Məhbus qadınlar
ONLARIN ƏKSƏRİYYƏTİ ADAM ÖLDÜRMƏYƏ,
NARKOTİK MADDƏDƏN İSTİFADƏ VƏ QADIN
ALVERİNƏ GÖRƏ TUTULANLARDIR
MƏHBƏSDƏ KEÇİRDİYİ DÖVRÜ HƏYATININ
QARA SƏHİFƏSİ HESAB EDƏN
MÜSAHİBİMİZ İÇƏRİ DÜŞMƏYİ
HEÇ BİR QADINA ARZULAMIR
ÖLKƏMİZDƏ cinayət törətmiş
şəxslər müxtəlif ümumi və ciddi rejimli cəzaçəkmə
müəssisələrində saxlanılırlar. Həmin müəssisələrin
bəziləri əhali arasında daha çox tanınır:
Bayıl türməsi, Qobustan həbsxanası, MTN-in təcridxanası,
"Qadın koloniyası", "Uşaq kolonoyası" və
s. Bakı şəhəri Xətai rayonunda yerləşən
qarışıq rejimli 4 saylı cəzaçəkmə
müəssisəsi əhali arasında daha çox
"Qadın koloniyası" kimi tanınır. Bu, Azərbaycanda cinayət törətmiş
qadınların saxlanıldığı yeganə cəzaçəkmə
müəssisəsidir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
nəzdində olan müəssisə ona görə
qarışıq rejimlidir ki, burada həm ciddi, həm də
ümumi rejim altında cəza çəkən məhbus
qadınlar saxlanılırlar.
MƏHBUS QADINLAR ÜÇÜN YENİ
HƏBSXANA
Azərbaycanda qadın məhbuslar üçün
inşa edilən 4 saylı cəzaçəkmə müəssisəsinin
tarixi İkinci Dünya Müharibəsindən sonraya təsadüf
edir. Ədliyyə
Nazirliyi Penitensiar Xidmətdən verilən məlumata görə,
"Qadın koloniyası" 1948-ci ildə inşa edilib. Yeri
gəlmişkən, Azərbaycan hökumətinin pentensiar xidmət
sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində
ölkəmizdə yeni və daha müasir tipli cəzaçəkmə
müəssisələri istifadəyə veriləcək.
Yaxın illərdə Qobustan həbsxanası, Bayıl
türməsi kimi "Qadın koloniyası" da yeni binaya
köçürüləcək. Bakının Zabrat qəsəbəsi
yaxınlığında qadın məhkumlar
üçün yeni cəzaçəkmə müəssisəsi
inşa olunub.
QADIN CİNAYƏTKARLARIN SAYI ARTIB
Azərbaycanda hər il qadınların iştirakı ilə müxtəlif cinayətlər törədilir. Acınacaqlı hal son illər cinayət törədən qadınların sayının artması ilə bağlıdır. Rəsmi statistika göstərir ki, qadınlar hər ötən illə müqayisədə çox cinayət törədirlər. Ölkəmizdə hər il təxminən 2600-dən çox qadın müxtəlif cinayətlər törədir. Bu cinyətlərdən bəziləri üzrə azadlıqdan məhrumetmə cəzası kəsilir.
Ümumiyyətlə,
təqsirləndirilən qadınların törətdiyi cinayətlərin
siyahısına qəsdən adamöldürmə, qəsdən
sağlamlığa zərərvurma, oğurluq,
soyğunçuluq, xuliqanlıq, quldurluq, dələduzluq,
rüşvətxorluq, insan alveri, hərəkətin təhlükəsizliyi
və nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulması, narkotik vasitələrin
alqı-satqısı, istifadəsi, daşınması
daxildir. Azərbaycanlı
qadınların törətdikləri ağır cinayətlərdən
ildə təxminən 6-7-si ölümlə nəticələnir.
Pentensiar Xidmətin rəsmi məlumatında qadın cinayətkarların
ən çox törətdiyi cinayətlərin xuliqanlıq və
dələduzluq olduğu bildirilir.
Cinayətlərin ən çox törədilməsinə
görə sonrakı yerlərdə narkotik vasitələrlə
bağlı hərəkətlər, oğurluq gəlir.
4 saylı cəzaçəkmə
müəssisəsində saxlanılan qadın məhbusların
yaş kateqoriyası 18-dən 70-ə kimidir. Bəziləri təkrar
məhkum olunublar.
Hazırda "qadın
koloniyası"nda 295 məhbus var. Onların bəziləri
çox ağır və xüsusilə ağır cinayət
törədənlərdir. 150-dən çox məhbus qəsdən
adamöldürməyə görə məhkum olunub. Cəzaçəkmə
müəssisəsindəki qadınların əksəriyyəti
adam öldürməyə, narkotik maddədən istifadə və
saxlamaya, qadın alverinə görə tutulanlardır.
"Koloniya"da körpə uşaqları özündə olan məhbus qadınlar da cəza çəkir. Bəzilərinin uşaqları isə ayrı-ayrı internat məktəblərində saxlanılır. Çünki qanunla qadın məhkumların öz övladlarını 3 yaşına qədər müəssisədə saxlamaq imkanı var. Üç yaşından sonra onları analarından ayıraraq internat məktəblərinə verirlər.
"QADIN KOLONİYASI"nın KEÇMİŞ SAKİNİ
Məhbus qadınlar törətdikləri cinayətlərdən
danışmağı sevmirlər. Həmsöhbətimiz Dilarə Fərəcovanı
da çətinliklə söhbətə razı saldıq. Keçmiş məhbus öz həyatı və yol
verdiyi səhvlərdən deyil, türmə həyatından
danışmağa razılaşdı. Ömrünün 5
ilini dəmir barmaqlıqlar arxasında keçirən Dilarə
törətdiyi cinayətə görə çox
peşmandır: "Mərdimazar adamlar olmasaydı cinayət
törətməyə məcbur olmazdım. Hansı qadın
həbsxanaya düşməyi arzulayar ki?". Onun
sözlərinə görə, xarici ölkələrdəki
cəzaçəkmə müəssisələrindən fərqli
olaraq bizim "Qadın koloniyası"nda vəziyyət
heç də dəhşətli deyil, yəni içəridə
olanları döymürlər, ac-susuz saxlamırlar, cinsi
istismara məruz qoymurlar, təhqir etmirlər,
alçaltmırlar: "Məhbuslara nəzarət
güclüdür. Bizimlə insan kimi rəftar olunsa da, istənilən
halda bu, məhbəs həyatıdır və onu
yaşamağın ağrı-acıları çoxdur. Rejimdə
saxlanılmaq, üzərində daim nəzarətin olması,
doğma insanlardan, dost-tanışlardan təcrid edilmək, məhkumluq
damğası və ən çox da azadlıq havasından məhrum
olmaq dəhşətlidir".
CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN
ÖZ QANUNLARI VAR
Dilarə deyir ki, cəzaçəkmə müəssisəsinin
öz qayda-qanunları var. Onların
əksəriyyti yazılmış, bəziləri isə
yazılmamış qanunlardır. Daxili qaydalara görə, məhkum səhər
saat 6-da durmalı, axşam saat 10-da yatmalıdır. 15-35 nəfərlik
yataq otaqlarında səliqə-sahmanla bağlı dəmir
nizam-intizam var. "Məhbus qadınlara evdən yataq dəstləri
gətirməyə, istədiyi vaxt onları yuyub dəyişdirməyə
icazə verilir. Daxili qaydaya görə, müəssisədə
təmizliyin qorunub saxlanılması üçün müxtəlif
tədbirlər təşkil olunur. Yataq otağında növbətçilik
prinsipi var və məhkumlar növbə ilə təmizliyə
nəzarət eləməlidirlər. İçəridə
qadınlar bir-birləriylə asan yola gedirlər, hətta
yaxın rəfiqə olanlar da var. Bununla yanaşı,
bir-birindən zəhləsi gedənlər də az deyil. Amma
türmə rəhbərliyinin qorxusundan içəridə
dava-dalaş nadir hallarda baş verir. Məhbuslar nə qədər
bir-birilərinə düşmən kəsilsələr də,
heç kəs cəzasının
ağırlaşdırılmasını istəmir".
Keçmiş məhbus türmənin yazılmamış
qanunlarından danışmağa çox xəsislik edir,
deyir kı, onları bayırda açıb-ağartmaq
yaxşı iş sayılmır: "Əslində
"Qadın koloniyası"nda oğru qayda-qanunları, nə
bilim, cəza üsulları kimi şeylər yoxdur. Sadəcə,
elə məsələlər var ki, onlar barədə
danışmaq lazım deyil. Allah eləməmiş, sonradan təkrar
yolun oradan düşsə, sənə münasibət
yaxşı olmayacaq".
Dilarə
deyir ki, "Qadın koloniyası"nda cəza çəkən
adam öldürənlərin əksəriyyəti
öz həyat yoldaşlarını öldürənlərdir.
O, insan alveri cinayəti
üstündə türməyə düşən qadınlara
münasibətin pis olduğunu da qeyd etdi: "Belələri
orada az deyil. Koloniyada öz cinsindən olan köməksiz
insanları aldadıb tora salan, fahişəliyə məcbur
edən "mama roza"lara nifrət var. Onlar namus
üstündə adam öldürüb türməyə
düşən qadınlardan çox qorxurlar".
Həmsöhbətimiz
"koloniya"da məhbus qadınlar üçün peşə
kurslarının açılmasını müsbət hadisə
sayır: "Nə ilə isə başını
qarışdırmalısan ki, vaxtı öldürməlisən
ki, darıxmayasan. Yoxsa
adamın başına hava gələr. Orada məhbus
qadınların modelyer rəssam, xalçaçılıq,
dərzilik ixtisasları üzrə təhsil almaq, həm də
təcrübə keçmək imkanı yaranıb. Məhbuslar xalçaçılıq və
tikiş sexlərində gördükləri işə
görə əməkhaqqı da alırlar. Əməkhaqqı
iki cür ödənilir: müəssisədə ştat
vahidlərinə görə və əməkləri
müqabilində. Onların maaşları nağd şəkildə
özlərinə təqdim olunmur və hər biri
üçün açılmış hesaba
köçürülür. Cəzaçəkmə müəssisəsində
fəaliyyət göstərən dükandan hər bir məhkum
qadın bəzi malları, eləcə də ərzaq məhsullarını
ala bilər. Bu zaman alınan malın dəyəri
miqdarında pul məhkumun hesabından dükanın
hesabına köçürülür. Məhkumun cəza
müddəti bitdikdən sonra hesabındakı pul özünə
təhvil verilir. Bəzilərindən fərqli olaraq mənim
yanıma gəlib-gedənlər yox idi. Tutulandan sonra
yoldaşım azyaşlı qızımı da anamın üstünə
atıb məndən boşandı, evimizi sataraq
çıxıb Rusiyaya getdi. Türmədəki tikiş
sexində işləyirdim, aldığım pul elə də
çox deyildi, onu oradakı dükandaca xərcləyib
qurtarırdım".
TÜRMƏYƏ DÜŞƏNDƏN
SONRA TÖVBƏ EDİRLƏR
Həmsöhbətimizin
sözlərinə görə, müəssisədə məhkumların
başının qarışması üçün
televizora baxmaq çox kara gəlir. "İki televizor otağı
var. Birində 90-a qədər, digərində isə 160-a qədər
məhbusun oturub televizora baxması mümkündür.
Televizor otağından istifadə də müəyyən rejimlədir.
Hər bir televizor otağına bir məhkum qadın rəhbərlik
edir və bu, nizam-intizamın yaradılması ilə
bağlıdır. Türk seriallarına baxmağı
xoşlayırdıq. Bəzən televizora baxmaq üstündə
də mübahisələr olur. Bu da kimsə kanalı dəyişdirmək
istəyəndə baş verirdi. Qadın mübahisələri
də ki ya söyüşdən, ya da qarğışdan o
yana keçmir".
Cəzaçəkmə
müəssisəsinin ayrıca kitabxanası da var və
mütaliə ilə məşğul olmaq istəyənlər
oradan kitab əldə edə bilərlər: "Amma
kitabların çoxu sovet dövründən qalıb,
köhnəlib, necə deyərlər üzü üzlər
görüb. Kitab həvəskarı
olmasam da, mən də yolumu aradabir kitabxanadan
salırdım". Məhkumlar həftədə bir dəfə
evdən göndərilən yemək bağlamasını da qəbul
edə bilərlər: "Ümumi götürəndə
dustaqlar pis qidalandırılmırlar. Onlar üçün
normal sayılacaq ətli xörəklər, sıyıq,
yağ, bəzən balıq da verilir. Mətbəxdə
işləyənlər qadınlar olduğundan təmizliyə
ciddi riayət olunur. İçəridə olanda adamı əsas
o düşündürür ki, görəsən buradan
çıxandan sonra necə yaşayacam, harda işləyəcəm.
Belə vaxtlarda Allaha dua eləmək, ondan imdad diləmək
yeganə çıxış yoludur". Dilarə
deyir ki, "koloniya"da məhkumların namaz
qılmaları üçün ayrıca ibadət
otağı var: "İçəri düşəndən
sonra törətdyi əməldən peşman olanlar
çoxdur, yenidən azadlığa qovuşmaq
üçün tövbə edib namaz qılmaq adama bir qədər
ruhi rahatlıq gətirir. Mən də namaz
qılmağı türmədə öyrəndim, amma
hazırda namaz qılmıram". Qısa söhbətimizin
sonunda məhbəsdə keçirdiyi dövrü həyatının
qara səhifəsi hesab edən müsahibimiz içəri
düşməyi heç bir qadına arzulamır. Qeyd edək
ki, sovet dövründə digər respublikalar kimi Azərbaycanda
da qadın məhbuslara güllələnmə, müstəqillikdən
sonra isə ömürlük azadlıqdan məhrumetmə cəzası
kəsilməyib. Çünki qanun buna imkan vermir.
Samir
Üç nöqtə.- 2009.- 6 iyun.- S. 6.