İmişlidə "şəkər bayramı" keçirildi

 

BÖLGƏDƏ İLK DƏFƏ OLARAQ İNTENSİV ƏKİNÇİLİK TEXNOLOGİYASININ ƏSASI QOYULUB

 

"AZƏRSUN Holdinq" Şirkətlər Qrupu İmişlidə artıq ikinci ildir ki, "şəkər bayramı"nı qeyd edir. Ənənəvi olaraq bu dəfə təşkil olunan tədbir öncəsi mərasim iştirakçıları rayonda yerləşən ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət etdilər. Sözügedən şirkətin çox gərgin fəaliyyətini əks etdirən qısametrajlı filmin nümayişindən sonra şirkətin aqrar sahə üzrə araşdırma, inkişaf və keyfiyyət mərkəzinin rəhbəri Akif Əskərov bildirdi ki, hökumətin iqtisadi inkişaf üçün müəyyən etdiyi prioritet sahələrdən biri kənd təsərrüfatı sahəsidir.

"Artıq 2002-ci ildən bəri ölkədə aqrar-sənaye kompleksinin yaradılması işlərinə başlanılıb. Bu işlərin mühüm tərkib hissəsi şəkər sənayesinin inkişafıdır. Çox bölgələrdə araşdırma aparılıb. Nəticə etibari ilə aran regionunun bu sənayenin inkişafı üçün əlverişli yer olduğu müəyyənləşdirilib".

Şirkət rəsmisi qeyd etdi ki, bu bölgədə ilk dəfə olaraq müasir standartlara cavab verən ən son avadanlıqların tətbiqi nəticəsində intensiv əkinçilik texnologiyasının əsası qoyulub.

 

İMİŞLİDƏ AQRO-SƏNAYE KOMPLEKSİ YARADILIB

 

Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) direktoru İsmayıl Müslümzadə isə qeyd etdi ki, 2006-cı ildən istifadəyə verilən müəssisə həm ölkənin şəkərə olan tələbatını tam ödəyir, həm də Orta Asiya ölkələrinə onu ixrac edir. 87 milyon dollara başa gələn zavodun hazırda gündəlik istehsal gücü 6 min ton şəkər çuğunduru emal etməkdir. İl ərzində 1 milyon tona yaxın şəkər istehsal olunub".

İ.Müslümzadə qeyd etdi ki, İmişli Şəkər Zavodunun nəzdində bir-biri ilə əlaqəli olan 4 müəssisə inşa olunub: "Gündəlik istehsal gücü 3 ton olan spirt zavodunda tibb və digər texniki məqsədlər üçün istifadə olunan etil spirti alınır, aptek və şərab istehsal sahələrinə verilir. Həmin müəssisənin istehsal gücü 6 tona çatdırılacaq. Bundan başqa qarğıdalı, soya və digər paxlalı bitkilərdən xam yağ emal olunan zavod və cecə qurutma müəssisələri də istifadəyə verilib. Müxtəlif heyvanlar üçün yem hazırlayan zavodun açılışı isə yaxın 2-3 ay ərzində mümkün olacaq".

İmişli rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Fərrux Mirzəyev çıxışında qeyd etdi ki, İmişli Şəkər Zavodunun rayon iqtisadiyyatının inkişafında və işsizliyin aradan qaldırılmasında misilsiz rolu var: "Maraqlı məqam ondan ibarətdir ki, ərazidə torpaq istehsalçılarının şəkər çuğunduru əkib becərilməsinə marağı ilbəil artır. Bu da "Azərsun Holdinq" rəhbərliyinin kənd adamlarına hərtərəfli diqqət və qayğısı nəticəsində mümkün olub".

"AŞİB AQRO" MMC-nin direktoru Salih Demir çıxışında vurğuladı ki, 2006-cı ildə İmişli Şəkər Zavodunun açılışı ölkə əhalisini şəkər idxalı asılılığından azad etməklə yanaşı, bölgədə kənd əhalisinin məşğulluğunun yaradılmasına öz töhfəsini verib: "İmişli rayonunda emal müəssisəsi olan şəkər zavodunun fəaliyyətə başlaması, respublikada kənd əməkçilərinin əkin dövriyyəsindən çıxmış torpaq sahələrini, əkin dövriyyəsinə qaytarılmasına zəmin yaradaraq iqtisadi baxımdan rəqabətə üstünlük təşkil edən şəkər çuğunduru əkininə başlanılıb. Bundan başqa, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 25 avqust 2008-ci il tarixli sərəncamda da şəkər çuğunduru əkin sahələrinin 20 min hektara çatdırılması qeyd edilib. İlk əkin 2005-ci ildə hektara orta məhsuldarlıq 5 ton, 2006-cı ildə 14 ton, 2007-ci ildə 25 ton, 2008-ci ildə isə 35 ton olub. Göründüyü kimi 4 ildə hektara məhsuldarlıq 2005 ilinə nisbətən 30 ton artırılıb. Halbuki əsrə bərabər şəkər çuğunduru əkin-biçini ilə məşğul olan İran, Türkiyə kimi ölkələrdə belə yüksək nəticə əldə olunmur. Ona görə ki, həmin ölkələrdən fərqli olaraq biz ən son texnologiyadan istifadə edirik, əkinçilik qaydalarına tam düzgün əməl edirik".

 

ŞƏKƏR ÇUĞUNDURU ƏKİN SAHƏLƏRİ SƏRHƏD RAYONLARINA DOĞRU GENİŞLƏNDİRİLİR

 

Cəmiyyət rəhbəri bildirdi ki, 2009-cu il mövsümündə respublikanın 20 rayonunda 3 min ailə ilə müqavilə bağlanılıb, şəkər çuğunduru əkilib: "Şəkər çuğunduru əkilən rayonlarda aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün aqrolizinqlər və şəxsi traktorlarla müqavilə bağlanılıb. Bundan başqa şəkər çuğundurunda seyrəltmə və alağın təmizlənməsi işlərinə görə verilən 100 manat nağd vəsait hər hektara 20 nəfər işçinin mövsümi işlə təmin olunmasına imkan yaradıb. Çuğundurun daşınmasında mövsümi olaraq İmişli Şəkər Zavoduna gün ərzində 300 ədəd nəqliyyat vasitəsi daxil olur. Bütün bunları nəzərə alsaq, şəkər çuğunduru əkinçiliyində 120 nəfərə yaxın mövsümi işlə təmin olunur. Bu isə bölgələrdə sosial inkişafa güclü təsir göstərməkdədir".

Ən maraqlı məqamlardan biri odur ki, şəkər çuğunduru əkinçiliyi düşmənlə sərhəd olan Beyləqan, Ağdam kimi rayonlara doğru genişləndirilməkdədir. S.Dəmir bunun səbəbini həmin rayonlarda məşğulluğun artırılması yolu ilə əhalinin məskunlaşması kimi siyasi məqsədilə əlaqələndirdi. O qeyd etdi ki, sərhəd bölgələrdə yaşayan qaçqın, məcburi köçkün mülkiyyətçilərlə şəkər çuğunduru əkini üçün müqavilələr bağlanılıb.

Onun sözlərinə görə, hazırda "AŞİB AQRO" MMC-nin 75 çalışan personalı, texniki parkında 3 milyon dəyərində 500 ədəd aqreqat və sair şəkər çuğunduru əkinçilərinin tələblərinə uyğun olaraq xidmət verir.

S.Dəmir vurğuladı ki, fermerlərə şəkər çuğundurunun hər tonu üçün ödənilən məvacib 43 manat təşkil edir: "Bundan başqa həmin məhsulun daşınması üçün əlavə olaraq 6 manat ödəniş edilir. Texnika, gübrə yardımı göstərilir".

O qeyd etdi ki, hər il mülkiyyətçilərlə hesablaşmanın plastik kart sisteminə keçirilməsi nəzərdə tutulub.

 

YÜKSƏK MƏHSUL ƏLDƏ EDƏN MÜLKİYYƏTÇİLƏRƏ MÜKAFAT OLARAQ ŞƏKƏR TOZU VERİLDİ

 

O, çıxışının sonunda qeyd etdi ki, bu gün keçirilən "şəkər bayramı" "Azərsun Holdinq" Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəlin çuğundur əkinçilərinə göstərdiyi fəlsəfi dəstəyin bariz nümunəsidir: "Şirkət fəlsəfəsi gördüyümüz işlər və fəaliyyətimizin Allah rizasına uyğun olmasıdır. Əsas məqsədimiz və yaxın hədəfimiz insanlığa xidmət, ədalət və düzgünlükdür. Dəyərmiz əməkdaşlarımızdır, istiqamətimiz ümumi keyfiyyətdir, reklamımız bizə edilən etimaddır".

Cəmiyyətin baş aqronomu Rövşən Əliyev isə bildirdi ki, intensiv texnologiyanın tətbiqi nəticəsində şəkər çuğunduru əkin sahələrində hər hektar üzrə məhsuldarlıq artıq 30-40 ton arasında dəyişir. Yaxın illər ərzində bu göstəricini 70-90, hətta 100 tona çatdırmaq mümkün olacaq. O qeyd etdi ki, aparılan hesablamalara görə, bir hektardan 40 ton məhsul götürən bir fermer yalnız onun 15 tonundan əldə etdiyi gəliri xərcləyir. Qalanı isə real gəlirə çevrilir. Bu hesabla 2-3 hektar əkin sahəsindən götürülən gəlir 2640-2650 manatdan az deyil.

Bərdə rayon fermeri Adil Cəfərov qeyd etdi ki, ötən il 6 min ton şəkər çuğunduru istehsal edib: "Gəlirlilik yüksək olduğundan bu il əkin sahəsinin həcmini 200 ha artırmışıq". Tədbirin rəsmi hissəsindən sonra hər il olduğu kimi 2008-ci ilin yekununda da gərgin əməyin nəticəsində başqalarından fərqlənərək, şəkər faizinə görə və hər hektara yüksək məhsul əldə edən mülkiyyətçilərə mükafat olaraq şəkər tozu verildi. Birinci yerə layiq görülən İmişli rayonundan Şükür Əliyevə 500 kq, ikinci yerə çıxan Beyləqan rayonundan Salman Salmanova 400 kq, üçüncü yer tutan Süleyman Bünyadova isə 300 kq, eyni zamanda hər hektardan yüksək məhsul əldə edən 376 nəfərin hər birinə mükafat olaraq 50-100 kq şəkər tozu verildi. Torpaq istehsalçıları ilə apardığımız söhbət zamanı məlum oldu ki, yerlərdə şəkər çuğunduru əkinçiliyinə maraq getdikcə artmaqdadır. Bərdə rayon fermeri Vaqif Abbasov bizimlə söhbətində bildirdi ki, onun sərəncamında olan 2 ha ərazidə sınaq məqsədi ilə ötən il taxıl, pambıq, tərəvəz və şəkər çuğunduru əkib: "Bunlar içərisində şəkər çuğunduru daha gəlirli sahə olduğu üçün artıq bundan sonra pambıq və tərəvəz əkini aparmayacağam. Həmin ərazilərdə də şəkər çuğunduru əkini ilə məşğul olacağam".

Tədbirdə iştirak edən jurnalistlər yolüstü nümunəvi əkin sahələrinə baş çəkərək, intensiv əkin texnologiyası ilə yerində tanış oldular.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 14 iyul.- S. 8.