Bütün zamanların Bəxtiyarı
Başın sağ olsun, VƏTƏN!
Sözün bütün mənalarında xalqımıza
böyük itki üz verib. Azərbaycanın böyük şairi,
qüdrətli söz
ustası Bəxtiyar Vahabzadənin dünyasını
dəyişməsi təkcə
o taylı, bu taylı Azərbaycan
üçün deyil,
bütün türk-islam
dünyası üçün,
əsl poeziyasevərlər
üçün böyük
itkidir.
XX yüzillik
xalqımızın tarixində çox təzadlı bir
dövr olsa da, bu əsr həm də mədəniyyətimizin,
ədəbiyyatımızın qızıl əsri kimi tarixləşib.
Bu yüzillikdə xalqımızın çox böyük
fikir sahibləri, işıqlı ziyalıları
yaşayıb-yaradıb, mübarizə aparıb,
adlarını xalqımızın şərəf tarixinə
həkk ediblər. Bu sırada Bəxtiyar Vahabzadə adı da
böyük hörmətlə çəkilir.
Bəxtiyar Vahabzadə
sovet hakimiyyəti illərində dünyaya göz
açıb. O, təhsilini də sovet illərində
alıb. Lakin ağlı kəsəndən bu yad
ideologiyanın onun xalqına, dilinə, dininə necə
böyük bir həqarət olduğunu anlayıb və
bütün şüurlu həyatı boyu bu yabançı
ideologiyaya qarşı mübarizə aparıb. Bu mübarizə
yolunda sovet cəza aparatının basqılarını
bütün çılpaqlığı ilə öz üzərində
hiss edib.
Müdriklərdən
hansısa deyib ki, icazə verilən qəhrəmanlıq qəhrəmanlıq
deyil. Bəxtiyar Vahabzadə qəhrəmanlığı isə
məhz ölümü göz altına almış qəhrəmanlıq,
yüksək ehtirama layiq qəhrəmanlıqdır. O,
imperiyaya qarşı o illərdə mübarizə
meydanına atılmışdı ki, o zaman nəinki bu
sistemin əleyhinə yazmaq, onun əleyhinə
düşünmək belə böyük cinayət hesab
olunurdu və ən yüngül cəza bir neçə illik
Sibir sürgünü ola bilərdi. Moskva müstəmləkə
altında saxladığı xalqları məcbur edirdi ki,
öz "xoşbəxt həyatından" başqa
heç nə düşünməsin. Azərbaycan xalqı məhz
Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından
sonra necə dəhşətli bir imperiyanın girovu
olduğunu və bölünmüş vətənin dərdinin
böyüklüyünü anladı.
Etiraf etmək
lazımdır ki, XX əsrdə Səməd Vurğundan sonra
Bəxtiyar Vahabzadə qədər ümumxalq sevgisi
qazanmış ikinci bir söz adamına rast gəlmək
mümkün deyil. O, xalqımızın canlı fikir tərcümanı
idi. Təpədən dırnağacan milli şair olan Bəxtiyar
Vahabzadənin poeziyası milli olduğu qədər də fəlsəfi,
lirik, poetik idi. Yazdığı hər bir şeir
çap olunan andan dillər əzbəri olurdu. Çünki bu poeziya xalqımızın
ruhundan, qan yaddaşından süzülüb
gəlirdi.
Bəxtiyar Vahabzadə iliyinəcən
bir Azərbaycan sevdalısı idi. O, Azərbaycanın
ən ağır günlərində sinəsini
və qələmini sipərə çevirib düşmənlərin üstünə
alov yağdırırdı.
Məşum 20 Yanvar günlərində
ölümün gözünün
içinə dik baxaraq, əli xalqımızın qanına
batmış işğalçı
rus generalının üzünə tüpürüb,
bu xalqın heç bir işğalçı qarşısında
diz çökməyəcəyini
də hayqıran Bəxtiyar Vahabzadə idi.
Bəxtiyar Vahabzadə
xoşbəxt şairdir. Çünki hələ
sağlığından özü və sənəti
xalqın ən böyük hörmətini, rəğbətini
qazanıb. O, sağlığında klassikləşmiş
şairdir. Azərbaycan xalqı var olduqca Bəxtiyar Vahabzadə
də var olacaq. Çünki o, bu xalqın ruhundan doğub və
ruhunda da yaşayacaq. Yerin behişt olsun, böyük ustad!
"Üç nöqtə"
Üç nöqtə.-2009.-14 fevral.-S.2.