Xocalının işğalından 17 il ötdü

 

HÜLUSİ KILIÇ: "BU FACİƏ YALNIZ AZƏRBAYCAN XALQININ DEYİL, BÜTÜN TÜRK DÜNYASININ AĞRI-ACISIDIR"

 

 BU gün Xocalının işğalından 17 il ötür. Ötən gün bununla bağlı "Azərsun Holdinq"in mədəniyyət mərkəzində "Azərsun Holdinq"in Xocalı Dram Teatrının təşkilatçılığı ilə tədbir keçirildi. Xocalıdan qaçqın düşənlərin iştirak etdiyi tədbirin təşkilatçılarından Elnurə Abdullayeva 1992-ci ilin fevralın 26-nın yalnız Xocalıdan olanların deyil, bütün Azərbaycan xalqının qan yaddaşına çevrildiyini bir daha xatırlatdı: "17 ildir ki, Xocalı qara libasını soyunmur, 17 ildir ki, Xocalıda günəş çıxmır, 17 ildir ki, onun harayına səs verən yoxdur".

   Tədbirdə çıxış edən "Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kazım Babayev hər il Xocalı faiciəsini bir daha xatırlatmağın çox ağır olduğunu qeyd etdi: "Həmin gün Azərbaycan xalqı öz dostunu, düşmənini tanıdı. Bu yalnız azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilən bir vəhşilik idi. Xocalı soyqırımı çox dəhşətli, unudulmaz, bir səhnədir. Xocalıda ermənilər insanlara əzab verməklə, onları qətlə yetirməklə kifayətlənmədilər. Onlar Xocalının mədəni abidələrini, Xocalı tarixini məhv etdilər".

   Kazım Babayev Xocalı faciəsinin unudulmaması, bu qətliamla bağlı dünya ictimaiyyətinə məlumat vermək üçün "Azərsun Holdinq"in bir sıra tədbirlər həyata keçirdiyini bildirdi: "Xocalı faciəsi ilə bağlı bir sıra filmlər çəkilib. Xocalı soyqırımı haqqında dünya ölkələrinə məlumat vermək üçün həmin filmlər bir sıra festivallarda, tədbirlərdə nümayiş etdirilir. Bu günə qədər şirkət soyqırımı faktının unudulmaması üçün əlindən gələni əsirgəməyib, bundan sonra da bütün lazımi tədbirlər həyata keçirəcək".

   Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç ermənilərin tarix boyu belə vəhşiliklər törətdiklərini bildirdi: "Xocalı soyqırımı ermənilərin törətdiyi ilk dəhşətli faciə deyil. Onlar 1918-ci ilin martın 31-də belə bir genosid faktı törətdilər. Xocalı soyqırımı ilə həmin bəd əməllərini bir daha təkrar etdilər. Bu faciə yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının ağrı-acısıdır. Bu ağrı-acı yalnız torpaqlar geri qaytarıldığı halda bir qədər azala bilər, amma unudula bilməz".

   Xocalı təhsil şöbəsinin müdiri Məhəmməd Rəsulov dəhşətli faciəni xatırlamaığın çox çətin olduğunu dedi: "Lakin bu, qədər çətin olsa da, Azərbaycan xalqı susmamalı, danışmalıdır ki, bu barədə bütün dünya ictimaiyyəti məlumatlansın. Bu, misli görünməmiş, tarixdə analoqu olmayan bir hadisədir". Tədbirdə həmçinin, "Xocalı harayı" adlı film Xocalı Dram Teatrının təşkil etdiyi kompazisiya da nümayiş etdirildi.

   

 

Gülər

 

Üç nöqtə.- 2009.- 26 fevral.- S .5.