Hadi Rəcəbli şeyxlə razılaşmır

 

"SURROQAT ANA"ya QALSA, O ZAMAN ORQAN DƏYİŞMƏNİN ÖZÜ DƏ GÜNAH SAYILA BİLƏR"

 

HADİ RƏCƏBLİ: "ƏGƏR BU GÜN AZƏRBAYCANDA 13 FAİZ İNSANIN REPRODUKTİV SAĞLAMLIĞI ZƏİFDİRSƏ, BU YÖNDƏ HƏYƏCAN TƏBİLİ ÇALINMALIDIR"

 

"MƏN şeyx həzrətlərinin fikirləri ilə tanışam. Şeyx cənabları bildirir ki, "surroqat ana", eləcə də filan-filan məsələlər olmaz, çünki bunlar islama ziddir. O zaman şeyx cənablarına onu da sual verək ki, araq içmək olar, yoxsa olmaz? O, əlbəttə, deyəcək ki, olmaz. Ancaq özünüz də şahidsiniz ki, bu gün cəmiyyətin yarıdan çoxu araq içir, spirtli içkilərdən istifadə edir".

 Bu fikirləri Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli parlamentdə müzakirəsi yarımçıq qalan "Reproduktor sağlamlıq haqqında" qanun layihəsində əksini tapan bəzi məqamlarla bağlı cəmiyyətin, xüsusən də Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin etirazına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, "surroqat ana"ya qalsa, o zaman transplantasiyanın - orqan dəyişmənin özü günah sayıla bilər: "Bəzən bir insanın ürəyini dəyişirlər, bəzən bir insanın böyrəyini başqa bir insana köçürürlər sair. Biz əgər o məntiqlə yanaşsaq, onda gərək bu orqan köçürmə prosesini günah sayaq. Elə hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Bu, əslində, yeniliyin hələ cəmiyyət tərəfindən tam qəbul olunmamasıdır. Ancaq çox maraqlıdır ki, biz bunun qədər əleyhinə danışsaq da, buna qarşı getsək , bunlar real həyatda var. "Surroqat ana" xidmətindən istifadə edən xeyli sayda insanlarımız mövcuddur".

Hadi Rəcəbli hesab edir ki, sözügedən qanun layihəsi ilə bağlı mübahisəli məsələləri çözmək üçün dindarların, yaradıcı insanların, ziyalıların iştirakı ilə geniş müzakirələr təşkil etmək olar: "Ancaq xatırlatmaq istəyirəm ki, biz sözügedən qanun layihəsi ilə bağlı parlamentdə geniş müzakirələr, dinləmələr təşkil etmişdik. Bu müzakirələrdə nəinki millət vəkilləri, həmçinin ölkədə fəaliyyət göstərən qadın cəmiyyətlərinin, bir sıra qeyri-hökumət təşkilatlarının, bəzi beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri iştirak edirdi. Ancaq belə çıxır ki, bunlar az imiş, deməli, bunlar heç bütün məqamları həll etmirmiş. Görünür, bu yöndə yenidən debatlara, müzakirələrə ehtiyac var. Amma mən kütləvi informasiya vasitələrinə öz təşəkkürümü bildirmək istəyirəm ki, onların sayəsində "Reproduktiv sağlamlıq ailə planlaşdırılması haqqında" qanun layihəsi geniş müzakirə olundu mətbuat bu məsələdə obyektiv mövqe nümayiş etdirdi. Sual oluna bilər ki, üçün? Əgər bu gün Azərbaycanda 13 faiz insanın reproduktiv sağlamlığı zəifdirsə, onlar dünyaya uşaq, övlad gətirə bilmirsə, bu, bizi düşündürməlidir, ya yox, bu, bizi narahat etməlidir, ya yox, bu yöndə həyəcan təbili çalınmalıdır, çalınmamalıdır? Bütün bunları nəzərə alan mətbuat orqanları da məhz bu məsələdə bizim mövqeyimizdən çıxış etdi".

Komissiya sədrinin sözlərinə görə, həmin qanun layihəsi müzakirəyə çıxarılandan sonra onlara zənglər daxil olub və bu zənglərin ardı bu gün də kəsilmir: "Həmin insanlar, reproduktiv sağlamlığı yerində olmayan şəxslər bizə zəng edərək bu məsələnin əleyhinə çıxanları çox ciddi, kəskin şəkildə günahlandırırlar, tənqid atəşinə tuturlar. Onlar bildirirlər ki, axı nəyə görə bəziləri buna etiraz edir? Niyə o insanların ağrısını, acısını, nələr yaşadığını başa düşmürlər? Bütün bunları qeyd edərək bir daha bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı danışanda, fikir yürüdəndə daha ciddi, daha məntiqli danışmaq lazımdır, başqalarının ağrısını, acısını yaşayaraq bunları dilə gətirmək lazımdır".

 

 

Elməddin MURADLI

 

Üç nöqtə.-2009.-17 fevral.-S.9.