"Pul hərisi deyiləm"

 

CAVANŞİR QULİYEV: "MƏNİM ÜÇÜN PUL QAZANMAQ VACİB OLSAYDI, İNDİ MƏN DƏ VARLI OLARDIM"

 

"YAZDIĞIM ƏSƏRLƏRİN HƏR BİRİNDƏ YAŞAM TƏRZİM, ÜRƏYİM VAR"

 

YAZDIĞI musiqilərlə çoxlarının qəlbində taxt quran tanınmış bəstəkar Cavanşir Quliyev qəzetimizin müsahibi oldu. Hazırda yaradıcılığını Şimali Kiprdə davam etdirən bəstəkarın yazdığı musiqilər balacadan tutmuş, böyüyə kimi hər kəsin qəlbinə yol tapıb dillərdə zümzüməyə çevrilib. Səhnəmizdən gəlib-keçən bütün müğənnilər onun mahnılarına müraciət edib. O, bizimlə söhbətində elə bu barədə danışdı.

- Neçə ildir ki, Şimali Kiprdə yaşayıb-yaradırsınız. Qürbətdə yaşamaq sizi narahat etmir ki?

- Hərdən narahat edir. Amma yaradıcılığımı orada davam etdirmək qərarına gəldim. Hazırda Türkiyədə yaradıcılıqla məşğul oluram universitetdə dərs deyirəm. Həm səhnə sənətləri fakültəsinin dekanıyam. Orada dram musiqili komediya aktyorları fakültəsində işləyirəm. Ümumiyyətlə, onların yaşam prinsipləri bizimkindən fərqlidir. Hər il orada müqavilə bağlayırıq bunun müqabilində öz vəzifəmizin öhdəsindən gəlirik. Hərdən onlara həsəd aparıram, çünki onların məişət problemləri yoxdur. Bu zaman düşünürəm ki, bəs bizdə niyə elə deyil bizimkilər niyə bu qədər zülm çəkirlər? Digər tərəfdən isə başa düşmək olar ki, biz hələ ki, müharibə şəraitində yaşayırıq.

- Sizi məcbur etdi ki, buradan getdiniz?

- Düşünürəm ki, mənim buradan uzaqlaşmağıma ehtiyac vardı. Əgər mənə Azərbaycanda ehtiyac olsa, bir dəqiqə orda qalmaram. Deməli, ehtiyac yoxdur, çünki o qədər bəstəkar var ki. Bundan da başqa, qızım Türkiyədə təhsil aldı orada da qalıb işlədi. Sonra məni məcbur etdi ki, mən gedim. Beləliklə , qərarımı verdim, getdim hazırda karyeramı orada qurmuşam.

- Yazdığınız əsərlər heç Türkiyədə səhnəyə qoyulubmu?

- Mən hələ Türkiyəyə getməmişdən əvvəl "Oğuznamə" baletini yazırdım. Həmin baleti mən orada tamamladım o balet ilk dəfə İstanbulda səhnəyə qoyulacaq. İstanbul Opera Balet Teatrı "Oğuznamə"ni öz repertuarına daxil edib. Mən bundan çox sevindim, çünki bu balet teatr tərəfindən bəyənildi tamaşaya qoyuldu.

- Siz burada tanınmış müğənnilərlə işləmisiniz, bəs orda kimlərlə işləyirsiniz?

- Doğrudur, burda çox müğənnilərlə çalışmışam, populyar müğənnilərin demək olar ki, hamısı mənim mahnılarımı ifa edib. Ən çox da Aygün Kazımova ilə çalışmışam. Orda da tanınmış müğənnilər bir neçə mahnımı ifa edib. Lakin əsas işimi Türkiyədə pedaqogika üzərində qurmuşam tamaşalara mahnılar yazıram.

- Özünüzə məxsus dəsti-xəttiniz var. Mahnılarınızın həzin olmasına baxmayaraq, orada üsyan da var...

- Doğrudur. Ən həzin mahnılarımda belə böyük üsyan var. Ümumiyyətlə, yazdığım əsərlərin hər birində həyat yaşam tərzim var, ürəyim var.

- Yazdığınız mahnılar üçün qonorar alırsınız?

- Yox, mən bir çox müğənnilərlə çalışmışam, belə bir şey olmayıb. Mən pulla mahnı satmıram, mənim işim yazmaqdır. Bəziləri kimi mən pul hərisi deyiləm. İnsan öləndə pulu özü ilə aparmır. Ona görə gərək sənə qədər pul lazımdır, o qədər qazanasan, artığına ehtiyac yoxdur. Bu gün mən acından ölürəm, evsiz-eşiksizəm. Özümə görə şəraitim var. Pul qazanmaq mənim üçün vacib olsaydı, indi mən varlı olardım.

- Nəyə görə sizin nəslin nümayəndələri gənc nəslin yaradıcılığını bəyənmir? Yeri gələndə bu gün sənətdə öz sözünü demiş bəstəkarların da işləri heç göz qabağında deyil. Ona görə müğənnilər qeyri-peşəkar bəstəkarların mahnılarına müraciət etməli olur.

- Düzdür, amma onların qeyri-peşəkarları bəyənməməsinə baxmayaraq, bir neçə illər üstündən keçsə , o mahnıların bəziləri yaşayacaq. Necə ki, bu gün elə populyar mahnılar var ki, hələ yaşayır, amma o qeyri-peşəkar bəstəkarlar tərəfindən yazılıb. Məsələn, Ələkbər Tağıyev qeyri-peşəkar bəstəkar olub. Onun mahnılarının arasında bu gün 5-i,10-u yaşayır bundan sonra da yaşayacaq. Çünki həmin mahnılar artıq Azərbaycan musiqi sənətinin içərisinə daxil olub.

 

 

Üç nöqtə.- 2009.- 20 fevral.- S. 13.