Oqtay Kazımi:
"Hər yerindən
qalxan özünü
bəstəkar hesab edir"
"ƏSL BƏSTƏKAR ODUR Kİ, KONSERVATORİYA
BİTİRSİN, SİMFONİYA, OPERA YAZSIN"
BƏSTƏKAR, xalq
artisti Oqtay Kazımini tanımayan yoxdur. O, gözəl bəstələrin
müəllifidir. Maraqlıdır ki, bəziləri kimi tez-tez
efirə çıxmır. Amma qəlblərdə taxt quran bəstələrin
müəllifi olması danılmazdır. Onunla tədbirlərin
birində görüşdük. Hal-əhval tutduqdan sonra
yaradıcılığındakı yeniliklər barədə
öyrəndik. Amma söhbət haralara getmədi ki...
- Oqtay müəllim, yaradıcılığınızda
nə var, nə yox, hansı müğənnilərlə
işləyirsiniz?
- Hazırda işlədiyim
sənətçilər neçə illərin müğənniləridir.
Onlarla bizim işbirliyimiz uzun illəri əhatə edir. Bunlar
Aybəniz Haşımova, Flora Kərimova, Yalçın Rzazadədir.
Yeni ulduzlarla işləmirəm, amma onların arasında
mahnılarıma müraciət edənlər də
çoxdur. Məni həmişə bir məqam
düşündürür ki, bu gün müğənnilərin
əksəriyyəti nədənsə məhəbbət
mövzularına müraciət edir. Baxmayaraq ki, mənim
yaradıcılığımda da haradasa məhəbbət
mövzuları çox olub, lakin mən bu gün daha çox
həyati mövzularda yazıram. Bəlkə də bu,
yaşla əlaqədardır.
- Söylədiniz ki, gəncəl
arasında mahnılarınızı oxuyanlar var. Oxuyarkən
onlarda qüsur görürsünüz?
- Əlbəttə. Amma
bunu şişirtməyə ehtiyac yoxdur. Çünki hələ
onlar gəncdilər, yavaş-yavaş öyrənəcəklər.
Gənc müğənnilər belə olmalıdır.
İlk gündən onlardan professional ifa gözləmək
düzgün deyil.
- Artıq uzun illərdir
ki, bayağı musiqilər və ciddi əsərlərlə
bağlı böyük mübahisələr aparılır. İndiyə
qədər bunun bir nəticəsi yoxdur və yenə də
bayağı musiqilər qalmaqdadır. Bunda əsasən
müğənnini günahlandırırlar. Sizcə,
günah həmin musiqini yazandadır, yoxsa oxuyanda?
- Söylədiklərinizlə
razıyam, bayağı musiqilər bu gün də var. Amma
bunun əsas günahkarı müğənnilərdir. Çünki
məşhur mahnıları, xalq mahnılarını aranjiman
etdirib elə kökə salırlar ki, adam mahnıya qulaq asmaq
istəmir. Guya yenilik etmək istəyirlər, amma başa
düşmürlər ki, onu
bayağılaşdırırlar. O qədər qəribə
ifalar nümayiş etdirirlər ki, adam bilmir ki, bu mahnı
hansı xalqa məxsusdur. Şəxsən mənim
özümün də bir mahnımı - "Ayrılıq
olmayaydı" mahnısını gənc müğənnilərdən
biri bir neçə il bundan əvvəl yeni aranjimanda
oxumuşdu. Mən o mahnını həzin mahnı kimi yazsam
da, o, aranjiman etdirib ritmləşdirmişdi. Bu, mənim
xoşuma gəlməsə də, etiraz etmədim.
Çünki gənclərə güzəşt etmək
lazımdır. Çox istedadlı gənclər yetişir,
onları ruhdan salmaq olmaz, əksinə hər birimiz onları
dəstəkləməliyik.
- Azərbaycanda
keçirilən musiqi yarışları barədə nə
deyə bilərsiniz? Buna münasibətiniz necədir?
- Yaxşıdır. Əvvəllər
festivallar, konkurslar keçirilirdi, indi isə müsabiqələr.
İndiki müsabiqələr əsasən sms
yarışması olduğu üçün bir çox sənət
adamları onu qəbul etmir. Amma gəlin etiraf edək ki,
dünyanın hər bir yerində belədir. Nə qədər
də müğənni çox olsa, hər şeyi istedad həll
edir. Onsuz da onlar zaman keçdikcə ələnəcəklər.
Kim istedadlıdırsa, qabağa gedəcək, istedadı
olmayanlar uzaqlaşacaq.
- Son illər təkcə
müğənnilərin yox, mahnı yazanların da sayı
çoxalıb...
- Bəli. İndiki gənc
bəstəkarlar özlərindən musiqi peyda edirlər. Nədənsə
hər yerindən qalxan özünü bəstəkar hesab
edir. Əsl bəstəkar odur ki, konservatoriya bitirsin, simfoniya,
opera yazsın. Bir-iki günə yazılan mahnıya mahnı
deyə bilmirəm. Qısa müddətdə yazılan
mahnının keyfiyyəti aşağı olur. Mənim aləmimdə
yaxşı mahnı 8-9 aya, bəlkə də bir ilə ərsəyə
gəlir.
- Yeri gəlmişkən,
bu yaxınlarda skripkaçı Ceyhunun bəstəkarlarla
bağlı söylədikləri böyük bir rezonans
doğurdu. O bildirdi ki, nəinki gənc bəstəkarlar, hətta
öz sözünü demiş bəstəkarların
yazdığı əsərlər belə plagiatdır. Razısınız
bu fikirlərlə?
- Əvvəla, bu deyilənləri
böyük bəstəkarlara şamil etmək olmaz. Çünki
mənim, Eldar Mansurovun, Cavanşir Quliyevin və digərlərinin
yazdığımız əsərlər göz
qabağındadır. Bizim bəstələrimizin yarım əsrə
yaxın yaşı var. Bu sözlər indiki bəstəkarlara
aiddir. Onlar musiqini təsir altında yazırlar.
Yazdıqları musiqi də qətiyyən yadda qalmır. Ola
bilsin ki, mahnı yeni yarananda bir müddət hitə
çevrilsin, amma bir il keçən kimi tamamilə unudulur. Əsl
sənət əsəri heç vaxt yaddan
çıxmamalıdır. Necə ki, bizim böyük bəstəkarlarımızın
əsərləri bu gün də yaşayır.
Ədalət.- 2009.- 21
iyul.- S. 13.