"Araşın mahnısı əsl "Eurovision" üçündür"

 

FƏRHAD BƏDƏLBƏYLİ: "ONUN HAQQINDA DEYİLƏNLƏR FAKTA SÖYKƏNMİR"

 

"VAXT QITLIĞINDAN AYSEL TURNELƏRƏ ÇIXA BİLMİR"

 

"EUROVİSİON-2009" mahnı müsabiqəsində səslənəcək "Alvays" (Hər zaman) mahnısının müəllifi Araşla bağlı ittiham dolu bəyanat yayılıb. Güney Azərbaycandan olan Məhəmməd Rza tərəfindən göndərilən bəyanatda Araşın farsyönümlü olduğu, yazdığı mahnının "Eurovision"da səslənməsi ilə fars şovinizmini təmsil etdiyi deyilib: "Araş Güney Azərbaycandan olsa da, heç vaxt Azərbaycanı tanımayıb. Həmişə Quzey Azərbaycanı təmsil edib. O, indiyə qədər bir dəfə Azərbaycan mahnısı ifa etməyib. Bir adam ki, dünənə qədər özünü iranlı kimi təqdim edib, birdən-birə oldu? Ola bilər ki, Aysel Teymurzadə "Eurovision"da onun mahnısı ilə ön sıraları tutsun. Amma dəyərmi Azərbaycan türkünün düşmənini təmsil edən bir bəstəkarın mahnısı Aysel Teymurzadənin ifası ilə dünyaya çatdırılsın? Bəyəm Azərbaycanda bəstəkar qıtlığıdır? Unutmayın ki, "Eurovision" kimi yarışmada fars mahnısı ilə çıxış etmək Azərbaycan üçün ən acı olay ola bilər. Haqq səsinizi ucaldın, qoyun Aysel Teymurzadə həmin müsabiqədə öz milli elementlərimizə söykənən bir mahnı ilə yarışmaya qatılıb, milli kimliyimizi dünya ictimaiyyətinə çatdırsın".

   Deyilənlərlə bağlı Bakı Musiqi Akademiyasının rektoru, "Eurovision"un münsiflər heyətində təmsil olunan Fərhad Bədəlbəyli ilə əlaqə saxladıq. Araş haqqında deyilənlər qədər həqiqətə uyğundur? Münsiflər heyəti hansı kriteriyalara əsasən, məhz Araşın mahnısını seçdi?

   Fərhad Bədəlbəyli "Üç nöqtə"yə açıqlamasında bildirdi ki, Araş haqqında deyilənlər heç bir fakta söykənmədiyindən, bu barədə bir söz deyə bilməz: "Mən "Eurovision"da təmsil olunan münsif kimi Araşın mahnısına ona görə üstünlük verdim ki, o mahnıda Qərb elementləri var. Əsl "Eurovision" üçün mahnıdır. Çoxları bizə irad tutur ki, müsabiqədə iştirak edən mahnıda Şərq elementləri olmalıdır. Amma başa düşmürlər ki, bu, daha çox Avropa ölkələrinin iştirak etdiyi müsabiqədir. Mahnıda milli ruhu saxlamaq şərti ilə çalışmaq lazımdır ki, Avropa standartlarına cavab versin". Ayselin xarici ölkələrə turneyə çıxmamasına gəlincə, Fərhad Bədəlbəyli bunu vaxt qıtlığı ilə əlaqələndirdi qeyd etdi ki, müğənninin kliplərindən ibarət video-rolik hazırda bir çox ölkələrin televiziyalarında nümayiş olunur. Onu da qeyd edək ki, Fərhad Bədəlbəyli Aysel Teymurzadənin Araşla birgə "Eurovision"da duet ifa etməsini təsdiqləyib. Baş verənlərlə bağlı heç bir suala cavab verməyən Aysel Teymurzadə qeyd etdi ki, "Eurovision"la bağlı suallara cavab vermək İTV-nin səlahiyyətindədir.

 

 

Üç nöqtə.-2009.-13 fevral.-S.13.