"Azərbaycanda dəniz səyahətini inkişaf etdirmək istəyirik"

 

DAVUTHAN ÖZCEYHAN: "BİR HƏFTƏ DƏNİZ SƏYAHƏTİ ANTALYADA OTELDƏ BİR HƏFTƏ QALMAQDAN UCUZDUR"

 

RAQİB FƏRDA AYDINALP: "BU SƏYAHƏTDƏN BİR DƏFƏ İSTİFADƏ EDƏN ONDAN DƏFƏLƏRLƏ İSTİFADƏ ETMƏK İSTƏYİR"

 

AZƏRBAYCANIN əlverişli coğrafi zonada yerləşməsi xarici iş adamlarının diqqətindən yayınmayıb. Dünya maliyyə böhranının davam etməsinə baxmayaraq bu istiqamətdə fəaliyyət göstərmək istəyən şirkətlərin sayı ilbəil artmaqdadır. Xüsusilə bu sahədə Türkiyədən gələn şirkətlər üstünlük təşkil edir. Bu yaxınlarda ölkəmizə təşrif buyuran "Egeon Travel & Cruise" şirkətinin meneceri Davuthan Özceyhan və "Tura Turizm" şirkətinin xarici turizm şöbəsinin müdiri Raqib Fərda Aydınalp Azərbaycanda tam fərqli turizm xidmət sahəsi ilə məşğul olmağa qərar veriblər. Bu haqda daha ətraflı məlumatı onlardan almağa çalışdıq.

- Səfərinizin əsas məqsədi nədən ibarətdir?

Davuthan Özceyhan:

- Şirkətimiz dəniz səyahəti ilə məşğuldur, dünyanın bir sıra görməli yerlərinə gəmi turlarını təşkil edirik. Türkiyənin "Tura-turizm" şirkətinin xarici turizm müdiri Raqib Fərda Aydınalpla birlikdə Azərbaycandakı məsləkdaşlarımızla iş görüşməsinə gəldik. Məqsədimiz azəri qardaşlarımızı dəniz səyahətinə alışdırmaqdı. Bu işdə bizə televiziya və qəzetlər çox kömək edə bilər. Artıq İctimai televiziyada görüşümüzü keçirdik. Azəri qardaşlarımızın su səyahəti ilə bağlı maarifləndirilməsi istiqamətində ilk addımımızı atmışıq.

- Fəaliyyətiniz üçün niyə Azərbaycanı seçdiniz?

Davuthan Özceyhan:

- Düzdür, Azərbaycanda turizm sektoru Türkiyədəki qədər inkişaf etməyib. Dəniz səyahətinin özü də dünyada tam yeni bir turizm xidmət sahəsidir. Buna görə də Azərbaycanda bu sahənin inkişaf etməsini arzu edirik. Məlum olduğu kimi, azərbaycanlı turistlər çox vaxt Antalyaya gedir. Ancaq orada oteldə qalıb, geri qayıdırlar. Otel səyahəti də yalnız bir həftə ərzində eyni yerlərdə tətil keçirməkdən ibarətdir. Gəmi turlarında isə bir yerə bağlanıb qalmırsan. Məqsədimiz də bir yenilik gətirməkdir. Su özgürlükdür, azadlıqdır. Çox fərqli marşrutdur. O marşrutun tanıdılması üçün Azərbaycana gəldik. Bundan sonra fərqli addımlarımız olacaq. İnsanları buna alışdıra biləcəyimizə inanırıq.

Raqib Fərda Aydınalp:

- Oteldəki xidmətlər zatən gəmidə göstərilir. Yemək-içməyindən tutmuş əyləncəsinə qədər hər şeyi var. Bir sabah bu limanda, başqa sabah digər limanda oyanmaq var. Ətrafı seyr edərək, səhər yeməyi və ya nahar etməyin ləzzəti ayrıdır. Bunları eyni oteldə etmək darıxdırıcıdır.

- Bu marşrutun özəlliyi nədən ibarətdir və gəmi turları proqramlarına nələr daxildir?

Raqib Fərda Aydınalp:

- Çox çeşidli proqramlarımız var. Hər çərşənbə axşamı Quşadasından Egey adalarına gedən bir gəmi turumuz var. Bir həftəlik proqrama 3-4 gün dənizkənarı otel istirahətinin təşkili də daxildir. Qalan 4-5 gündə gəmi səyahətidir. Quşadasından çıxıb, Egey adalarının önəmli mərkəzlərini dolanıb, gəmidə tam istirahət təşkil edirik. Səyahətçilər bu məkanda antik yerləri görmək şərəfinə nail olacaqlar. Sonra gəmi turu başlayacaq. 4-5 gecə gəmi proqramlarını gerçəkləşdirib, geri dönəcəklər. Bundan başqa, tələblərə uyğun olaraq hər yerə turlarımız var. İtaliya, İspaniyada beşulduzlu otellərdə qalmaq da daxil olmaqla dəniz səyahətlərini təşkil edirik. Bunlar orta səviyyəli xərc tələb edən səyahət proqramlarıdır. Hətta Madaqaskar adasına belə turlarımız var.

- Səyahət zamanı çəkilən xərclər necədir?

Davuthan Özceyhan:

- Düzdür, dəniz səyahəti bahalı hesab olunur. Amma bizdə tam əksinədir. Son dərəcə ekonomikdir. Bizim 300 avro ilə 1500 avro arasında turlarımız var. Tam əminliklə deyə bilərəm ki, dəniz səyahəti Antalyada oteldə bir həftə qalmaqdan daha ucuzdur.

- Endirim kampaniyalar var?

- Bu satışdan asılıdır. Erkən revarsion endirimlər də olur. Buradakı əsas amalımız öncə belə bir mədəniyyəti gətirməkdir. Əlbəttə, azəri qardaşlarımız dünyanın hər yeniliyindən xəbərdardır. Sadəcə biz bu xidməti öz ayaqlarına gətirdik. Dəniz səyahəti istəklərini asanlaşdırdıq.

- Bu səyahət zamanı sığorta məsələləri necə, öz əksini tapır?

Raqib Fərda Aydınalp:

- Gəmi səyahətləri tam etibarlıdır. Mövcud prosedurlara görə bütün sığortalanma işləri həyata keçirilir. Gəmi turları digərlərindən tam etibarlıdır. Buna əmin olmaq lazımdır.

Davuthan Özceyhan:

- Sığortalar beynəlxalq standartlara cavab verir. Allah göstərməsin, ölüm, xəsarətlər olarsa, bunların hamısını qarşılayırıq. Lazım olanda turisti təyyarə ilə məmləkətinə də gətirərik. Bunlar ciddi sığortalardır. Əlbəttə, bunlar gündəmə gəlməyən mövzulardır. Gəmi avtobus, təyyarə turlarının ən etibarlısıdır. Hər saatda bu qəzaların baş verdiyini eşidirsiniz. Ancaq gəminin batması nadir baş verən hadisədir.

- Fəaliyyətinizi Azərbaycandan başqa hansı ölkələrdə davam etdirmək istəyirsiniz?

Davuthan Özceyhan:

- Əsas mərkəz Ankarada yerləşir. Eyni zamanda Yunanıstanın Afina şəhərində ofisimiz var. Qonşu ölkələr ilə yaxın əlaqələrimiz olsa da, Azərbaycan ata yurdumuzdu. Onun üçün burada fəaliyyət göstərməyimiz daha önəmlidir. Təbii ki, bu gəmi turları ilə Azərbaycana türk turistləri də gətirmək istəyirik. Onları ata yurdu ilə yaxından tanış etmək lazımdır. Qarşılıqlı birgə planlarımız var. Bütün dünya ilə çalışırıq.

- Azərbaycanda fəaliyyətinizi necə həyata keçirəcəksiniz?

Raqib Fərda Aydınalp:

- Burada agentalarımız var. Onlarla ortaq çalışacağıq. Bundan əvvəl qarşılıqlı otel səyahətlərimiz olub. Nazirliklərə, idarə-təşkilat və şirkətlərə otel xidməti göstərmişik. İndi gəmiyə üstünlük verəcəyik. Yay mövsümündə gəmi səyahəti fikrimizcə ən yaxşıdır.

- İlk mərhələdə Azərbaycandan dəniz səyahətinə nə qədər insan cəlb edə biləcəyinizi proqnozlaşdırmısınız?

- Yay mövsümündə, yəni 16 həftə ərzində başlanğıc olaraq təqribən 700-800 nəfəri (hətta 1000 nəfər) dəniz səyahətinə cəlb edəcəyimizə inanıram. Sonra dönüş olacaq. Əminik ki, bu səyahətdən bir dəfə istifadə edən dəfələrlə istifadə edəcək. Yəni Egey dənizinə səyahət edən turist sonrakı dəfə Baltik dənizinə səyahət etmək istəyəcək. Daha sonralar Avropa, Çin su (gəmi turları) səyahətlərində də olmaq istəyəcək.

Davuthan Özceyhan:

- Mən də düşünürəm ki, cəlb edəcəyimiz dəniz səyyahlarının sayı 1000 nəfəri keçəcək. Növbəti illərdə isə bu rəqəm 2-3 min də ola bilər. Ona görə ki, dəniz səyahətinə alışan, başqa səyahətə getməz.

- Turizm sahəsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün prioritet seçilib. Təklif etdiyiniz xidmət sahəsinin yerini bu turizmdə necə görürsünüz?

Davuthan Özceyhan:

- Bir sıra araşdırmalarım oldu. Bu sahə Azərbaycanda yeni formalaşır. Xidmət səviyyəsi o qədər də yüksək deyil. Hesab edirəm ki, az müddətdə inkişaf edəcək. Ancaq Türkiyənin turizmdə yol verdiyi xətalara Azərbaycannın yol verməsini istəmirəm. Bu gün Türkiyə ən ucuz ölkə durumuna düşüb. Kəmiyyətcə gələn turistlərin sayı çox olsa da, keyfiyyət çox aşağıdır. Ona görə də çox pul qazanılmır. Azərbaycan çox təmiz yerdir. Gələcəkdə turizm yüksək inkişaf edə bilər. Tarixi yerlərinizi qorumaq lazımdır. Bunlar dünya mirasıdır. Onun arxasınca getmək lazımdır. Türkiyənin xətalarından dərs almalısınız. Yaxşı təcrübəmizdən yararlanmalısınız. Azərbaycan buna əməl etsə, turizm sahəsində də dünyada haqq etdiyi yeri tuta bilər.

- Azərbaycanda hər il beynəlxalq turizm sərgisi keçirilir. Burada xidmət göstərmək istəyən şirkət üçün o sərgidə öz məhsulu ilə iştirak önəmli deyilmi?

Raqib Fərda Aydınalp:

- Bu sərgidən xəbərdar idik. Hər il aprelin 15-də keçirilir. Ancaq proqramımızın ağır olmasından bu sərgiyə qatıla bilmədik. Növbəti ildə mütləq iştirak edəcəyik. Gələn il ayrıca stend açmaq istəyirik. Bu yolla xidmətimizi daha yaxşı tanıtmaq istəyirik.

- Başqa dünya ölkələrində və xüsusən Türkiyədə dəniz səyahətinə münasibət necədir?

Davuthan Özceyhan:

- ABŞ-da bu yeni deyil. Amerikalı turistlərin yetmiş faizi dəniz səyahətinə çıxır. 30 faiz isə otellərdə dincəlməyə üstünlük verir. Avropada, xüsusilə İtaliya və İspaniyada da dəniz səyahəti dəbə düşüb. Cənubi Kiprdə 700 min əhalinin 70 mini dəniz səyahətinə üstünlük verir. Türkiyədə ötən il 76 milyon əhalinin cəmi 17-18 mini dəniz səyahətinə üstünlük verib. Bu çox azdır. Türkiyədə də olduqca ekonomik turlarımız var. Vətəndaşların hamısı zəngin deyil.

Raqib Fərda Aydınalp:

- 43 illik təcrübəmiz var. Əcnəbi turistlərə xidmət sahəsində 2007-ci ildə dünya birincisi, 2008-ci ildə isə dünya ikincisi olduq. Fəaliyyətimiz beynəlxalq İSO sertifikatı ilə qiymətləndirildiyindən, Azərbaycana xidmət göstərməyə rahat şəkildə gələ bilirik.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 2 iyun.- S. 10.