"Əsas məqsəd təhsilli futbolçu yetişdirməkdir"
Rövnəq Abdullayev: "Azərbaycanda
uşaq futbolunun inkişafına qoyulan hər bir sərmayə
gələcəkdə öz
bəhrəsini verəcək"
Şenes Erzik: "Bakıya
gözəl stadion lazımdır"
Məlum olduğu kimi, UEFA və AFFA-nın maliyyə vəsaiti hesabına inşa olunmuş "Futbol Akademiyası"nın açılış mərasimi
keçirilib. Tədbirdə
AFFA prezidenti Rövnəq
Abdullayev, FİFA İcraiyyə
Komitəsinin üzvü,
UEFA-nın vitse-prezidenti
Şenes Erzik,
FİFA-nın texniki direktoru Jan Mişel Benezet, gənclər və idman nazirinin
müavini İsmayıl
İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə
Komitəsinin üzvləri,
futbol veteranları və digər rəsmi şəxslər
iştirak ediblər. Abdullayev və Erzik jurnalistlərin
suallarını cavablandırıb.
- Əvvəlcə
"Futbol Akademiyası"nın açılış
mərasimi ilə bağlı fikirlərinizi
bildirərdiniz.
Rövnəq Abdullayev
- Bu akademiya UEFA və
AFFA-nın birgə səyi nəticəsində
başa gəlibdir. "Futbol Akademiyası"nda
gənc futbolçular
hazırlıq mərhələsi
keçəcəklər. Həmçinin Azərbaycanın aşağı yaş qrupu üzrə milli komandalarının -
U-15 və U-17-nin burada
təlim-məşq toplanışı
olacaq. Azərbaycanın müxtəlif şəhər
və rayonlarında istedadlı uşaqları
buraya toplayıb, onlara məşqlər keçiriləcək. Bu akademiyada uşaqlar üçün hər bir şərait yaradılıb. Onların işi
ancaq futbolla məşğul olmaq olacaq.
- Belə
akademiyaların Azərbaycanın
müxtəlif bölgələrində
tikilməsi nəzərdə
tutulubmu?
R.A. - Artıq bu sahədə
işlər həyata
keçirilməyə başlanılıb. Bilirsiniz ki,
bir müddət əvvəl 8-ci mikrorayonda
Təhsil Nazirliyi ilə birgə yeni futbol məktəbi
tikib istifadəyə verdik. İndi bir neçə
bölgədə - Gəncədə,
Siyəzəndə artıq
futbol internatları tikilir. Keçmiş internat futbol
məktəblərini təmir
etdiririk. Bu sahədə Təhsil Nazirliyi çox aktiv iştirak edir.
- Uşaqlara
məşq keçəcək
kadrlar varmı?
R.A. - Azərbaycanda
kifayət qədər
məşqçilər var. Bilirsiniz ki, U-17-nin baş məşqçisi
almaniyalı Bernhard Lippert,
U-15-in çalışdırıcısı
Oliver Pelzer, onların köməkçiləri
isə yerli məşqçilərdir. Almaniyalı məşqçilər
böyük bir proqram həyata keçirirlər. Azərbaycanda uşaq futbolunun inkişafı üçün
bu proqramları reallaşdırırıq.
- Bakıda
böyük stadionun tikintisinə nə vaxt başlanılacaq?
R.A. - Bununla bağlı hazırlıq gedir. Hazırda layihənin
hazırlıq işləri
aparılır. Artıq bununla
bağlı müqavilələr
imzalanıb. Layihə tamamlandıqdan
sonra inşaat işinə başlanılacaq.
- Cənab
Şenes Erzikin "Futbol Akademiyası" ilə bağlı fikirlərini bilmək istərdik...
Şenes Erzik - Türkiyədə belə bir söz
var: "Ağaç
yaş olanda əyilir". Yəni gənclərə qoyulan hər bir sərmayə gələcəkdə öz
bəhrəsini verəcək.
Ona görə də belə futbol akademiyaları bölgələrdə
də inşa edilməlidir. Bölgədə yetişən uşaqlar gələcəkdə aparıcı
futbolçular olmalıdırlar.
Təbii
ki, burada ikitərəfli təhsil
- həm futbol, həm də məktəb təlim-tərbiyəsi
verilməlidir. Əsas məqsəd
təhsilli futbolçu
yetişdirməkdir. Azərbaycana yaraşan böyük bir layihə var. Bu da paytaxtda inşa
olunacaq böyük arenadır. Bundan başqa, Rövnəq
Abdullayevin futbolun inkişafına dair layihələri var. Bu barədə
müzakirələrimiz olacaq.
Bakıya gözəl stadion
lazımdır.
Mən, eyni zamanda, UEFA-nın stadionların Təhlükəsizlik Komitəsinin
prezidenti kimi öz təcrübələrimdən
istifadə edərək,
yeni stadionun inşasında köməyimi
əsirgəməyəcəyəm. Beynəlxalq oyunların
keçiriləcəyi stadionun
inşa edilməsi həyata keçiriləcək
ən yaxşı layihələrdən biri olacaq. Ölkə prezidenti İlham
Əliyevin də dəstəyi ilə böyük bir stadionun tikiləcəyinə
inanıram. Bu işə UEFA və
FİFA olaraq biz də
dəstək verəcəyik.
Üç nöqtə.- 2009.- 25 fevral.- S. 15.