Kənd təsərrüfatının inkişafı yalnız maliyyədən asılı deyil

 

O, İQTİSADİYYATIN ÖNƏMLİ SAHƏSİNDƏN DAHA ÇOX, İNSANLARIN FİZİOLOJİ MÖVCUDLUĞUNU QORUMAQ SFERASINA ÇEVRİLƏ BİLƏR

 

 Ona görə də fermerlər bu və ya digər məhsulu əkdikdə gəlir əvəzinə çox vaxt ziyana düşürlər. Kənd təsərrüfatı naziri İsmət Abbasov bununla bağlı deyib: "Fermer məhsulu becərir, buna görə xərc çəkir, amma sata bilmədikdə, növbəti il həmin məhsulu becərməyə maraq göstərmir".

Deməli, bu cür subsidiyaları verməkdənsə, yanacağın qiymətləri aşağı salınmalıdır. Azərbaycanda kənd təsərrüfatının inkişafına mane olan başqa bir səbəb kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının məhdud olmasıdır. "Mən hesab edirəm ki, əgər Azərbaycanda xırda təsərrüfatçılar varsa, xırda istehsalçıların hüquqlarını qoruyan, onların malını xaricə çıxaran ixrac korporasiyaları da yaranmalıdır və bu koorporasiyaların yaranmasını dövlət stimullaşdırmalıdır.

Özü də bütün ölkəni əhatə edən hər rayonda korporasiyanın yaranmasına şərait yaratmaq lazımdır. Əgər bunu dövlət stimullaşdıracaqsa, onda dövlət onlara müəyyən güzəştlər verməlidir, kreditlər verilməsində, onların mallarının gömrükdən maneəsiz keçməsinə şərait yaratmalıdır.

Hər ixracat korporasiyası əmin olmalıdır ki, onun gömrükdə ləngimə vaxtı ən yaxşı bir neçə saat ola bilər. Yəni bu halda, bu şərtlər daxilində böyük nef pullarının kənd təsərrüfatına yönəlməsinin effekti olacaqdır. Əks halda inhisarlaşmış kənd təsərrüfatına o böyük neft pullarının ayrılmasının heç bir əhəmiyyəti olmayacaqdır",- Rövşən Ağayev deyib.

Bu özünü Avropada doğruldub. Məsələn, Danimarkada quş istehsalı ilə 276 təsərrüfat məşğul olur. 2 böyük holdinq isə onların kəsilməsi və ixracı üzrə ixtisaslaşıb. Digər sahələrdə də belə təsərrüfatlar qurulub.

   Onun nəticəsidir ki, Danimarkanın ərazisi Azərbaycanın ərazisindən kiçik olsa da, quş əti istehsalına görə ölkəmizdən 8 dəfə, mal əti istehsalına görə isə 4 dəfə öndədir. Bu gün bu ölkə donuz əti istehsalına görə dünyada ön sırada yer alıb.

 

XIRDA TƏSƏRRÜFATLAR İNKİŞAFA MANE OLUR 

 

Azərbaycanın ən ciddi problemlərindən biri isə kənd təsərrüfatının xırda təsərrüfatlardan ibarət olmasıdır. Onların hazırkı maddi imkanları torpağa aqrotexniki qulluğu lazımi keyfiyyətdə həyata keçirməyə imkan vermir. Rövşən Ağayevin sözlərinə görə, normal şəkildə kənd təsərrüfatının effektiv fəaliyyət göstərməsi üçün iri fermer təsərrüfatlarına ehtiyac var. Bir fermer təsərrüfatına düşən torpaq sahəsinin həcmi hardasa 30 hektardan çox olmalıdır. Bu gün Azərbaycanda kənd təsərrüfatı ailə təsərrüfatı formasında fəaliyyət göstərir. "Bu çox səmərəsiz strukturdur. Belə bir vəziyyətdə Azərbaycanda fermer təsərrüfatı haqqında qanun da yoxdur.

Əslində bu sahədə qanunvericiliyin olmaması çox ciddi problemdir, çünki hüquqi münasibətlərin tənzimlənməsi baxımından çox mühüm məsələləri bu qanun həll edə bilər. Onun köməyi ilə hökumət fermet təsərrüfatlarının könüllü şəkildə birləşməsi əsasında, torpaqların birgə istifadəsi haqqında qanunvericilikdə ciddi stimullaşdırıcı tədbirlər görə bilər. Məsələn, kiçik fermer təsərrüfatları iri təsərrüfatlarda birləşdikdə onlara texnika və kreditlər verilərkən güzəştlər tətbiq edilməlidir". Göründüyü kimi yaxın dövrlərdə fermer təsərrüfatlarının korporasiyalar əsasında fəaliyyətinə şərait yaradılmasa, Azərbaycanda kənd təsərrüfatı əslində iqtisadiyyatın sahəsindən daha çox insanların fizioloji mövcudluğunu qorumaq sferasına çevriləcək.

Azərbaycanda aqrar sektoru maliyyələşdirən xüsusi ixtisaslaşmış aqrar bankların yaradılmasının da vaxtı çatıb. Düzdür, ayrı-ayrı banklar bu işi görə bilər. Lakin 2008-ci ilin yekunlarına görə iqtisadiyyata yönəldilmiş əsaslı vəsait qoyuluşlarının 2 faizə qədəri kənd təsərrüfatına yönəldilib. Eyni zamanda Mərkəzi Bankın məlumatına görə, iqtisadiyyata banklar tərəfindən yönəldilmiş kreditlərin cəmi 3 faizdən bir qədər çoxu kənd təsərrüfatına yönəldilib. Yəni bu onu göstərir ki, nə investisiyaların, nə də kreditlərin yönəldilməsi baxımından aqrar sahə prioritet görünmür. Bəzən vətəndaşlar kredit almaqda çətinliklərlə üzləşir. Müvəkkil bankların onlardan kredit verilməsi üçün "şapka" tələb etdiyini, süründürməçiliklə üzləşdiklərini bildirirlər. Bununla bağlı isə İsmət Abbasov bildirib ki, "son bir neçə ildə bank sistemində "şapka" məsələsi aradan qalxıb.

Hər bir bank çalışır ki, öz vəsaitlərini kredit şəklində səmərəli istifadəçilərə versin. Süründürməçilik də yoxdur. Əgər bir bankın marağındadırsa ki, istehsalçıya kredit verib, bunun müqabilində gəlir əldə etsin, o zaman niyə süründürməçilik etməlidir? Çox zaman hazırlanmış sənədlər əsaslı olmur deyə problemlər ortaya çıxır. Bu gün dünyada maliyyə böhranı mövcuddur. Əgər banklar vəsaiti necə gəldi verib, sonradan geri ala bilməsələr, müflisləşə bilərlər".

İstənilən halda kənd təsərrüfatını maliyyələşdirmək üçün ayrı-ayrı bankların xidmətindən çox, bu sahə üçün ayrıca bankın mövcudluğu çox önəmlidir.

 

AQRAR BANKA EHTİYAC VAR

 

Aqrar bankın yaradılmasında dövlət özünün kapital qoyması şərti ilə önəmli rol oynaya bilər. Amma o öhdəlik götürə bilər ki, ilk beş il ərzində həmin bank səhmdar cəmiyyətə çevrilib tam şəkildə özəlləşdiriləcək. Bundan başqa dövlət ilk dövrdə yeni yaradılacaq bankın nizamlanma kapitalında 30-35 faizlə də təmsil oluna bilər. Qalan kapitalın isə xarici və özəl sektordan cəlb olunması mümkündür. İkincisi, kənd təsərrüfatına ayrılan kreditlərin faizi, hətta Sahibkarlarlığa Kömək Milli Fondunun vasitəsilə verilən kreditlərin faizi də kənd təsərrüfatına yararlı deyil. Bugünkü mərhələdə kənd təsərrüfatına verilən kreditlərin faizi simvolik olmalıdır. Çünki bu sahədə rentabellilik çox aşağıdır. Çox ciddi məsələlərindən biri də aqrar proqramla bağlıdır. Düzdür, hökumət ərzaq təhlükəsizliyi proqramı qəbul edib və orada çox ümumi şəkildə məhsuldarlığın artırılması ilə bağlı müəyyən hədəflər qoyulub. Rövşən Ağayevə görə, hökumət aqrar sahə üçün emal müəssisələrinin yaradılması məsələsini qoymalı idi. Məsələn, bu yaxınlarda Gürcüstanda "Yoxsullarsız Gürcüstan" adlı proqram qəbul olunub. Bu proqramda hər 5 il üçün 100 emal müəssisəsinin yaradılması hədəf götürülüb. Qazaxıstandanın dövlət proqramında isə çox maraqlı məqam var. Orada deyilir ki, əgər 2000 nəfərə 1 emal müəssisəsi düşmürsə, kənddə heç vaxt istənilən məhsuldarlığı və məhsul istehsalını əldə etmək mümkün olmayacaq. Azərbaycan hökuməti də belə bir yanaşma qoymalı idi. "Hesablama aparmalı idi ki, Azrərbaycanın nə qədər emal müəssisəsinə ehtiyac var. Burda söhbət yalnız müəssisəni yaratmaqdan deyil, həm də yaxın 5 ildə ölkəni kənd təsərrüfatı istehsalçısına çevirən ixrac potensialı, onu yüksək səviyyədə məhsulla təmin edən müəssisələrdən gedir.

Bəzən rayonlarda emal müəssisəsini rayonun mərkəzlərində yaradırlar və insanların ora gedib-gəlməsi infrastruktur baxımından kifayət qədər problemlidir. Coğrafiya elə seçilməlidir ki, həmin emal müəssisəsi xammal problemi yaşamasın. Məsələn, hər hansı bir rayonun 5 kəndi üzümçülüklə ixtisaslaşıbsa, emal müəssisəsini də orda yaratmaq lazımdır, nəinki rayonun mərkəzində. Böyük həcmli emal müəssisələrinin yaranmasını stimullaşdırmaqdansa, xırda həcmli daha çox emal müəssisələrinin yaranması daha faydalıdır. Çünki bu onlar arasında rəqabətə səbəb olar". Aydındır ki, bu müəssisələr yeri gələndə birləşib öz potensiallarını istifadə edə bilərlər. Amma müəyyən sahədə emal müəssisələri tək yarandıqda qiyməti diqtə edirlər. Qiymət diqtə edə bilməyəndə isə məhsulu qəbul etmirlər. Belə olan halda isə fermer istehsal etdiyi məhsulu dəyər-dəyməzə satmalı olur. Nəticədə kəndli növbəti dəfə həmin məhsulu yetişdirməkdə maraqlı olmur. Yəni burda önəmli məsələ rəqabətdir. Deməli, optimal sayda emal müəssisəsi yaradılmalıdır ki, rəqabət də olsun. Buna müvafiq olaraq soyuducu anbarların yaradılması istiqamətində tədbirlər sürətləndirilməlidir.

Qeyd edək ki, kadr təminatı sahəsində müəyyən problemlər var. Bu gün Azərbaycanda kifayət qədər savadlı zootexnik, baytar, aqronom, mexanizator mütəxəssislərə ehtiyac duyulur. Xatırladaq ki, dövlət büdcəsindən kənd təsərrüfatının inkişafına 500 milyon dollara yaxın vəsait ayrılıb. Lakin vəsaitin çox və ya az olması kənd təsərrüfatının inkişafı deyil. Birinci növbədə yuxarıda qeyd edilən problemlər həll edilməlidir. Əks halda ölkənin kəndləri boşalacaq.

Kənd sakinlərinin iri şəhərlərə axını baş verəcək. Kənd təsərrüfatının tənəzzülü isə davam edəcək, Azərbaycan xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarından asılı vəziyyətə düşəcək. O, yuxarıda qeyd etdiyimiz kimi iqtisadiyyatın sahəsindən daha çox insanların fizioloji mövcudluğunu qorumaq sferasına çevriləcək. İqtisadiyyatın digər sahələrindən fərqli olaraq heç də çox böyük həcmdə investisiya tələb etməyən aqrar sektorun inkişaf etdirilməsi günün əsas sualı olmalıdır. Bu həm dövlət büdcəsinin neftdən aslılığını azaldar, həm də əhalinin maddi durumunu yaxşılaşdırar. Yəqin ki, hökumətin də bu barədə ciddi planları var.

  

 

Pünhan Əfəndiyev

 

Üç nöqtə.- 2009.- 2 iyun.- S. 11.