Müğənnilərimizin bərbad veb-saytları
FAİQ AĞAYEV ÖZ SAYTINDA HƏLƏ
DƏ ƏMƏKDAR ARTİSTDİR
AYGÜN KAZIMOVANIN SAYTINDA İSƏ ANA DİLİNDƏ
HEÇ NƏ YOXDUR
İNTERNETDƏN istifadə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirilib. Bu, digər sahələrlə yanaşı, məşhur şou-biznes nümayəndələri ilə təmas qurmaq üçün yaxşı vasitədir. Xaricdə fanatlar sevdikləri müğənnilərin saytlarına daxil olmaqla onların yaradıcılığını izləmək, yeni layihələrlə tanış olmaq imkanı qazanır, suallara cavab ala bilir, arzu, təklif və ya iradlarını bildirirlər. Ən əsası isə əcnəbi ulduzlar öz pərəstişkarlarının müraciətlərinə biganə qalmırlar. Təəssüf ki, Azərbaycan sənətçiləri barədə belə xoş sözlər söyləmək mümkün deyil. Bunu milli şou-biznes nümayəndələrinə məxsus veb-səhifələri gözdən keçirdikdən sonra bir daha qətiyyətlə söyləmək olar. Sayt yaradılır, bir neçə hit mahnı, sənətçi və onun yaradıcılığı haqqında məlumat yerləşdirilir, bununla da iş bitmiş hesab olunur. Sonra isə heç nə yenilənmir. Şou-biznes aləmindəki əjdahaların, madonnaların, primadonnaların, toylar krallarının saytları nə gündədir? Başladıq müğənnilərimizin veb saytlarını araşdırmağa.
İlk açdıgımız sayt xalq artisti Brilliant Dadaşovanın oldu. Xanım müğənninin internet saytının o biri həmkarlarının saytından nisbətən yaxşı olduğunu gördük. Qara lövhə ilə açılan saytda əvvəlcə "brilliant" daşı təqdim olunur, sonra da köhnə xəbər - onun "Yağış" mahnısına çəkdirdiyi klip haqqında məlumat görünür. Üç dildə olan saytda onun şəkilləri, klipləri, mahnıları yerləşdirilib. Bioqrafiya bölməsində isə tanınmış ailədən olması, anasını avtoqəza nəticəsində itirməsi kimi məlumatlar yer alıb. Köhnə şəkil və məlumatlardan görünür ki, müğənni uzun müddət sayta daxil olmayıb. Amma insafən Brilliant xanımın saytı orijinallığı ilə seçilir.
Sevda Ələkbərzadənin saytı milliliyi özündə əks etdirdiyindən ürəkaçandır. Müğənninin peşəkarlıqla çəkilmiş şəkillərini, milli geyimini, əlindəki tar və qavalı bəyənməmək mümkün deyil. Amma bu müğənni də saytında rəngarənglik etməyib. Burda da yeniləşmə aparılmır. Saytda "Gül açdı" albomu və "Şəbi-hicran" layihəsi haqqında gen-bol xəbərlər təkrarçılığı və bənzərliyi ilə yorucudur. Düzdür, müğənninin nisbətən yeni fotolarına və mahnılarına burada rast gəlmək olar. Nəzərə alsaq ki, digər müğənnilər saytı sonuncu dəfə 2002-ci ildə yeniləşdirib, onda Sevda Ələkbərzadəni heç olmasa bir il əvvəl saytı ilə maraqlandığına görə, alqışlamaq olar.
Xalq artisti Aygün
Kazımovanın saytında ana dilində heç nə yoxdur.
Eyni zamanda, sayt açılar-açılmaz buna baxmamaq fikrinə
düşürsən. Birinci səhifə o qədər
maraqsızdır ki, içində səni nə gözlədiyini
öyrənmək fikrindən o dəqiqə vaz keçirsən.
Rus və ingilis dilində olan sayta Azərbaycan dilini daxil etməyi
deyəsən, müğənni unudub. Burada sonuncu dəfə
2002-ci ildə onun "Best model of Azərbaijan"ın rəhbəri
seçilərkən qələmə alınan informasiyalar
yerləşdirilib. Müğənni son mahnılarını
bura daxil etməyi unutmaqla yanaşı, haqqında informasiyalar
yetərli qədər deyil.
Faiq Ağayevin saytı Aygünün saytından
heç də az fəqlənmir. Müğənninin saytı
oxunmadığı üçün toz basmış kitaba bənzəyir.
Maraqlı burasıdır ki, müğənni öz
saytında hələ də əməkdar artist kimi göstərilir.
Yəni xalq artistinin özü də saytına baxmır. Sayt
iki foto və "qızıl şlyager" sözləri ilə
açılır. Burada 1991-ci ildən 2002-ci ilə qədər
onunla bağlı xəbərlər yerləşdirilib. Şəkillər
bölməsində olan fotolar onun sənətə yeni gəldiyi
illəri xatırladır. Sözün qısası, Faiq də
illərdir ki, saytından xəbər tutmur. Belə olan halda
sayt onun nəyinə lazımdır?
Elşad Xosenin saytı
bərbad vəziyyətdədir. Bir neçə il əvvəl
yaradılan sayt necə var idisə, elə də qalıb. Sayt
bir neçə bölüm və bir-iki şəkildən
ibarətdir. Burada onun ilk albomundan mahnılar da var. Çox
kasad saytda bölmələr işləmir. Reperin işləməyən
sayt yaratmasının səbəbini də yəqin yalnız
özü bilir.
Tünzalə
Ağayevanın saytı maraqlı olsa da, burada da heç bir
yeniləşmə aparılmır. Sonuncu məlumatlar
2004-cü ili əhatə edir. Saytda onun haqqında qısa məlumat,
əvvəlki stilində-başı bağlı şəkilləri,
mahnıları var. Müğənninin 4 ildəki dəyişikliyi
haqqında saytda zərrə qədər də informasiya
yoxdur.
Dörd dildə fəaliyyət
göstərən, amma bircə dəfə də olsun
baxılmayan saytın özü maraqlıdır. Sayt bölmələrinin
teatr səhnəsi formasında əvəzlənməsi ilə
diqqəti çəkir. Eyni zamanda, saytın forum bölməsi
işləmir.
Azərinin saytı 3
dildə fəaliyyət göstərir. Müğənni
bildirir ki, sayt ziyarətçilərini burada görməkdən
məmnundur. Ən maraqlısı isə Azərinin
özü haqqında informasiyaları saytda yerləşdirməməsidir.
Saytda müğənninin yaradıcılığı ilə
bağlı məlumatlar yerləşdirilib. Eyni zamanda, Emin
Sabitoğlu, Vaqif Mustafayev, Rafiq Babayev və başqa sənətkarlar
haqqında qısa məlumatlar var. Azərin təvazökar
olduğunu saytda da nümayiş etdirib.
Röyanın saytı
isə təmirdədir. Müğənninin saytına
giriş məhdudlaşdırılıb. Saytın ilk səhifəsi
açılsa da, bölümlərə daxil olmaq
mümkün deyil.
İradə
İbrahimovanın saytı isə qətiyyən işləmir.
Nə vaxt işləyəcəyi isə məlum deyil.
Beləliklə,
tanınmış estrada müğənnilərinin
İnternet saytlarını nəzərdən keçirdikdən
sonra belə qənaətə gəlmək olur ki, bizim
müğənnilər öz veb-səhifələrini sadəcə
prestij əlaməti olaraq yaradıblar. Vaxtilə həmin
saytların gurultulu təqdimat mərasimini keçirən
müğənnilərin əsas məqsədi bu olub ki, qoy
desinlər ki, filankəsin də veb-səhifəsi var. Halbuki,
bu cür "ölü saytlar"ın fəaliyyət
göstərməsindənsə, göstərməməsi
daha məqsədəuyğundur. Belə nəticəyə gəlmək
olar ki, bu saytları heç kim - nə jurnalistlər, nə
musiqi həvəskarları, nə də fanatları izləyir...
Simnarə.
Üç nöqtə.-2009.-7 fevral.-S.17.