"Məni
25 il sərasər sındırmağa çalışdılar"
NİSƏ QASIMOVA: "İNDİ O İNSANLARIN
GÜCLƏRİ TÜKƏNİB"
BU GÜN MÜĞƏNNİNİN AD
GÜNÜDÜR
BU gün səhnəmizin
korifey sənətkarı Nisə Qasımovanın doğum
günüdür. Ömrünün çox hissəsini musiqi
mədəniyyətinin inkişafına və onun təbliğinə
həsr edən müğənni bizimlə söhbətində
olduqca səmimi idi. Ümumiyyətlə, onu tanıyanlar bilir
ki, Nisə xanım bir insan kimi çox mehribandır. Bu dəfə
də ənənəsinə sadiq qalan müğənni
çox mətləbləri açıqladı.
- Hər il qeyd edirdiniz
ki, 25 yaşınız tamam olur. Bu simvolik rəqəm bu dəfə
də öz qüvvəsini saxlayır?
- 25 yaxşı
yaşdır, 55 isə ondan da yaxşıdır. 50
yaşım olanda mənə elə gəlmişdi ki,
dünyam alt-üst olacaq. Çünki bir dostum demişdi ki,
həmin yaşda insan artıq qocaldığını hiss
edir. Buna görə kədərlənmişdim.
Açığı, 50 yaşıma qədər
unutmuşdum ki, neçə yaşım var.
Yaşımın zaman-zaman artığını duymurdum.
Düşünürdüm ki, 20-30 yaşlarımda hələ
həyata keçirə bilmədiyim işlərim, oxuya bilmədiyim
mahnılar var. Nəhayət, özümü toparlayıb qəbul
etdim ki, bu il mənim 25 yox, artıq 55 yaşım olur.
İnanın ki, 25 yaşla 55 yaş arasında heç bir fərq
yoxdur.
- Nə qəribədir,
1 il müddətində 30 yaş qocalmaq.
- İnsanın
yaşı bir günün içində də arta bilər.
Mən ANS telekanalında "Xoş vaxt olun" verilişində
aparıcılıq etməyə başlayandan öz mənəvi
dəyərimi, çəkimi hiss etməyə
başladım. Günbəgün məsuliyyətim artmağa
başladı. Çətindir efirdə iki saat canlı proqram
təqdim etmək. Bilirsiniz, biri var ki, mənim həqiqi 25
yaşım olardı, o yaşda veriliş aparardım. O
yaşda veriliş apararkən şuxluq, gümrahlıq
göstərmək daha asandır. Amma mən bəlli bir
yaşımda bu məsuliyyətli yükün altına girdim.
Buna baxmayaraq, mənimlə birgə çalışan
kollektivin bütün nümayəndələri mənə
çox dəstək olur. Çox sevdiyin, etimad göstərdiyin,
yaşından asılı olmayaraq, bütün
ixtiyarını verdiyin dostlar elə bir hərəkət edirlər
ki, bir günün içində qocaldığını hiss
edirsən. Çox pis haldır ki, dostlar adamın
inamını itirir.
- Belə olanda kimi
qınayırsınız, özünüzü, yoxsa həmin
naxələfləri?
- Belə hal baş verəndə
özümü qınayıram ki, bu yaşda olan adam da
gözlərini yumub aldanmasına yol verərmi?
- Nisə xanım,
bugünkü yerinizdən razısınız?
- Hər kəs bunun
şahidi olub ki, Nisə xanım Qasımova heç vaxt
birincilik iddiasında olmayıb, kiminsə yerini tutmaq istəməyib.
Məclislərdə belə başda oturmağa can
atmamışam. Mən öz yerimi beynimdə təkmilləşdirmişəm.
Moskvadan qayıdanda jurnalistlər mənə dedilər ki, siz
yenidən yerinizə qayıtdınız və
qorxmadınız burada olmadığınız müddətdə
yerinizi kimsə tutar? Mən bildirdim ki, Azərbaycan musiqi sənətində
özümə elə bir taxt-tac qurmuşam, elə bir yer
tutmuşam ki, bu yeri heç vaxt kimsə tuta bilməz. Mənim
yerim öz əqidəmdə yuxarıdadır. O yeri heç
kimə verməmişəm və verən də deyiləm.
- Sizdən həmişə
səmimilik görürük.
- Bu, mənim devizimdir.
Heç vaxt çalışmamışam ki, efirdə, yaxud
qəzet üçün dəyərli jurnalistlərimizə
müsahibə verərkən maskalanım. İnsanları
aldatmaq olmaz. Hərdən olur ki, kədərli oluruq. Belə əhvalda
elə məqam olur ki, insanlara bunu duydurmamaq üçün
özünü heç nə olmamış kimi aparırsan.
Deyib-gülürsən, özünü gümrah göstərirsən.
Lakin bu, maskalanmaq deyil. O ki, daxilində xəbis insan olursan,
amma efirdən, müsahibələrindən insanlara xoş
görsənmək üçün dəridən-qabıqdan
çıxırsan, bax, bu, maska yox, əsl maskarad olur.
- Maraqlıdır, vaxtilə
yardım diləmək üçün əl
uzatdığınız insanlar bu gün sizinlə münasibət
qurmağa çalışırlarmı?
- Mən o insanların
bu gün varlıqlarını nə duyuram, nə də
görürəm. Doğrudan da vaxtilə mənə çox
əzablar veriblər. Amma indi belə şeylər yoxdur.
Çünki o insanların gücləri tükənib.
Çünki sadə, səmimi, yaxşı insan olmaq
çox gözəldir. İnanın ki, məni 25 il sərasər
sındırmağa çalışdılar. Hətta nail də
oldular. Lakin sındığımı xalqa göstərməmişəm.
Hətta canım da əldən gedirdi. Bu gün isə hər
şey çox gözəldir. Çünki bütün əzabları
geridə qoya bildim.
Qasımova, Nisə
Üç nöqtə.-2009.-13 fevral.-S.13.