"Düşünürdüm ki, heç vaxt 55 yaşım olmayacaq"

 

SƏRDAR CƏLALOĞLU: "ƏN YAXŞI HƏDİYYƏ TANIMADIĞIM BİR ADAMIN MƏNİM HAQQIMDA XOŞ SÖZ DEMƏSİDİR"

 

"MƏN DƏ MƏĞLUB DEYİLƏM, ŞƏHİDƏM"

 

 ELƏ insanlar var ki, ad günündə kədərlənir, elələri də var ki, bayram edirlər. Doğulduğu günü yaddan çıxaranlar da olur. Bunlardan hansının daha yaxşu olduğunu deyə bilmərəm. Bəlkə də insanın ad günündə yaşadığı hisslər onunla həyatın arasında olan sirrin ən möcüzəli anıdır. Maraqlıdır, yenicə 55 yaşını adlayan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu öz ad gününü necə qarşıladı? "Üç nöqtə" ad günündən bir gün sonra Sərdar bəyi öz redaksiyasında qonaq etdi və səmimi söhbətlərinə qulaq müsafiri oldu. Onu deyim ki, həyat insanın zamanını əlindən alıb, onu həmişə mükafatlandırmır...

- Sərdar bəy, 55 yaşınız oldu. Qeyd etdiniz?

- Bəli. Partiya daxilində keçirdik.

- Kimləri dəvət etdiniz?

- Nə bilim vallah. Partiyada olan dostlarımız yığışmışdı.

- Qocalırsınız?

- Mən qocalığa başqa cür yanaşıram. Yaş ömrün müəyyənləşmiş bir hissəsidir. Bu daha qiymətlidir. Cavanlıqda insanın fəaliyyətinə çox təsirlər olur. Orqanizm özü stabilləşmir deyə o, özünü tam ifadə edə bilmir. Ona görə də insanlar çox az hallarda cavanlıqda böyük nailiyyətlər ortaya qoya bilirlər. Elə ki, yaşlaşırsan, daxildən gələn proseslər stabilləşir və sənə yalançı təzyiqlər gəlmir.

- Sərdar bəy, 20 il əvvəl özünüzü 55 yaşında necə təsəvvür edirdiniz?

- İndi 55 yaşım var. Tutaq ki, indi özümü 60 yaşında təsəvvür edə bilmərəm. Niyə? Çünki təsəvvürlər yaşanan hisslərdən əmələ gəlir. Əgər sən yaşamamısansa, onu təsəvvür edə bilməzsən. Çünki o yaşam üçün daxili təcrübə yoxdur. Bu baxımdan adamlara elə gəlir ki, onlar heç vaxt qocalmayacaq. Düşünürdüm ki, heç vaxt 55 yaşım olmayacaq.

- Təsəvvür etmədən də 55-ə çatdınız. Sərdar bəy, insan 30 yaşından sonra həmişə yaşını bir il aşağı deyir. Soruşanda nədənsə 30-dan yuxarı yaş demək istəmirsən. Hətta yaxınlarımdan biri deyir ki, mən neçə ildir soruşuram elə deyirsən, "32". Sizdə belə olur?

- Yadıma gəlir ki, uşaq olanda istəyirdim ki, tez böyüyüm. Niyə? Çünki görürdük ki, bizdən böyüklər daha çox iş görür, çox şey əldə edir, daha fəaldır, daha güclüdür. Amma yaşlaşdıqca müəyyən bir yaşın verdiyi imkanlar səndə azalmağa başlayır. Həmin imkanların əlində qalsın deyə, sən həmin yaşdan çıxmaq istəmirsən. Yaşlaşmağa olan reaksiya bununla bağlıdır.

- Sərdar bəy, nə yaxşı belə cavan qalırsınız?

- İki cür ömür var. Biri fərdi həyatdır və bu, insanı tez qocaldır, kökdən salır. Biri də var, həyatının bir hissəsini ümumi bir həyatın içinə atırsan. O həyatı yaşaya bilsən və bioloji inkişaf da ona uyğun olsa, cəmiyyət də, sən də udacaqsan. Ona görə də elm adamları, siyasi liderlər çox yaşayırlar. Yəni ictimai həyat insanın ömrünü artırır, onun cavanlığını saxlayır.

- Görünür, bu daxili enerjinin paylanması ilə əlaqədardır.

- Bəli. İnsan fərdi həyatında enerini paylaşdıra bilmədiyi üçün bu, daxildə deformasiya yaradır. Maraqlıdır ki, həyat burada ayrılır. Elə insanlar var ki, onlar özlərini tam ictimai həyata daxil ediblər. Onlar ölümsüzdür. Bu gün Aristoteldən sitatlar gətirəndə bizə elə gəlir ki, o, bizim yanımızdadır. Halbuki Aristotellə aramızda 4 min il fərq var. Aristotel insanların fikrində yaşaya-yaşaya gəlib? Çünki o özünün şüurunu ictimai şüura qata bilib. Analiz etsək, hardasa bizim şüurumuzda məhz Aristotelə məxsus şüur var. Onlar şüur şəklində yaşayırlar. Bax, əbədilik budur. Əgər biz şüur şəklində yaşamağı maddiləşdirə bilsək, onda ölümsüzlüyə çatmaq mümkündür.

- Həyatın fəlsəfəsinə baş vurdunuz. Filosoflara "həyatın qanunlarını" bilənlər demək olar?

- Deyir, hər bir insan düşündüyü anda filosofdur. Düşünmə həqiqətə istiqamətlənmədir. Onu tapa da bilərsən, tapmaya da bilərsən. O adamlar ki, filosofluq anında daha çox yarada bilirlər və bu an tez-tez təkrar olunursa, filosof olurlar.

- Düşüncələriniz bu 55 ili necə kəşf etdi?

- İnsan öləndən sonra bir hadisə olur: qıcıma. Meyit quruyur, çənəsi, əli bərkiyir. Bu barədə yüzlərlə nəzəriyyə var. Onun elmi izahı yoxdur. Amma heç biri bunu izləyə bilmir. Mən təxminən 29 yaşımda bunun tamamilə yeni nəzəryyəsini vermişəm. Həmin nəzəriyyəni o vaxt Moskvada Ekspertiza üzrə Ümumittifaq Elmi Tədqiqat İnstitutuna təqdim etmişdim. Amma o nəzəriyyəni həyata keçirə bilmədim.

- Sərdar bəy, nə qədər uğurların olsa da, ailə, övladların öndə dayanır. Bəs, Sərdar Cəlaloğlu övladları ilə necə idi? Uşaqları ilə bağlı arzu etdiklərini "55"-də gördü?

- Böyük oğlumun bir sözü var, deyir, biz uşaqlığımızı sənsiz yaşadıq. O mənada başqa valideynlər uşaqlarının əlindən tutub parka aparıbsa, onlarla ünsiyyət yaradıbsa, həmin vaxt mən gərgin siyasi həyat yaşadım. Bu 20 il ərzində obrazlı desək, ailəmdən xəbərsiz oldum. Hiss edirdim ki, uşaqlar məndən nəsə gözləyirlər. Amma mən onların mənə göstərdiyi münasibəti anlaya bilmirdim. Bu, bir növ ailəyə böyük zərbə vurub. Amma uşaqlarımla ünsiyyətdə olmasam da, mənim yaratdığım ictimai mühit uşaqlarıma çox şey qazandırıb.

- Öz uşaqlığınızı necə xatırlayırsınız?

- Bizim uşaqlığımız kasıb olub. O vaxt televiziya, radio yox idi. Həyatımız təbii həyata daha yaxın idi. Biz təbiətlə oynayırdıq.

- Siz hansını üstün hesab edirsiniz, əşyalarla oynamağı, yoxsa təbiətlə?

- Əşyalarla oynamaq insanı qocaldır. Təbiətlə təmas ağlı, idrakı inkişaf etdirir, sənlə təbiətin həqiqətləri arasında yaxınlıq yaranır. Əslinə baxsan süni yaranan əşyalar bir baryerdir. Səninlə təbiət arasında nə qədər əşya varsa, bir o qədər təbiətdən uzaqlaşırsan. Təbiətlə təmas insanın həqiqətlə iç-içə yaşamasıdır.

- Sərdar bəy, neçə ildir müxalifətdəsiniz?

- Nə bilim, 20-30 il.

- Çox deyil?

- Əslinə baxsan insanın özünün varlığı müxalifətdir. O, birinci təbiətə müxalifdir. O müxaliflik daxilimizdə inkişaf edərək vicdanı formalaşdırır. Vicdanı olan adam isə özü-özünə müxalifdir. Sonra ictimai müxalifətə çevrilirsən. Amma ictimai müxalifət ola da bilərsən, olmaya da.

- Sərdar bəy, bu illər ərzində dövlətdən hər hansı formada maaş almısınız?

- Yox.

- Məlumdur ki, cəmiyyətdə işi olmayanlara qəribə yanaşırlar. Siz də deyirsiniz ki, 20 ildən artıqdır ki, dövlətdən əməkhaqqı almırsınız. Ailəniz, çevrəniz bunu necə qəbul edir?

- Bizim ailəmizdə belə hesab edirlər ki, mən daha çox işləyirəm. Mən evdən çıxanda nə işlə məşğul olacağımı bilmirəm. Yəni proqramsız, zamanla məhdudlaşmayan bir işdir. Amma yoldaşım bilir ki, gedib bir-iki saat dərsini deyib qayıdacaq. Mənim gecə yuxu vaxtım istisna olmaqla, bütün vaxtım iş vəziyyətimdir. O baxımdan onların mənə yazığı gəlir. Onlar məni işləyən kimi qəbul edirlər.

- Sərdar bəy, siz türmədə də oldunuz. Həbsə atılandan sonra ailəyə o stresi yaşatdığınıza görə heç peşman oldunuz?

- Mən bu fəaliyyətə ona görə başlamamışdım ki, ailəmi əzablara düçar edim. Freydin bir sözü var: deyir ki, insan fəaliyyətlə bağlı qabaqcadan düşünəcəksə, o heç vaxt nailiyyət əldə edə bilməyəcək. Mükafat öz-özünə gəlir.

- Dəbdəbəli ad gününün tərəfdarısınız?

- Həm özümün, həm də başqalarının kütləvi əyləncə tədbirlərində özümü həddən artıq diskomfort hiss edirəm. Mən toya gec gedib, tez çıxıram. Adam çox olan yerdə başım ağrıyır. Ən çox xoşladığım şey təbiət qoynunda az adamla istirahət etməkdir. Əyləncənin teatrlaşması mənə çox pis təsir edir.

- Hədiyyə almağı necə, sevirsiniz?

- Təbii ki, ehtiyacımı ödəyən istənilən hədiyyə məndə xoş təəssürat yaradır. Amma...

- Sizə ən yaxşı hədiyyəni kim verdi?

- Mən hamıdan xahiş etmişdim ki, heç kəs mənə hədiyyə verməsin. Hədiyyənin özü arzuya çatan anda mənasını itirən bir şeydir.

- Ən arzuladığınız hədiyyə nədir, hansı ki, siz onu gözləyirsiniz?

- Ayaqqabım yoxdursa və kimsə onu mənim ad günümdə mənə bağışlayırsa, o, hədiyyə ola bilməz. Ən yaxşı hədiyyə tanımadığım bir adamın mənim haqqımda xoş söz deməsidir. Bundan aldığım zövqü heç nədən almıram.

- Həmkarlarınızdan, siyasətçilərdən sizi təbrik edənlər oldu?

- Birinci, iki gün qabaq İlyas müəllim təbrik edi. Sonra Lalə xanım, bir gün qabaq İqbal bəy və Rauf vəy. Başqa heç kəs.

- Siz Rəsul müəllimlə ayrılana qədər ad günlərinizdə sizə zəng edirdi?

- Yox, yadına düşəndə. Bizim Rəsul bəylə elə də şəxsi ünsiyyətimiz olmayıb. Tutaq ki, atam rəhmətə gedəndə zəng edib, başsağlığı verib, uşaqların hansısa işində zəng edib. Yəni siz düşündüyünüz kimi bundan artıq nəsə olmayıb.

- Sərdar bəy, bu illər ərzində nələri etmək istəmisiniz, alınmayıb?

- Deyir, general olmaq istəməyən əsgərdən əsgər çıxmaz. Biz Azərbaycan Demokrat Partiyasını elan edəndə, bəyanatımız oldu ki, 20 ildən sonra siyasi hakimiyyət uğrunda mübarizə aparacağıq. Bunun üstündən 17 il keçib. Biz 10 il qabaq siyasi hakimiyyət uğrunda mübarizəyə başladıq. Yəni başlanğıcda məqsədimizi pozduğumuza görə arzuladığım kimi siyasi partiya yarada bilmədim. İstərdim Azərbaycanda elə bir cəmiyyət olsun ki, insanlar onun zirvəsinə nailiyyətləri ilə çıxsınlar. Mən mövqeyimdən o vaxt razı olaram ki, cəmiyyətə verdiyim qədər alım.

- Sərdar bəy, siz 55 yaşında özünüzü məğlub siyasətçi hesab edirsiniz, yoxsa qalib?

- Əslində həyatda məğlubiyyət və qələbə yoxdur. Hər ikisi insana bir cür zərbə vurur. Vuruşa-vuruşa yara alan, sonuncu nəfəsini toplayıb düşmənə zərbə vurmaq istəyən, amma vura bilməyib ölən döyüşçü məğlub deyil, şəhiddir. Mən də məğlub deyiləm, şəhidəm.

   

  

Tahirə Qafarlı

 

 Üç nöqtə.- 2009.- 6 iyun.- S. 12.