Seçiciləri Ülvi Quliyevi axtarır

 

DEPUTATLAR YOXA ÇIXIBLAR

 

ŞİKAYƏTÇİ MİNAYƏ QASIMOVA: "ƏDALARINDAN ADAMA CAVAB DA VERMİRLƏR"

 

MİLLİ MƏCLİS şikayətçilərin ən çox üz tutduğu ünvanlardan biridir. Səs verərək millət vəkil seçdikləri şəxsləri başqa yerdə tapa bilməyən vətəndaşlar şikayətlərini çatdırmaq üçün parlamentin qarşısına toplaşırlar. Amma "vəkil"lərini tapmaq çox vaxt burada da onlara müyəssər olmur. Parlamentin qarşısında günlərlə gözləyən vətəndaşların dərdlərinə şərik olmaq üçün üz tutduq MM-ə.

Baxmayaraq ki, iclas günü deyildi, ancaq şikayətçi əlindən tərpənmək olmurdu. Elə ki, jurnalist olduğumuzu bildilər, sanki aləm dəydi bir-birinə, deputat-filan yaddan çıxdı. Mənə deyilənlərlə buyurun siz də tanış olun. Bir həftədən artıqdır hər gün parlamentin qarşısına gələn Minayə Qasımova dərdini hələ heç kimə deyə bilməyib: "Ədalarından adama cavab da vermirlər. Deyirlər, bu gün də iclas olmayacaq. Guya iclas olanda qəbul edirlər. İclas günü deyirlər iclasdadırlar, iclas olmayan günü də deyirlər parlamentdə yoxdurlar. Telefon zənglərimizə də cavab vermirlər. Bilmirəm, sözümü kimə deyim. İkinci gün səhərdən axşama qədər gözlədim. Amma deputatımızı görə bilmədim. Axşam gedəndə acından ayaqlarım da sözümə baxmırdı". M.Qasımova yaşadığı ərazidən millət vəkili seçilən şəxsi tanıyır: "Bilirəm ki, Ülvi Quliyev adlı şəxsdir. Amma nə rayonda, nə də parlamentdə onu tapa bilmirəm. Seçkilər vaxtı səs toplamaq üçün qapı-qapı gəzirdilər. Sonra isə harada gizlənirlərsə, tapmaq olmur. Bura da o ümidlə gəlmişəm ki, bəlkə Fəttah Heydərovu görüm. Hər halda o da naxçıvanlıdır, bəlkə tanıyıb problemimin həllinə kömək edə". Oğlunun günahsız yerə həbs edildiyini bildirən şikayətçinin sözlərinə görə, heç bir yerdə onun şikayətinə baxan olmayıb.

 

VƏTƏNDAŞLAR ƏRAZİLƏRİNDƏN SEÇİLƏN MİLLƏT VƏKİLLƏRİNDƏN  KÖMƏK GÖZLƏMİRLƏR

 

Lerik rayonundan gələn Ələkbər Quliyev öz rayonundan millət vəkili seçilən şəxsin ancaq adını bilir: "Deyilənə görə, Miri Qəmbərov adlı şəxsdir. Amma seçkilərdən sonra rayonda onu görən olmayıb. Televiziyaya hər gün baxırıq ki, bəlkə danışanda görək. Amma heç danışdığını da eşitmirik. Bura isə millət vəkili Hüseynbala Mirələmovu görmək ümidi ilə gəlmişəm. Oğlumun işə düzəlməsinə kömək etməsini xahiş edəcəm. Hüseynbala müəllim bizim rayondan seçilməsə , eşitmişəm ki, qəbuluna gələnlərə kömək edir". Daşkəsən rayon sakini Şamil Əsədov millət vəkili Qənirə Paşayevanın qəbuluna düşmək üçün paytaxta gəlib: "İndi isə deyirlər ki, Qənirə xanım ancaq öz seçicilərini qəbul edir". Ş.Əsədov fırıldaqçıların qurbanı olduğunu bildirdi: "Bankdan kredit götürmüşdüm. Vaxtında da borclarımı ödəyirdim. Sonradan necə düzüb-qoşdularsa, evimi əlimdən almaq istəyirlər".

 

MİLLƏT VƏKİLİNİ QAZ VERİLMƏMƏSİNƏ, SUYA GÖRƏ YARANAN BORCA GÖRƏ DƏ AXTARANLAR VAR

 

Nərimanov rayonunda yaşayan Azər Həsənov da millət vəkilini parlamentin qarşısında görəcəyinə ümid edir: "Parlament seçkilərində elə gün olurdu ki, iki nəfər namizədlə seçicilərin görüşü olurdu. Seçkilərlə bərabər həmin görüşlərə son verildi. Bilirəm ki, bizim seçki dairəsindən Adil Əliyev millət vəkili seçilib. Amma onunla seçicilərin görüşlərinin keçirilməsinin şahidi olmamışam. Mənə "Azərsu" tərəfindən 10 il əvvəl işlətdiyim suya görə, külli miqdarda borc yazılıb. Amma həmişə kommunal xidmət haqlarını vaxtında ödəmişəm. İndi məndən 1998-ci ildə ödəniş apardığım qəbzləri istəyirlər. Həmin qəbzləri yığıb saxlamaq üçün gərək bir otaq ayıraydım. Mən biləydim ki, 10 ildən sonra belə problemlə qarşılaşacağam. İndi bura gəlmişəm ki, bəlkə Adil müəllim kömək edər".

Parlamentin qarşısına toplaşan 15 nəfər Binəqədi sakini isə "Azəriqaz"dan şikayətçi idi. Sakinlər parlamentə son ümid yeri kimi baxdıqları üçün bura gəliblər. Ələkbər Kərimovun sözlərinə görə, 10 gündür yaşadıqları Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivinə qaz verilmir: "Ərazidə yaşayanların çoxu məcburi köçkünlərdir. Bura toplaşanlar da Cəbrayıl, Ağdam, Laçın, Xocalı, Kəlbəcər rayonundan olan köçkünlərdir. Dövlət hər ay bizim işlətdiymiz qaza görə qaz idarəsinə pul ödəyir. Amma qışın günündə qazımızı kəsiblər. üçün, nəyə görə kəsilib/, bilmirik. İki dəfə yolu bağlasaq da, nəticəsi olmayıb. Binəqədi qaz idarəsinin əməkdaşı deyir ki, ərazidə yaşayanlardan bəziləri qazı rezin boru ilə çəkib. Guya ona görə qazı kəsiblər. Əgər 5-6 nəfər rezin boru ilə qaz çəkibsə, onun cəzasını bütün qəsəbə çəkməlidir? Həmin adamların qazını kəssinlər. Bunlar isə camaatı bir-birinə düşmən etmək istəyirlər. Sakinlərə məsləhət verirlər ki, qazı biz kəsək". Şikayətçilərin parlamentin qarşısına toplaşmaqda məqsədləri problemlərini millət vəkillərinin nəzərinə çatdırmaqdır: "Millət vəkillərindən kim olsa, dərdimizi demək istəyirik ki, problemi həll etsinlər. Oqtay Əsədov, Qənirə Paşayeva, Gültəkin Hacıyeva, Cavid Qurbanov, yaxud başqası. Əsas odur ki, problemimiz həllini tapsın". Redaksiyaya döndükdən sonra biz millət vəkilləri ilə əlaqə saxlayıb şikayətçi olan seçicilərin onları necə görə biləcəkləri ilə maraqlanmaq istədik. Çünki hər bir millət vəkilinin ərazidə seçki qərargahları fəaliyyət göstərməlidir. Lakin telefon zənglərimizə Ülvi Quliyev, Miri Qəmbərov, Adil Əliyev, Hüseynbala Mirələmov cavab verdi. Demək. seçicilərin şikayətləri elə bizim zənglərimiz kimi cavabsız qalır ki, onlar başqa şəxslərdən kömək gözləyirlər///...

Bu da bizim fəal deputatlarımız. Məncə, seçicilərə bu da azdır, axı niyə o deputatlara səs verirdiniz ki, bugünkü gündə üzlərini görməyə həsrət qalırsınız? Heç olmasa, gələn il ayıq olun ki, sizi aldatmasınlar.

   

   

Xalid

 

Üç nöqtə.-2009.-14 fevral.-S.9.