"Müharibə çox
az ehtimal olunan variantdır"
FAZİL MUSTAFA: ""DAĞLIQ QARABAĞ"
HAKİMİYYƏTİ İLƏ İNDİKİ MƏRHƏLƏDƏ
BU CÜR TƏMASLARIN QURULMASI BÜTÖVLÜKDƏ
İŞİMİZİN XEYRİNƏ DEYİL"
"MƏN indiki
mərhələdə Azərbaycan
və Ermənistan ziyalılarının, ictimaiyyət
nümayəndələrinin, millət vəkillərinin
qarşılıqlı səfərlərinə
bir o qədər də müsbət yanaşmıram. Eyni zamanda, bu cür
səfərləri bir
faciə də hesab etmirəm. Amma hər halda
mən xalqın bu proseslərə qoşulması məsələsinə
xüsusi əhəmiyyət
verirəm. Bu isə xalqın müxtəlif təbəqələrinin dövlət
qurumları ilə bir yerdə Dağlıq Qarabağ məsələsinin, onun həlli yollarının müzakirəsindən keçir".
Bu fikirləri
Böyük Quruluş
Partiyasının (BQP) sədri,
millət vəkili Fazil Mustaya bildirib.
Onun sözlərinə
görə, konyuktura üslubunda müəyyənləşdirilən
qrupların bu formada səfər etməsi, həqiqətən
də işin bir o qədər xeyrinə deyil: "Əgər bu səfərlər tək Ermənistana olsaydı, onu normal qəbul edərdim. Çünki Ermənistanla ayrıca dövlət kimi, həm də Qarabağ məsələsinə
bilavasitə tərəf
kimi yanaşan bir ölkə ilə təmasların qurulmasını normal hesab
edərdim və edirəm. Amma birbaşa, belə deyək, separatçılarla
onların işğal
etdiyi ərazilərdə
bu cür təmasların qurulmasına
münasibətim müsbət
deyil".
- Sizcə,
Azərbaycan və erməni xalqının sülh prosesinə hazırlanması üçün
bu cür qarşılıqlı görüşlərin,
təmasların reallaşdırılması
məqbul variant sayılarmı?
- Əlbəttə,
sayılar. Lakin belə görüşlər
Ermənistan təmsilçiləri
ilə məqbul ola bilər, çünki Dağlıq
Qarabağda yaşayan
ermənilərlə görüş
keçirmək o deməkdir
ki, terrorçu ilə sivil bir hakimiyyəti təmsil edən nümyəndələr arasında
bərabər münasibətlər
qurmağa cəhd göstərilir. Bu, sadəcə,
ona bənzəyir. Ona görə biz yalnız Ermənistanla, onun təmsilçiləri
ilə bərabərhüquqlu
hər hansı bir təmas qura bilərik. Amma "Dağlıq Qarabağ" hakimiyyəti
ilə indiki mərhələdə bu cür təmasların qurulması bütövlükdə
işimizin xeyrinə deyil.
- Ancaq bu da yaşadığımız
həyatda, ümumiyyətlə,
tarixdə bir reallıqdır ki, sivil hakimiyyətlər bəzən terrorçularla,
separatçılarla bir
dəyirmi masa arxasında əyləşməyə,
müzakirələr aparmağa
belə məcbur, məhkum olurlar...
- Bəli,
tamamilə düz deyirsiniz. Bu cür hallar indiyə qədər olub. Amma bununla belə,
indiki mərhələdə
bütövlükdə bu
cür təmasların
qurulması daha çox Ermənistanla olmalıdır. Biz ermənilərin
öz iddialarından geri çəkilməsinə
nail olmadan, Ermənistan
cəmiyyətini Dağlıq
Qarabağla bağlı
absurd yanaşmadan çəkindirmədən
oyuncaq "Dağlıq
Qarabağ" rejimiylə
hər hansı bir iş qurmağımız
mümkün və məqbul sayıla bilməz.
- Yeri gəlmişkən, son vaxtlar
yenidən Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsi
istiqamətində bir
intensivləşmə, fəallaşma
hiss olunmaqdadır. Eyni
zamanda, dövlət başçısı bu yaxınlarda belə bir açıqlama ilə çıxış
etdi ki, Qarabağ münaqişəsinin
tənzimlənməsi istiqamətində
aparılan danışıqlar
prosesində müəyyən
irəliləyişlər var. Belə olan halda, necə hesab edirsiniz, yaxın zamanlarda münaqişənin həlli
gözləniləndirmi? Ən
azı, ilkin razılaşmanın əldə
edilməsi mümkündürmü?
- Xeyr, yaxın zamanlarda münaqişənin həlli
mümkün və
real deyil. O baxımdan
ki, Gürcüstan məsələsi əsas
barometrdir. Gürcüstan
məsələsində Rusiyanın
sözdən başqa
hər hansı bir addım atmaması onu göstərir ki, Rusiyanın daha köklü yerləşdiyi
Qarabağdan çıxarılması
və yaxud problemin həllinə müəyyən dərəcədə
nail olunması üçün
məsafə qət etməsi gözlənilən
deyil. Heç Moskva danışıqlarında
ABŞ prezidentinin də
Qarabağla bağlı
qəti mövqeyi ifadə olunmadı. Eyni zamanda, bu
məsələ ilə
bağlı indiki mərhələdə həll
variantlarının, demək
olar ki, heç biri Azərbaycanın maraqlarına
uyğun deyil. Gürcüstan məsələsində
və başqa məsələlərdə heç
olmasa, sözdə də olsa, ərazi
bütövlüyü dilə
gətirilir, müdafiə
olunur, ancaq Qarabağ məsələsində
isə istər
ABŞ-ın, istərsə
də digər Qərb ölkələrinin
mövqeyi Rusiyanın
mövqeyi ilə üst-üstə düşür.
Ona görə də bu problemlə
bağlı indiki vəziyyətdə sadəcə
görüntü olaraq
demək olar ki, irəliləyişlər
var. Amma bir daha qeyd edirəm
ki, hələ Azərbaycanın xeyrinə,
beynəlxalq hüquq normalarına uyğun gələ biləcək hansısa həll variantından söhbət
gedə bilməz və getmir.
- Bu münaqişə
ilə bağlı proseslərin sonucunu necə görürsünüz?
Proseslər birmənalı
şəkildə sülh
danışıqları ilə
yekunlaşacaq, yoxsa yenidən hərb variantına əl atmaq məcburiyyətində
qalınacaq?
- Müharibə
variantı bütün
hallarda çox az ehtimal olunan
variantdır. Amma Qarabağ məsələsinin
həllindən öncə
Azərbaycan cəmiyyəti
ilə dövlət arasında münasibətlərin
həlli vacibdir...
- Bunu necə başa düşək?
- Bilirsiniz,
cəmiyyət dövlət
həyatında müşahidəçi
kimi yox, iştirakçı kimi olmalıdır. İstər
siyasi partiyalar, istərsə də qeyri-hökumət təşkilatları
dövlət həyatında
yaxından iştirak etməlidirlər. Yəni,
öncə cəmiyyətiçi
bütövlük, bütünlük
saxlanmalıdır, qorunmalıdır
ki, nəhayət, Qarabağ məsələsinin
həllində də aktiv səfərbərlik mümkün olsun. Hesab edirəm ki, ilk növbədə cəmiyyət bu prosesə qoşulmalıdır.
Cəmiyyət bu prosesə qoşulandan sonra yalnız ağıllı mülahizələr
o zaman ortaya çıxa bilər və çıxacaq..
- Necə
fikirləşirsiniz, bu
prosesə, bu məsələyə Azərbaycan
parlamentinin töhfəsi
nədən ibarət
ola bilər?
- Qarabağ
məsələsində Azərbaycan
parlamentinin heç bir mövqeyi nəzərə alınmır.
Məsələn, dəfələrlə
parlamentdə Qarabağ
komitəsi yaradılması
məsələsi gündəmə
gətirilib, ancaq, o, bugünədək həyata
keçirilməmiş qalır.
Bayaq yuxarıda "cəmiyyət proseslərə
qoşulmalıdır", deyəndə də elə parlamenti də nəzərdə tuturdum. Hesab edirəm ki, artıq parlamentin də bu məsələdə,
bu işdə aktiv rol alması
zamanıdır. Məsələn,
bizim deputat kimi əksəriyyətimizin
danışıqlar prosesinin
hansı mərhələdə
olduğu, hansı şəkildə getdiyi, hansı təkliflər, tələblər olduğu
barədə məlumatımız
yoxdur. Bizim məlumatımız yoxdursa,
o zaman cəmiyyətin
digər hissələri,
təbəqələri bu
prosesə daha az şəkildə, miqyasda cəlb olunublar. Bu da heç şübhəsiz,
olduqca təhlükəlidir...
Elməddin MURADLI
Üç nöqtə.- 2009.- 16 iyul.- S. 4.