"Açıq-saçıq
filmlərə çəkiləcəyəm"
"QIZLAR" SERİALINI OYNAMAĞA ÖZÜMÜ
MƏCBUR EDİRDİM"
VƏFA ZEYNALOVA: "HEÇ KİM MƏNİ
QINAMASIN"
AKADEMİK Milli Dram Teatrının
aktrisası Vəfa Zeynalova hər kəsə
tanışdır. O, filmlərdə və tamaşalarda daha
çox baş rolun ifaçısı kimi xatırlanır. Aktrisanın
həyatında ilk çəkildiyi "Xınalı
yapıncaq" serialındakı Lamiyə obrazının
xüsusi yeri var. Bu filmi özünün vizit kartı hesab edən
aktrisa qeyd edir ki, tamaşaçılar ona hələ də
Lamiyə deyə müraciət edirlər. Redaksiyamızın
qonağı olan aktrisa bizimlə söhbətində həm
yaradıcılığından danışdı, həm də
bir çox digər mətləblərdən söhbət
açdı.
- Vəfa Zeynalova, yoxsa,
Rzayeva?
- Əslində
tamaşaçıların çaş-baş düşməsinə
mən özüm şərait yaratmışam. Zeynalova mənim ata soyadımdır. Ailə qurandan sonra yoldaşımın soyadını daşıdım
və o mənə söylədi ki, artıq bəyan elə ki, sən Rzayevasan.
Mən də onun söylədiyi
kimi açıqlama verdim, bundan sonra tamaşaçılar
arasında çaşqınlıq
yarandı. Hətta bəziləri şayiə
yaydı ki, guya Zeynalova mənim birinci həyat yoldaşımın
soyadıdır, Rzayeva
isə, ikinci dəfə ailə qurduğum şəxsin soyadıdır. Amma elə deyil, mən bircə dəfə ailə həyatı qurmuşam. Ailəmlə xoşbəxtəm.
Kim hansı soyadla istəyirsə, məni onunla da təqdim edir. Çünki Zeynalova da mənimdir,
Rzayeva da. Sənəddə yodaşımın
soyadı yazılsa da, xalq məni
Zeynalova kimi qəbul edib. Nə isə Rzayeva soyadı qəbul olunmadı. Özüm də istəyirəm ki, Zeynalova kimi təqdim olunum. Buna heç yoldaşım narazı deyil.
- Hollivud və Türkiyənin
kino ulduzları ilə eyni filmə dəvət
almışdınız. Həmin filmin taleyi necə oldu?
- Filmlə əlaqədar
olaraq bir neçə gündür ki, İstanbuldan
qayıtmışam. Bu, böyük bir büdcə tələb
edən filmdir. Hələ ki, çəkiliş
üçün lazım olan smeta dəyəri tutulmayıb. Ona
görə də çəkilişlər uzanır. Onu da
qeyd edim ki, Türkiyə telekanallarında filmin reklam
çarxları getdi.
- Həm filmlərdə,
həm də tamaşalarda siz sənətdə öz
sözünü demiş sənətkarlarla tərəf-müqabil
olmusunuz. Hansı ilə oynamaq sizə daha yaxındır, yəni
bir hərəkətlə, bir işarə ilə bir-birinizi
başa düşürsünüz?
- Bunu çox
düzgün vurğuladınız. Çünki istər
kinoda, istərsə də, tamaşada tərəf-müqablilərin
bir-birini tamamlaması böyük şərtdir. Çünki
elə böyük sənətkarlar var ki, tərəf-müqabil
kimi zəifdir. Mənim tərəf-müqabilim ürəyimcə
olmayanda özüm də oynaya bilmirəm. Çox sənətkarlarımızla
tərəf-müqabil olmuşam və onların mənə
böyük köməkliyi olub. Şükufə Yusifova ilə
eyni səhnədə oynayanda mən zövq alıram. Ondan nə
isə öyrənməyə çalışıram. Bu
sırada Anar Heybətovun da adını çəkə bilərəm.
Redaksiyamıza ilk oxucu zəngi
daxil olur.
- Vəfa xanım, sizi
"Yanmış körpülər" serialında çox
bəyəndim. Amma son zamanlar sənətinizdə sanki
durğunluq yaranıb...
- Film çəkilişləri
var, ona görə görünmürəm. Çəkiliş
prosesi uzun çəkir. Çünki tamaşaçı həmişə
nəticəni görür. Filmlərə baxandan sonra görəcəksiniz
ki, mən boş oturmuram. Həm də mən teatrda da
tamaşalar oynayıram.
- Gəlin, söhbətimizi
davam etdirək. "Qızlar" serialının uğursuz
alınması ilə razısınız? Çunki bir
çox peşəkar insanlar da bunu təsdiqlədi.
- Bayaq siz tərəf-müqabil
ilə bağlı sual verəndə gözlərimin
önündən o serial keçdi. Çünki biz o
qızlarla tərəf-müqabil kimi bir-birimizi başa
düşə bilmirdik, tamamlamırdıq. Ona görə də
serialın uğursuz alınmasında hardasa bizim də bir
oyunçu kimi rolumuz var. Yəni biz üç nəfər
qız bir-birimizi yaxşı anlaya bilmədiyimzə görə,
mənim istədiyim səviyyədə rolun öhdəsindən
gələ bilmədik. Buna baxmayaraq, mən hardasa aktrisalıq
təcrübəmdən qazandıqlarımı həmin rolda
istifadə etdim. Çəkiliş prosesində
"Qızlar" serialını oynamağa özümü
məcbur edirdim. Öz rolumdan özüm ləzzət ala
bilmirdim. Bu da aktyor üçün çox
ağırdır. Çünki özüm-özümə
zülm edirdim. Qəbul edirəm ki, filmin
çatışmayan tərəfləri çox idi. Digər
tərəfdən isə, Azərbaycanda serial
üçün bu, başlanğıc idi. "Bakı-film"
studiyası həmin serialın ərsəyə gəlməsində
çox əziyyət çəkdi. Onlar istəyirdilər
ki, yüksək səviyyəli serial çəksinlər.
Yenə oxucu zəngi
daxil olur:
- Salam, Vəfa xanım.
"Xınalı yapıncaq"da siz Lamiyə obrazını
yaratdınız. Amma mənə elə gəlir ki, bu, sizin
şah əsəriniz deyil. Hələ siz
özünüzü tam olaraq doğrultmamısınız.
Biz sizdən bir rol gözləyək, yoxsa, Lamiyə sizin
obrazlarınızın ən kulminasiya nöqtəsidir?
- Lamiyə mənim
üçün başlanğıc idi. Bundan sonra bir neçə
uğurlu filmlər olacaq ki, o zaman məni yenidən kəşf
edəcəksiniz.
- Yeri gəlmişkən,
Vəfa xanım, siz bir çox filmlərə və
tamaşalara çəkilməyinizə baxmayaraq,
tamaşaçıların yadında Lamiyə kimi
qalmısınız. Bu adla heç sizə müraciət edən
olur?
- Hə, bu günə qədər
tamaşaçı mənə Lamiyə kimi müraciət
edir. Elə insanlar var ki, yaxınlaşır mənimlə
söhbət edir, mənə Lamiyə deyir. O anda demirəm
ki, mən Lamiyə deyiləm, Vəfayam. Çünki bu, mənə
zövq verir. Elə bilirəm ki, doğrudan da Lamiyəyəm.
Hətta bu obrazım mənə bütün
yaratdığım rollardan əzizdir.
Daha bir oxucu zəngi:
- Vəfa xanım, sizin
oynadığınız rolları bəyənirəm, amma
düşünürəm ki, səsiniz dublyaj
olunmalıdır. Çünki səsinizdə kəsilmələr
var.
- Bu məsələləri
mən həll etmirəm. Filmin rejissoru və prodüseri olur. Ona
görə də hes bir söz deyə bilmərəm.
- Vəfa ilə Lamiyənin
arasında hansı oxşarlıqlar var?
- Heç bir
oxşarlıq yoxdur.
- Şou aləmini hər
kəs qalmaqal meydanı kimi tanıyır. Amma bir çox
aktrisalar deyir ki, bütövlükdə teatr aləmində elə
olaylar cərəyan edir ki, şou aləmi onun yanında toya
getməlidir. Bu fikirlə razısınızmı?
- Ümumilikdə
götürəndə hər bir sahədə kolleqalar
arasında çəkişmə var. Sadəcə,
müğənnilər və aktyorlar göz önündə
olduğu üçün mətbuat və maqazin proqramları
onu xalqa tez çatdırır. O ki qaldı sizin
sualınıza, bu, insanın özündən
asılıdır. İnsanın qanında, canında
davakarlıq varsa, harada olursa-olsun qırğın salacaq.
- Şəxsən sizin
teatrda həmkarlarınızla münasibətiniz necədir?
- Hər kəslə
münasibətim yaxşıdır. Sadəcə olaraq, mən
sözü üzə deyən olduğum üçün bu,
bir çoxunun xoşuna gəlmir. Yəni insanlar öz eyiblərini
görmək istəmir. Sonra da məndən inciyirlər. Əgər
kimsə mənim hansısa səhvimi üzümə desə,
ola bilər ki, söz mənim üçün xoş
olmasın, amma qəbul edirəm. Hətta bu barədə
çox düşünürəm, səhvlərimi düzəltməyə
çalışıram. Bəlkə də aqressiv insan
olduğum üçün sözü üzə deməyi
xoşlayıram.
Oxucu zəngi:
- Vəfa xanım, sizin
Məleykə Əsədova ilə münasibətləriniz
niyə pozulmuşdu?
- Mən deməzdim ki,
onunla mənim münasibətim pozulmuşdu. Məleykə
xanım nə düşünürsə, onun özü bilər,
öz işidir. Mən nə var, onu demişəm. O, da həmin
sözləri qəbul etməyib. Lakin bu, onun öz problemdir, mən
yenə də fikrimdə qalıram.
- İfa
etdiyiniz rollar bir az açıq-saçıq olur.
Bu, ailənizdə problem yaratmır ki?
- Hansısa bir obrazla Vəfanı qatmaq olmaz. Mən aktrisayam,
səhnədə başqalarının
həyatını oynayıram.
Səhnədən arxada isə
özüməm və
unutmuram ki, mən hansısa kişinin qızıyam, kiminsə bacısıyam,
kiminsə həyat yoldaşıyam, anayam və nəhayət, Azərbaycanda yaşayıram.
Görürsünüz, buların hamısı
məsuliyyətdir. Həmişə istəmişəm ki, insan birinci özünü,
sonra ətrafını
fikirləşsin. Amma məndə
əksinə olur.
İstər-istəməz ətrafı, ən
sonda isə, özümü düşünürəm.
Açıq-saçıq səhnələrə çəkilmək məsuliyyətdir
və buna görə, çox böyük işlərimi
itirmişəm. Çünki açıq-saçıq səhnələrə
çəkilməkdən imtina
etməyə məcbur
olmuşam. Bu da mənim itkilərim
olub. Amma sərhəddi keçməmək
şərtilə açıq-saçıq
filmlərə çəkiləcəyəm,
heç kim
məni qınamasın.
Çünki mən Vəfa
kimi küçədə
çılpaq gəzmirəm,
hansısa obrazı canlandırıram və onun həyatını tamaşaçıya göstərirəm.
Çəkiliş meydanından çıxdıqdan
sonra artıq özüm oluram. Təbii ki, həyat yoldaşım bu səhnələrə bir az qısqanclıqla yanaşır.
Amma son anda razılaşır ki, bu, mənim
sənətimdir.
-
Həyat yoldaşınız
sizi Vəfa kimi bəyəndi, yoxsa Lamiyə kimi?
-
Vəfa kimi bəyənib. Çünki
onunla
Redaksiyamıza sonunca
oxucu zəngi daxil olur:
- Siz çox gözəl xanımsınız, amma kənardan çox özündənrazı görünürsünüz,
bunu heç sizə deyiblər?
- Çox,
çox, o qədər
deyiblər. Amma mən nə
edə bilərəm ki, mənim görünüşüm budur.
Məni tanıyan hər kəs bilir ki, səmimiyəm.
Simnarə
HƏMİDQIZI
Üç nöqtə.-2009.-14 fevral.-S.15.