İqtisadi sunami
"ƏSRİN MÜQAVİLƏSİ"
QAFQAZI BU BƏLADAN XİLAS ETDİ
Ey gidi dünya...
Qlobal iqtisadi böhranın ilk günlərində bir çoxları belə rəylər irəli sürürdü ki, bu proseslər əsasən Rusiyanın Qafqazda apardığı hərbi əməliyyatlardan sonra cavab tədbirləridir və hədəf olaraq əsasən bu ölkə götürülüb. Lakin sonrakı dönəmdə bəlli oldu ki, bu, təkcə neft-yanacaq mənbələri olan ölkələri əhatə etməyəcək və bu iqtisadi sunaminin zərbəsi çoxlarına dəyəcək.
Bununla belə, cavab tədbirlərini həyata keçirmək üçün neft-qaz resurslarına malik olan ölkələr müxtəlif əks tədbirlər həyata keçirməyə başladılar. İlk növbədə qaz OPEK-inin yaradılmasından tutmuş, qazın dünya bazarına çıxarılmasında fərqli siyasətin yürüdülməsinə kimi müxtəlif vasitələrə əl atılmaqdaydı. Lakin heç kəs qışın sərt soyuğunda Avropanın "qaz müharibəsi"ni bu cür yaşayacağını zənn etmirdi. Çünki bir çoxları düşünürdü ki, ortada real müqavilələr mövcuddur, tərəflərin öhdəlikləri var və heç kim ağlına gətirməzdi ki, Rusiya Avropanın, Qərbin Rusiyaya yönəlik siyasətini məhz "Qazprom" vasitəsilə dəyişər və özündən asılı vəziyyətə salar. Ona görə ki, bir çoxları düşünməzdi ki, indi Kremlin xarici siyasətində "Qazprom" ön mövqeyə çıxarılıb və mənə elə gəlir ki, onun bir forpost olaraq ən müxtəlif siyasi vasitəyə çevrilməsi Rusiya siyasi elitasının və texnoloqlarının beyninin məhsuludur. Amma bu məqamda heç şübhəsiz ki, bir vacib məsələ ön plana çıxır. Zaman-zaman tarixdə də belə olub ki, yanacaq resursları və enerji mənbələri uğrunda mübarizə və müharibələr bəzən dünya savaşına səbəb olub. Belə olan təqdirdə 21-ci əsrin ilk illərində bu, özünü daha ciddi şəkildə hiss etdirməkdədir. Bu dönəmdə iqtisadi cəhətdən bu əlamətlərə görə asılılıq, qaz və neft ehtiyatlarının az olması və bunu xarici bazarlardan əldə etmək hər bir ölkənin siyasi müstəqilliyi məsələsini də bir daha ön plana çıxarmış oldu. Bəlkə də SSRİ-dən azad olandan sonra ölkələr müstəqilliyin digər müxtəlif atributlarını əldə edəndə onu bu cür vasitələrin azadlığı kimi başa düşmürdülər. Amma Azərbaycanın timsalında bu məsələ məhz elə bu cür də təzahür etmiş oldu. Yəni biz beynəlxalq aləmlə iqtisadi münasibətlərimizi müstəqil qaydada qurmaqla azadlığımızı tapmış olduq. Və 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" 2008-ci ilin avqust hadisələrində Qafqazın xilası amili kimi çıxış etməkdədir. Mən tamamilə açıq şəkildə iddia edirəm ki, bu məsələdə Azərbaycanın yürütdüyü siyasət bütövlükdə Cənubi Qafqazın Rusiya tərəfindən işğalının qarşısını aldı. Başqa mənada, o qədər də qlobal layihələr mövcud deyildi ki, beynəlxalq gücləri bura bağlaya bilsin. Yəni hazırda neft və qaz layihələri üzrə Cənubi Qafqazda Azərbaycanla müxtəlif müqavilələrdə əməkdaşlıq edən transmilli korporasiyalar amili Rusiyanın qarşısında çəkindirici bir vasitə kimi çıxış etmiş oldu. Ona görə də düşünürəm ki, qarşıdakı dönəmdə qaz və neft uğrundakı savaşda Azərbaycanın yürütdüyü siyasət və digər beynəlxalq əlaqələr, əməkdaşlıq ölkəmizin müstəqilliyinin daha da möhkəmləndirilməsində mühim bir təminatçı kimi çıxış edəcək. Avropanın təxminən 20-dək ölkəsinin Rusiyadan asılılığı onların bu ölkənin beynəlxalq hüquqazidd hərəkətlərinə dözüb tab gətirməsinə səbəb olacaqsa, bu halda həqiqətən də beynəlxalq münasibətlər sistemi əvvəlki ziddiyyətlərində davam edəcək. Yox, əgər həqiqətən də kontur-siyasətlər elə həm də həmin ölkələrə qarşı yönəlibsə, onun alternativləri Azərbaycanın timsalında reallaşdırıla bilsə, bu, artıq tamamilə yeni siyasi bir düzən olacaq. Əminəm ki, qaz savaşı beynəlxalq münasibətlərin yenidən qurulmasında və yeni qüvvələr nisbətinin formalaşmasında, yəni, güc balansının yenidən düzənlənməsində mühüm bir amil olacaq.
Zahid Oruc,
millət vəkili
Üç nöqtə.-2009.-7 fevral.-S.6.