"Xocalı
harayı"nın təqdimatı keçirildi
ÖTƏN gün Türkiyənin Azərbaycandakı səfirliyində TRT-nin Bakı ofisi tərəfindən hazırlanmış "Xocalı harayı" sənədli filminin təqdimatı keçirildi. Təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları tərəfindən Xocalı faciəsinin qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildi. Qeyd edək ki, rus hərbi birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklərdən bəhs edən filmdə hadisə qurbanlarının ailə üzvlərinin fikirləri ilə yanaşı, Xocalı qətliamını əks etdirən sənədli materiallar da özünə yer alıb. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc ermənilərin son 200 ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları və torpaq iddialarından danışdı. Ermənilər tərəfindən tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı kütləvi qırğınların törədildiyini və Azərbaycan torpaqlarının ayrı-ayrı ərazilərinin işğal edildiyini bildirən səfir Xocalı soyqırımını da həmin qırğınlar sırasından olan bir qətliam kimi dəyərləndirdi".
Tədbirdə TRT-nin Bakı bürosu tərəfindən
hazırlanan film nümayiş
etdirildi. Məlumat üçün bildirək ki, filmdə Xocalıda törədilən qətliamın
siyasi və tarixi səbəbləri geniş əksini tapıb.
Onu da qeyd edək ki, "Xocalı harayı"nın artıq nümayişinə start verilib. Dünən Bakı vaxtı ilə saat 12:00; 18:00 və gecə 01:00-da film TRT Türk kanalında yayımlanıb. Bu gün isə film eyni saatlarda TRE Türk və 21:20-də TRT İNT kanalları vasitəsilə nümayiş etdiriləcək.
Gülər
Üç nöqtə.- 2009.- 26 fevral.- S. 6.