Qarabağa "Qarabağ"la !!!
ƏHSƏN, "QARABAĞ"!!! NORVEÇİN ƏN
ÜNLÜ FUTBOL KOMANDASI "RUSENBORQ" BAKIDA
YENİLDİ!!!
Tahir Gözəl:
"Xalqımıza belə bir qələbə bəxş
etdiyimizə görə çox sevinirik"
QURBAN QURBANOV: "QƏLƏBƏNİN BELƏ BİR GÜNDƏ QAZANILMASI DAHA SEVİNDİRİCİDİR"
BİZ O QƏLƏBƏNİ "ÜÇ NÖQTƏ" OLARAQ TOFİQ BƏHRAMOV ADINA STADİONDA İZLƏDİK VƏ GEDƏNDƏ HƏR BİRİMİZ ÖZÜMÜZLƏ ÜÇ NƏFƏRİ APARDIQ
XATIRLADIRIQ
ki, bu komandaların iyulun 16-da Norveçdə keçirilən qarşılaşması 0:0 hesabı ilə başa çatmışdı. Növbəti mərhələyə adlamaq
üçün yaxşı şans əldə edən "Qarabağ" dünən mütləq qələbə qazanmalı idi. Özü də təsadüfdənmi, yoxsa zərurətdənmi, iyulun 23-ü "Qarabağ" futbol komandasının təmsil olunduğu Ağdam şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal günü idi. Və elə ona görə də futbolçularımızın uduzması praktiki cəhətdən qəbulolunmaz idi, çünki məhz iyulun 23-də qazanılan qələbə Qarabağa doğru "Qarabağ"la başlanılacaq qələbənin bünövrəsi olmalı idi və nə yaxşı ki, o ümidlərimiz doğruldu və biz Qarabağa doğru 1:0 hesabı ilə gedəsi olduq. Bu, həm də təkcə "Qarabağ" komandasının qələbəsi deyildi, bütövlüklə Azərbaycan futbol elitasının qələbəsi idi. Qurban Qurbanov Norveçdə oynatdığı
11-liyi dəyişmək niyyətində deyil. Azarkeşlər "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndirir.
Bütün stadion dayanmadan "Qarabağ!" qışqırırdı. "Qarabağ" bu gün qalib gəlməli idi. Əlbəttə, bunu etmək asan məsələ deyildi. Qonaqların baş məşqçisi Erik Hamrin Bakıya döyüşkən heyət gətirmişdi və matç öncəsi son mətbuat konfransında da dünənki matçın onlar üçün ağır keçəcəyini bildirmişdi. Qurban Qurbanov isə rəqibə hörmətlə yanaşdıqlarını, bununla belə qələbə qazanmaq istədiklərini açıqlamışdı. Gənc mütəxəssis ilk oyundakı əsas heyəti də dəyişməyərək, beləliklə, uğura inamını ifadə etmişdi.
Azarkeşlər də "Qarabağ"ı tək buraxmamışdı, arena tamamilə dolmuşdu. Oyunun ayın 23-nə təsadüf eləməsi prinsipiallığı artırmışdı. Axı 16 il əvvəl, məhz iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olunmuşdu. Mənfur düşmənlərimizin bu hərəkəti heç vaxt unudulmayandır və dünən "Qarabağ" göstərdi ki, Qarabağın oğlanları hələ ölməyib, yaşayır, vuruşur. Bəli, komandamız qalib gəldi. Dünən meydanda yalnız "Qarabağ" vardı, yalnız "Qarabağ". Həmin "Qarabağ" ki qan yaddaşımızı təzələdi, ruhumuzu yerindən oynatdı. Rəşad Sadıqovun 45-ci dəqiqədə cərimə zərbəsindən vurduğu möhtəşəm qol "Qarabağ"ı növbəti mərhələyə daşıdı. İkinci hissədə norveçlilər bütün komandayla hücuma atılsa da, Ağdam klubunun müdafiə xətti keçilməz idi. Kimi fərqləndirək, bütün futbolçular əsl QƏHRƏMAN kimi mübarizə apardılar. Qonaqlar bunu gözləmirdi.
"İlk növbədə
"Qarabağ"ı təbrik edirəm. Birinci hissədə
çox zəif oynadıq. İkinci hissədə
fəal olsaq da, əlimizə düşən imkanlardan istifadə
edə bilmədik". Bu sözlər "Rusenborq"un baş məşqçisi Erik Hamrinə məxsusdur.
"Qarabağ"a uduzaraq mübarizəni
dayandıran Norveç təmsilçisinin
çalışdırıcısı bildirib ki, ikinci hissədə
hücumlarının nəticə verəcəyinə əmin
idi: "Ancaq bir neçə epizodda qapıçınız
yaxşı oynadı. Mən sizi həm də vurduğunuz
fantastik qol münasibətilə təbrik edirəm. Bizim üçün növbəti mərhələyə
keçmək çox vacib idi. Amma bu məğlubiyyət
mənim üçün ona görə acıdır ki, ilk
itkimiz oldu. Həm mən, həm də
futbolçularımız "Qarabağ" adını uzun
müddət unutmayacağıq". "Qarabağ"ın
baş məşqçisi Qurban Qurbanov isə olduqca şad
idi: "Mən hələ Norveçdə söyləmişdim
ki, cavab oyunu daha çətin olacaq". Gənc
çalışdırıcının sözlərinə
görə, bu dəfə hər şey qaydasında idi:
"Futbolçular bu tarixi qələbə üçün
maksimum güclərini qoydular. Əlbəttə,
qələbənin belə bir gündə qazanılması
daha sevindiricidir. Futbolçular, rəhbərlik
hamısı birgə söz vermişdilər ki, belə bir
gündə qələbəni azarkeşlərə hədiyyə
edək. Allah qismət eləsin ki, gələcəkdə
Ağdam torpağında da belə qələbəmiz
olsun". Qurbanov 90 dəqiqə ərzində durmadan
komandaya dəstək verən azarkeşləri də yaddan
çıxarmayıb: "Onların möhtəşəm dəstəyi
bizə əlavə güc verdi. Onlara "afərin" deyirəm. Həmkarım Rəşadın qolunu fantastik
adlandırırsa, mən bunu daha yüksək qiymətləndirirəm.
Növbəti mərhələyə yüksəldik.
Çalışacağıq ki, yolumuza davam edək".
Əlbəttə, bu qələbə bütün azərbaycanlıların,
qarabağlıların qələbəsidir! "Qarabağ"
Avropanı ayağa qaldırdı, adından söz etdirdi.
Hər bir uğurun bir memarı olur. Bu tarixi uğurun memarı isə Abdulbarı Gözəl
və komandanın vitse-prezidenti Tahir Gözəlin simasında
Qarabağı və "Qarabağ"ı sevən
insanlardır. Düz 8 il əvvəl
onlar dağılmaq üzrə olan kluba sahib
çıxdılar, bütün çətinlikləri
aşa-aşa gətirib bu səviyyəyə
çatdırdılar. Matçdan sonra
onların hər ikisi futbolçuları təbrik etdi,
yeni-yeni uğurlar arzuladı. Tahir bəyin
gözlərindəki yaş isə dayanmaq bilmirdi. Sevincindən sanki dünyanı ona vermişdilər.
"İndi Ən xoşbəxt Adam kimdir"
deyə soruşulsaydı, "əlbəttə, mən!"
söyləyərdi. Klubun vitse-prezidenti jurnalistləri də
yaddan çıxarmadı və matçla bağlı fikirlərini
bölüşdü: "Çox çətin oyun oldu. Amma əsas olan odur ki, möhtəşəm qələbə
qazandıq. Tarixi bir gündə meydana
çıxmışdıq. Belə bir
gündə qələbə qazanmaq daha çox xoşdur.
Bu qələbədə azarkeşlərin də
böyük rolu oldu. Xalqımıza belə
bir qələbə bəxş etdiyimizə görə
çox sevinirik. Bizi həddindən
artıq çətin oyunun gözlədiyini bilirdik. "Rusenborq" Avropa səviyyəli bir
komandadır. Amma biz rəqibin
ad-sanından çəkinmədik. Sonadək
meydanda bütün gücümüzü qoyaraq, qələbə
qazandıq. "Rusenborq" kimi
komandanı məğlub etmək çox xoşdur. Bu qələbədə azarkeşlərin də
böyük rolu oldu. Bizə göstərdikləri
möhtəşəm dəstəyə görə onlara təşəkkür
edirəm. İnşallah, bu
uğurların davamı gələcək. Mən
söz verirəm ki, "Qarabağ" yenə adına
layiq səviyyədə çıxış edəcək. Avropa qoy, bizim ayaq səslərimizi eşitsin. Hədəfimiz bacardıqca irəli getməkdir.
Mən həmişə demişəm,
"Qarabağ" öz oyununu oynayarsa, qarşısında
bir kimsə dayana bilməz. Bu gün
hamımız bunun şahidi olduq. Ağdamın
işğalı günündə 1 milyondan çox
qaçqına sevinc bəxş edə bildik. Bundan
gözəl nə ola bilər///... Bütün məşqçilərimi,
futbolçularımı və azarkeşləri bağrıma
basıram. Bu gün heç vaxt
yaddaşlardan silinməyəcək".
Sonunda
"Üç nöqtə" kollektivi adından
"Qarabağ" komandasının inkişafın və
bugünkü qələbəsində böyük xidməti
olan "Azərsun Holdinq" Şirkətlər Qrupunun
prezidenti Abdulbarı Gözələ təşəkkür
edirik.
Babək İlkin
Üç nöqtə.- 2009.- 24 iyul.- S. 3.