"Turizm sirkətlərinə güzəştli kreditlər verilməlidir"

 

RUSLAN QULİYEV: "RƏQABƏT OLMADIĞINDAN OTEL SAHİBLƏRİ QİYMƏTLƏRİ İSTƏDİKLƏRİ KİMİ TƏYİN EDİRLƏR"

 

"İSTİRAHƏT MƏRKƏZLƏRİNDƏ MÖVCUD OLAN QİYMƏTLƏR GÖSTƏRİLƏN XİDMƏTƏ UYĞUN DEYİL"

 

AZƏRBAYCANDA turizm üçün gözəl imkanlar mövcud olsa da, bundan indiyədək yetərincə istifadə edilməyib. Yalnız son bir neçə ildə xarici turistlərin ölkəmizə cəlb edilməsinə başlanılıb. Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi və ölkəyə turistlərin cəlb edilməsində özəl turizm şirkətlərinin də xüsusi rolu var. Bu sahədə mövcud vəziyyətlə bağlı məsələyə "Milenium" turizm şirkətinin baş meneceri Ruslan Quliyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

- Ruslan müəllim, Azərbaycanın turizm imkanlarından yetərincə istifadə olunmasına nə mane olur?

- Mən 16 ildən çoxdur turizm sahəsində çalışıram. 2001-ci ildə Azərbaycana qayıdaraq turizmin inkişafı ilə bağlı işlərə başladım. Hazırda Azərbaycanda turizmin inkişafı ilə bağlı birmənalı fikir yoxdur. Bu sahədə köklü dəyişikliklərin olmasını düşünənlərlə yanaşı, əks fikirdə olanlar da var. Amma məsələyə düzgün qiymət vermək üçün müəyyən müqayisələr aparılmalıdır. Əgər 2001-ci ildə Mədəniyyət və Turizm Nazirliyi yaranarkən respublikamızda 30-a yaxın turizm şirkəti var idisə, hazırda onların sayı 250-dən çoxdur. Həmçinin həmin vaxt cəmi 60 mehmanxana obyekti fəaliyyət göstərirdisə, indi onların sayı 300-ə çatıb. Həmçinin, Azərbaycan Beynəlxalq Turizm Təşkilatına üzv qəbul edilib. "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizə səfər edən xaricilərin sayı ildən-ilə artıb. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri müxtəlif beynəlxalq treninqlər və sərgilərdə iştirak edir. Hazırda onlayn informasiyaların ötürülməsinə başlanılıb ki, bu da gələcəkdə Azərbaycana turistlərin daha çox cəlb edilməsinə gətirib çıxaracaq. Təkcə onu xatırlatmaq kifayətdir ki, 2002-ci ildə Azərbaycana təxminən 200-400 min arası turist gəlirdisə, hazırda onların sayı 1 milyon 800 min nəfərə yaxındır. Bütün bunlar isə ondan xəbər verir ki, ölkəmizdə turizm sahəsi inkişaf etməkdədir.

- Azərbaycana daha çox hansı ölkələrdən turistlər cəlb olunur?

- Son illər dövlətimiz bu sahəni əsas prioritet istiqamətlərdən biri kimi görür. "Milenium" turizm şirkəti də həm daxili, həm də xarici turizmin inkişafına maraq göstərir. Xarici turistlər Azərbaycanda mövcud olan 8 turizm zonasına - Bakı-Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan, Gəncəbasar, Qarabağ və Naxçıvana aparılırlar. Həmin zonalara turistlərin cəlb olunması üçün bir neçə layihə həyata keçirilib. Cənub zonasına "Uzunömürlülər marşrutu" layihəsi işlənərək turistlər cəlb edilib. Bölgədə yüzdən artıq insan bir əsrdən artıq yaşayıb. 95-100 yaş arasında olan şəxslərin sayı isə təxminən 500 nəfərdir. Uzunömürlü şəxslər də turistlər üçün maraq kəsb edir. Xarici vətəndaşlar bir əsrdən artıq yaşayan həmin şəxslərlə təmasda olmağa maraq göstərir. Bölgəyə təşkil edilən turlar zamanı MDB ölkələri, Şərqi Avropa və Almaniya, Türkiyə, İran, Çin və Yaponiyadan turistlər cəlb edilib. Azərbaycana gələn xarici turistlər isə daha çox Gəncəbasar və Lənkəran-Astara zonasına getməyə üstünlük verirlər. Ölkəmizə gələn turistlərin Azərbaycanla yanaşı, digər qonşu ölkələri də ziyarət etməsinə şərait yaradılır. "İpək Yolu" layihəsi çərçivəsində turistlərin Türkiyə, Gürcüstan, Azərbaycan və İranda istirahət etməsinə şərait yaradılır.

- Bu sahədə xidmətlə bağlı ciddi problemlərin olduğu bildirilir.

- Bəli. Bu, turizm sahəsinin ən ağrılı problemidir. Düzdür, hazırda xidmət sahəsinin dünya səviyyəsinə çatdırılması üçün ciddi iş aparılır. Bir neçə il öncə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu fəaliyyətə başlayıb. Bu da çox təqdirəlayiq bir haldır. Həmin institutu bitirən tələbələr ikili diplom əldə edirlər. Avstriya Universitetinin diplomunu da əldə edən tələbələr xaricdə təcrübə keçə bilirlər. Kadr məsələlərinə önəm verilməsi bu sahənin inkişafına səbəb ola bilər. Həmçinin, bu ilin yanvarında Azərbaycan Turizm Assosiasiyası təsis edilib. Assosiasiyaya 35 aparıcı turizm şirkəti üzv olub və 7 nəfərdən ibarət idarə heyəti formalaşdırılıb. Assosiasiyanın fəaliyyəti ilə turizm imkanlarının daha da artırılması, bu sahədə mövcud problemlərin həlli məqsəd kimi qarşıya qoyulub. Həmçinin kadr hazırlığı ilə qiymətlərin tənzimlənməsi istiqamətində iş aparılır.

- Amma Azərbaycanda qiymətlər bir çox Avropa ölkələrindən də bahadır...

- Azərbaycan dünya turistləri üçün yeni bir istiqamətdir. Türkiyə indiki səviyəsinə çatmaq üçün xeyli yol keçib. Türkiyənin 30 ildə getdiyi yolu Azərbaycan 7-10 ilə başa vura bilər. Bir çox hallarda ölkəmizdə turizm sektoru tənqid olunur. Amma nəzərə alınmalıdır ki, Azərbaycanda turizm inkişaf yolundadır. Turizm sahəsi ilə yanaşı xidmət sahəsi də inkişaf edir. Qiymətlərə gəlincə, hazırda bir turistin Azərbaycana gəlib bir həftə istirahət etməsi təxminən 700-800 manata başa gəlir. Amma hesab edirik ki, dünyada olan qlobal maliyyə böhranı da nəzərə alınmalıdır. Dövlət səviyyəsində maliyyə böhranının ölkə iqtisadiyyatına təsir etməməsi üçün kifayət qədər iş aparılıb. Hesab edirəm ki, respublikamızda daxili turizmin inkişaf etdirilməsi üçün qiymətlərə yenidən baxılmasına ehtiyac var. Əgər mehmanxana kompleksləri və istirahət mərkəzlərində qiymətlər aşağı salınsa, turistlərin regionlara daha kütləvi səfərləri təşkil oluna bilər. Bu gün hərdən vurğulanır ki, Azərbaycanın hansısa regionunda dincəlmək Antalyada istirahət etməkdən baha başa gəlir. Bunun bir sıra obyektiv səbəbləri də var. Regionlarda otellərin sayı o qədər də çox deyil. Rəqabət olmadığından otel sahibləri də qiymətləri istədikləri şəkildə təyin edirlər. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin obyektlər il ərzində 45 iş günü fəaliyyət göstərir. Buna görə də şirkətlər məhz həmin 45 gün müddətində öz iqtisadi vəziyyətlərini normallaşdırmağa çalışır. Amma hər bir ölkə bu yolu keçib.

- Qiymətlər göstərilən xidmətlərə nə dərəcədə uyğundur?

- Bu gün Azərbaycanın istirahət mərkəzlərində mövcud olan qiymətlər göstərilən xidmətə uyğun deyil. Amma xeyli müddətdir ki, Mədəniyyət və Turizm Nazirliyinin lisenziyalaşdırma və ulduzvermə xidməti fəaliyyət göstərir. Hansısa ərazidə otelin tikilməsi oranın normal fəaliyyət göstərməsi demək deyil. Otel fəaliyyətə başladıqdan sonra xüsusi komissiya tərəfindən təhlükəsizlik, xidmət səviyyəsi öyrənilir. Bundan sonra həmin xidmət obyektinə lisenziya və müvafiq ulduzlar verilir. Hazırda regionlarda normal xidmət göstərən istirahət mərkəzləri və otellər mövcuddur. Olimpiya komplekslərində inşa edilən mehmanxana kompleksləri buradan turistlərin də yararlanmasına imkan yaradır. Sevindirici haldır ki, hazırda mötəbər idman turnirləri də təkcə Bakıda deyil, həm də regionlarda təşkil olunur. Bu isə ondan xəbər verir ki, artıq regionlarda standartlara cavab verən xidmət obyektləri mövcuddur. Bəzi mehmanxanalar dünya praktikasında olan sistemi tətbiq edirlər. İstirahət etməyə yola düşən turistlər daha çox ödədikləri pul müqabilində bütün istirahət paketini əldə etmək istəyir. Bu gün Nabrandakı Palma, Qax rayonundakı İlisu, Lerik rayonundakı Relaks istirahət mərkəzləri turistlərə tam paket sistemi tətbiq edir.

- Xarici ölkələrdə Azərbaycanın turizm potensialı nə səviyyədə təbliğ olunur?

- Bu sahədə turizm şirkətləri ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyi də ciddi fəaliyyət göstərir. Nazirlik hər zaman beynəlxalq sərgilərdə stendlərin təşkilini öz üzərinə götürür. Hazırda turizm şirkətlərinin beynəlxalq sərgilərdə iştirak çoğrafiyası çox genişdir. Avropa ölkələri ilə yanaşı Yaponiya və ABŞ-da da Azərbaycanın turizm imkanları haqqında müəyyən rəy yaradılıb. Həmin ölkələrdə keçirilən sərgilərdə Azərbaycanın turizm potensialını əks etdirən buklet, CD yayılıb. CNN, Evronyus kimi kanallarda Azərbaycanın turizm imkanları haqqında reklamlar yerləşdirilib. Həmçinin, Azərbaycanın xaricdəki səfirlikləri vasitəsilə təbliğat işləri aparılır.

- Daxili turizm sahəsində mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- 2003-cü ildə Azərbaycanda turistlərin 4 faizi də turizm şirkətlərinə müraciət etməyiblər. Ölkə daxilində istirahət etmək istəyən vətəndaşlarda belə bir fikir formalaşmışdı ki, turizm şirkətlərinə müraciət etmək istirahətin daha baha başa gəlməsinə səbəb olacaq. Hazırda isə bu fikir dəyişib və insanlar daha rahat şəkildə gələrək turizm şirkətlərinə müraciət edirlər. Çünki onlar özləri də gördülər ki, turizm şirkətlərinə müraciət etməklə əlavə güzəştlər əldə edirlər və istirahətləri daha rahat təşkil edilir. Hazırda bizim şirkətin hədəfi ölkəmizdə turizm günlərinin sayını artırmaqdır. Bu gün həftə sonu turist səfərləri təşkil olunur. Həmçinin, çalışırıq ki, turizm mövsümi xarakter daşımasın və il ərzində aktuallığını saxlasın. Azərbaycanda 9 iqlim qurşağı var və bu da özü balaca bir dünya deməkdir. Davamlı olaraq bütün təbiət hadisələrini müşahidə etmək mümkündür. Bunun üçün istirahət mərkəzlərində də normal şərait yaradılmalı və əlavə əyləncə mərkəzləri təşkil edilməlidir. Həmçinin Bakı şəhəri böyük bir biznes mərkəzinə çevrilə bilər. Bakının Cənubi Qafqazda mövqeyi burada işgüzar turizmin də inkişaf etdirilməsinə imkan verir.

- Bunun üçün hansı işlərin görülməsi zəruridir?

- Xarici ölkələrin nümayəndələrinin və turizm şirkətlərinin Azərbaycana tanıtım qrupları şəklində səfərləri təşkil olunmalıdır. Həmin səfərlərin ödəniş xərclərini dövlət qarşılamalıdır. Çünki həmin şəxslər Azərbaycana gəldikdən sonra gedib öz ölkələrində bizim turizm imkanlarını təbliğ edəcəklər. Digər tərəfdən xarici turistlər üçün viza xərcini bir qədər aşağı salmaq lazımdır. Bu məsələdə Gürcüstan təcrübəsindən də yararlanmaq olar. Gürcüstanda Avropa Birliyi vətəndaşları üçün viza haqqı tələb edilmir. Ölkəyə turist cəlb edən şirkətlər isə 18 faizlik ƏDV vergisindən azaddır. Vergi siyasətində də müəyyən dəyişiklik edilməlidir. Eyni zamanda güzəştli kreditlərin verilməsi vacibdir ki, turizm şirkətlərinin inkişafına nail olunsun.

 

 

Xalid VAHİDOĞLU

 

Üç nöqtə.- 2009.- 6 iyun.- S. 7.