Dünya liderləri Dağlıq Qarabağa dair bəyanat verdilər

 

"Tərəfləri hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq"

 

"Bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi baş tuta bilər"

 

ABŞ, Rusiya və Fransa prezidentləri "Böyük səkkizlər"in İtaliyada keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

"Biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına tərəfdar olduğumuzu təsdiqləyirik və onları bəzi fikir ayrılıqlarını həll etməyə və nizamlanmanı sülh yolu ilə tamamlamağa çağırırıq", - birgə bəyanatda qeyd olunur. Daha sonra bəyanatda deyilir: "Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə əsas prinsiplərin formalaşdırılması üzrə həmsədrlərin sonuncu təkliflərini özündə birləşdirən 2007-ci il noyabrın 29-da imzalanan Madrid sənədinin yeniləşmiş variantını təqdim etməyi tapşırırıq. Tərəfləri hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq".

Rusiya, ABŞ Fransa prezidentlərinin fikrincə, Azərbaycan və Ermənistan rəhbərliyi arasında 2007-ci ilin Madrid müqaviləsi prinsipləri əsasında razılıq əldə olunmalıdır.

Onlar əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləyiblər. Lakin bəyanat birmənalı qarşılanmayıb. Politoloq Qabil Hüseynli bu bəyanatın arxasında diqtə elementlərinin olduğunu dedi: "Bəyanat problemin ümumi məğzini, təcavüzkarı və təcavüzə məruz qalan elementləri nəzərə almadan birtərəfli qaydada Azərbaycanın müəyyən kompromislərə getməsini özündə ehtiva edir. Çünki Madrid prinsiplərində bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi və referendumla Dağlıq Qarabağın statusunun müəyyən edilməsi öz əksini tapıb. Baza prinsipləri bunun əsasında hazırlanarsa, Azərbaycan üçün arzuolunan vəziyyət yaranmayacaq".

Q.Hüseynli Azərbaycan dövlətinin bunun əleyhinə çıxış etdiyini xatırladaraq həmin tövsiyələrin nəzərə alınmayacağını dedi.

Politoloq hesab edir ki, Madrid prinsipləri üzrə yeni versiyaların hazırlanması təklifi isə özündə əlavə dəyişiklikləri ehtiva edə bilər: "Referendum məsələsi Azərbaycanın israrlı tələbi ilə baza prinsiplərinə salınmaya bilər. Amma bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi baş tuta bilər. Ona görə həmsədrlər deyir ki, Azərbaycan ən azı iki öhdəliyi öz üzərinə götürməli olacaq. Onlardan biri məsələnin sülh yolu ilə həll olunması, digəri isə yəqin ki sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsidir".

Politoloqa görə, güc dövlətlərinin bu bəyanatı heçarzuolunan sayıla bilməz. Çünki orada Azərbaycanın hüquqları öz əksini tapmır: "Əgər biz Moskva sammitində referendumun baza prinsiplərinə əlavə edilməsinə, yaxud baza prinsipi kimi müəyyənləşməsinə imkan verməsək, vəziyyəti sabitləşdirə bilərik".

 

Tahirə

 

Üç nöqtə.- 2009.- 11 iyul.- S. 3.