ermənistan həmişə hədəfdə olsun. Açığını deyim ki, Ermənistanın səs hüququndan məhrum edilməsi, onun nümayəndə heyətinin Parlament Assambleyasındakı fəaliyyətinin kəsilməsi bizə bir o qədər sərfəli deyil.

Ona görə ki, bizim üçün burada mühüm olan odur ki, Ermənistan ortada olsun və daim hədəfə çevrilsin". Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Nazirlər Komitəsində daim suallar ortaya qoyur və nəticədə Ermənistan müzakirə olunur, partiya qruplarında qaldırılan məsələlər nəticəsində yenə də Ermənistanla bağlı müzakirələr açılır və s. - "2001-ci ildən bəri bu ölkə Avropa Şurasında özünü müdafiə etməklə məşğuldur. Düşünürəm ki, bunun özü də Azərbaycan nümayəndə heyətinin lap başlanğıcda - vaxtilə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinə başçılıq edən və hazırkı dövlət başçımız cənab İlham Əliyevin müəyyən etdiyi doğru xəttin nəticəsidir. Əsas amal bu olub ki, Ermənistana istər-istəməz ikili standartlarla yanaşmalar olacaq, Ermənistanı cəzalandırmaq məsələsi ortaya gələndə həmişə daha yumşaq bir variant seçiləcək. Ona görə də elə etmək lazımdır ki, Ermənistan hər zaman müdafiə mövqeyində dayansın və özünü yalnız təmizə çıxarmaqla məşğul olsun. Çünki əks-təqdirdə, o, özü hücuma keçməyə başlayır. Bu baxımdan, əlbəttə, ikili standartlar yenə görünür.

- Bunu bir qədər də konkretləşdirmək olarmı?

- Məsələn, vaxtilə Alkema, Trexsel və Arabaçıyevin ortaya qoyduğu beş prinsip əsasında siyasi məhbus anlayışını təsnifatlandırmaq üçün kriteriyalar müəyyənləşmişdi və Azərbaycanda siyasi məhbusların olması məsələsi ortalığa qoyulmuşdu. Əslində, eyni kriteriyalarla Avropa ölkəsinin hansını qaldırsan, orada siyasi məhbuslar tapa bilərsən. İndi Ermənistanda baş verən prezident seçkiləri əsnasındakı hadisələri də nəzərdən keçirərkən həmin beş prinsipi ortaya qoyursan və görürsən ki, onların beşi də Ermənistana uyğun gəlir, amma Ermənistanla bağlı siyasi məhbus məsələsi ortaya qoyulmur. Bu isə əlbəttə ki, böyük təəssüf hissi doğurur. Ancaq biz bu mövqeyə, bu yanaşmaya əvvəldən həmişə hazır olmuşuq, bu gün də hazır olmalıyıq, gələcəkdə də. Ermənistan nümayəndə heyəti AŞPA-da yalnız sadəcə bir nümayəndə heyəti demək deyil, yalnız Ermənistan Respublikası demək deyil, bunun arxasında nəhəng bir lobbinin sifəti dayanır. Bunun mahiyyəti ondan ibarətdir ki, biz AŞPA-da həmin nəhəng lobbi ilə üz-üzəyik və Azərbaycan bu lobbiyə qarşı mübarizəsini bundan sonra da uğurla davam etdirməlidir. Heç bir ikili yanaşmalar, yumşaq münasibətlər, başqa standartlar bizi bu mübarizədən bir an belə çəkindirməməlidir. Düşünürəm ki, Ermənistan yenə hədəfdədirsə, ona gələn sessiyaya qədər müddət qoyurlarsa, bunun özü də çox yaxşı bir haldır.

- Məsələn, nə kimi hallardan söhbət gedə bilər?

- Bununla Ermənistan növbəti dəfə hədəfdə olacaq. Yenə də biz növbəti dəfə danışmaq, söz demək, ittiham irəli sürmək imkanına malik olacağıq. Yəni, Ermənistan daim hədəfdə olmalıdır və əsas da ondan ibarətdir ki, Avropa Şurası artıq beş il, altı il, yeddi il əvvəlki Avropa Şurası deyil. Əvvəllər heç vaxt Ermənistan haqqında belə mövqelər ortaya qoyulmur, müzakirələr təşkil edilmirdi. Məsələ bu həddə çatmırdı ki, Ermənistanı hədələsinlər və desinlər ki, səni bu qurumdan çıxaracağıq, qovacağıq, səsvermə hüququndan məhrum edəcəyik və sair. Məsələ indi bu mərhələyə çatıbsa, deməli, gələcəkdə daha ciddi cəzalar mərhələsi də gələcək, olacaq. Bu gün Ermənistanın apardığı dövlət siyasəti elə bir həddədir ki, gec-tez bu hadisələrin məntiqi nəticəsi onlara cəza verilməsi ilə sonuclanacaq.

- Yeri gəlmişkən, sessiyada Azərbaycanda keçiriləcək 18 mart referendumu ilə bağlı məsələyə də toxunulub. Bu məsələ gələcəkdə Azərbaycan üçün növbəti başağrısına çevrilə bilərmi?

- Düşünürəm ki, bu məsələ ilə bağlı müzakirələr tamamilə təbii sayılmalıdır. Çünki Avropa Şurası üzv ölkələrdə keçirilən bütün seçkiləri izləyir, öz nümayəndələrini göndərir. Bu baxımdan, qurumun Azərbaycanda keçiriləcək 18 mart referendumuna da maraq göstərməsi tamamilə təbiidir. Mən şəxsən bunu müsbət qiymətləndirirəm. Əvvəla, ona görə ki, Avropa Şurası bura nümayəndələr göndərmək, bu prosesi izləmək istəyirsə, deməli, bu prosesi tanıyır, onu dəyərləndirir və bu prosesin standartlara uyğun olmasını arzulayır. Bəzən elə ölkələr olur ki, heç orada keçirilən parlament, prezident seçkilərinə beynəlxalq təşkilatlar nümayəndə göndərmək istəmirlər, yəni, artıq bəribaşdan həmin prosesə mənfi münasibətlərini ifadə etmiş olurlar. Azərbaycanda baş verən proseslər isə açıq proseslərdir və belə düşünürəm ki, 18 mart referendumu da tam şəffaf bir şəkildə keçəcək, belə qənaətdəyəm ki, müşahidəçilərin də bununla bağlı rəyi müsbət olmalıdır. Çünki ortada əsas xalqın rəyidir və bunlar hamısı səsvermə ilə müəyyən olunan bir prosesdir, prosedurdur. Bir sözlə, hesab edirəm ki, 18 mart ümumxalq səsverməsinin Azərbaycan üçün bir başqa əhəmiyyəti də olacaq.

 

 

Elməddin Muradlı

 

Üç nöqtə.-2009.-10 fevral.-S.9.