Ordudakı vəziyyət parlamentdə müzakirə olundu

 

ZİYAFƏT ƏSGƏROV: "YAXIN ZAMANLARDA HƏRBÇİLƏRİN İPOTEKA PROBLEMİ HƏLL OLUNACAQ"

 

MİLLƏT VƏKİLLƏRİ "BƏLƏDİYYƏLƏRİN STATUSU HAQQINDA" QANUNA ƏLAVƏLƏRLƏ BAĞLI LAYİHƏNİ QƏBUL ETDİLƏR

 

 DÜNƏN Milli Məclisin növbədənkənar sessiyası başladı. Cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış etdilər. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini qeyd edərək bununla bağlı bir sıra normativ aktlara əlavə dəyişiklik edilməsinin vacib olduğunu bildirdi. Deputat eyni zamanda Seçki Məcəlləsinə əlavə dəyişiklik edilməsi barədə məsələ qaldırdı: "Prezident seçkilərindən referendumdan sonra Seçki Məcəlləsinə dəyişiklik zərurəti ortaya çıxıb. Bu, müşahidəçilər məntəqə seçki komissiyası üzvləri ilə bağlı olan məsələdir".

S.Novruzov dedi ki, "Siyasi partiyalar haqqında" qanuna da dəyişiklik edilməsinin vaxtı çatıb: "Bu yaxınlarda Rusiya prezidenti D.Medvedyevin təklifi ilə bu ölkənin analoji qanununa yenidən baxılacaq. Hesab edirəm ki, Azərbaycanda da bu qanun Seçki Məcəlləsinə, Konstitusiyaya uyğunlaşdırılmalıdır".

Deputat YAP-ın müşahidəçiliklə, məntəqə üzvlərinin statusu ilə bağlı təklifləri olduğunu da söylədi.

Deputat Məlahət İbrahimqızı isə Ermənistanda atom elektrik stansiyasının tikilməsi barədə danışaraq bununla bağlı tender elan olunduğunu, Avstriya şirkətinin tenderdə qalib gəldiyini xatırlatdı: "Bunun üçün 5 milyard dollar ayrılacaq. 2016- ildə stansiya hazır olmalıdır. Buna yol vermək olmaz. Ermənistan seysmik baxımdan təhlükəli zonadır. Bu region bütövlükdə dünya üçün böyük təhlükədir. Azərbaycan bununla bağlı BMT-, MAQATE- müraciət etməlidir".

Spiker Oqtay Əsədov isə bildirdi ki, bununla bağlı tender elan oluna bilər: "Atom elektrik stansiyasının tikintisi üçün böyük maliyyə vəsaiti lazımdır ki, bu da Ermənistanda yoxdur".

 

"FRANSA HƏMSƏDRLİKDƏN UZAQLAŞDIRILSIN"

 

Deputat Fazil Mustafa Fransa parlamentinin üzvünün Dağlıq Qarabağa səfər etdiyini qeyd edərək bildirdi ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etməlidir. Onun sözlərinə görə, Azərbaycan XİN-in Fransa səfirliyinə etiraz məktubu göndərməsiylə kifayətlənmək olmaz. Millət vəkili, həmçinin, Gürcüstanda yaşayan azərbaycanlılara diqqətin artırılmasını, orada Azərbaycan dilində yerli telekanal açılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını, buna stimul verilməsini təklif etdi. Onun dediyinə görə, Cavaxetiyada iki erməni telekanalı fəaliyyət göstərdiyi halda, azərbaycanlıların bir dənə olsun radio kanalı yoxdur. Spiker Oqtay Əsədov isə onun son təklifinə cavab olaraq "Ermənilər bunu stimulsuz edirlər, biz isə hər şeydə stimul axtarırıq" söylədi.

 

"İNTERNET UŞAQLARIN BEYNİNİ KORLAYIR"

 

Millət vəkili Aynur Quliyeva internet mediası sahəsində tənzimləyici qurum yaradılması təklifi ilə çıxış etdi. O dedi ki, internetin gənclərin psixologiyasına böyük təsiri olduğundan bu sahəyə diqqətlə yanaşmaq lazımdır. Deputat internet mediasının tənzimlənməsi məsələsində Milli Məclisin iştirakını mümkün saydığını da dilə gətirdi. A.Quliyeva dedi ki, bəziləri internet mediasını hansısa bir qurumun tənzimləməsini mümkün, bəziləri isə qeyri-mümküm sayır. O, internet mediası ilə bağlı belə bir qurumun necə fəaliyyət göstərməsinə dair dünya təcrübəsinin öyrənilməsini təklif etdi. Eyni zamanda deputat bildirdi ki, ifadə azadlığının qorunması şərtiylə internet mediasını tənzimləyəcək qurumun yaradılması jurnalistlərin öhdəsinə buraxıla bilər.

A.Quliyevanın fikrincə, uşaqların, gənclərin, psixi durumu zəif olan insanların sonda ciddi, nəticəsi aradan qaldırılması mümkün olmayan hadisələrə gətirib çıxaran hərəkətlərinin kökündə televiziyada, internetdə gedən nəzarətsiz materiallar durur: "Mən inanıram ki, aprelin 30-da Neft Akademiyasında baş vermiş qanlı hadisənin kökündə belə nəzarətsizlik dayanır. Milli Məclis olaraq qanunlarda müəyyən dəyişiklik edib bu prosesdə iştirak edə bilərik".

Millət vəkili Qənirə Paşayeva isə İsrail prezidentinin Azərbaycana gözlənilən səfərilə bağlı İranda Azərbaycanı gözdən salan informasiyaların yayıldığını vurğuladı: "Biz qonşu ölkələrlə normal münasibətdəyik. Ancaq İranın bəzi rəsmiləri Azərbaycanın daxili işlərinə müdaxilə edir, təhdidedici açıqlamalar verirlər".

MM sədri xanım deputatın fikirlərinə münasibət bildirərək dedi ki, İranda Azərbaycanla bağlı səslənən fikirləri rəsmi mövqe kimi qarşılamaq olmaz: "İndi siz burada fikirlər səsləndirir, bəyanatlarla çıxış edirsiniz, məgər bu, rəsmi Azərbaycanın mövqeyidir? İsrail prezidentinin Azərbaycana səfərinə daha çox İran mətbuatı müxalifəti münasibət bildirib".

 

"MƏN BU ÇAĞIRIŞLARI ZƏRƏRLİ SAYIRAM"

 

"Müsavat" deputat qrupunun üzvü Pənah Hüseyn isə son günlər orduda baş verən hadisələrlə bağlı məsələ qaldırdı. Hazırda orduya çağırış prosesinin davam etdiyini deyən deputat Silahlı Qüvvələrdə baş verən fövqəladə hadisələrin düşünülmüş şəkildə törədilə biləcəyini vurğuladı bunun çox ciddi məsələ olduğunu bəyan etdi: "İş o yerə çatıb ki, bəzi kəndlərdə valideynlərin öz övladlarını orduya göndərməməklə bağlı çağırışlar etdiyi xəbərləri yayılır. Mən bu çağırışları zərərli sayıram. Azərbaycan övladları Azərbaycan ordusunda xidmət eləməlidir. Bu cür çağırışlar düşmənə xidmətdir".

Deputat son vaxtlar orduda baş verən hadisələrin məsuliyyətinin tək Müdafiə Nazirliyinin, nazir Səfər Əbiyevin üzərinə qoyulmasını duz saymadığını dedi. Milli Məclis sədri Oqtay Əsədov Pənah Hüseynə cavabında orduda ciddi hadisələrin baş vermədiyini bildirdi: "Bir az canıma qorxu düşdü "ciddi vəziyyət" deyəndə. olub ki? Orduda ciddi vəziyyət var ki? Gül kimi ordumuz var, inkişaf edir. Yeməkxanada bir hadisə olub. Buna ciddi vəziyyət deyirsən? Həmin o çağırış edənlərə anarxist deyirlər. Ordu barəsində məsələləri belə şişirtmək lazım deyil".

 

"ORDU BÜTÜN CƏMİYYƏTİNDİR"

 

Vitse-spiker Ziyafət Əsgərov isə son zamanlar mətbuatda ordu ilə bağlı çoxlu yazı dərc olunduğunu önə çəkdi. O, həmin yazılarda iddia olunanlarla bağlı Müdafiə Nazirliyi ilə, Baş Qərargah rəisi, digər rəsmi şəxslərlə şəxsən maraqlandığını bəyan etdi: "Milli Məclis üzvlərindən bir qrup guya zəhərlənmə baş verən hərbi hissədə olub, orada heç bir kütləvi zəhərlənmədən söhbət gedə bilməz. Artıq baş vermiş hadisənin səbəbləri araşdırılıb, analizlərin nəticələri açıqlanıb. Ona görə belə məsələlərdən istifadə edib cəmiyyətdə ajiotaj yaratmaq, müxtəlif çağırışlar etmək yersiz mənasızdır. Ordu bütün cəmiyyətindir. Ordu ilə bağlı bütün məsələlər Prezidentin diqqətindədir".

Yaxın zamanlarda hərbçilərin ipoteka probleminin həll olunacağını deyən Zsgərov onu da bildirdi ki, ordudakı nizam-intizam məsələsi də dövlət başçısının birbaşa nəzarətindədir.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Millət vəkilləri "Bələdiyyələrin statusu haqqında" qanuna əlavələr edilməsi ilə bağlı layihəni qəbul etdilər. Regional Komitəsinin sədri Arif Rəhimzadə dedi ki, qanuna təklif olunan əlavələr Azərbaycanda bələdiyyələrin dövlət reyestrinin aparılması barədədir. Əlavələrə əsasən ərazi vahidlərinin bələdiyyələrin dövlət reyestrinin birgə MM tərəfindən aparılması vahid uçot sisteminin formalaşmasına imkan verəcək. Yeni yaradılan bələdiyyələrin dövlət reyestri ölkədə mövcud olan bələdiyyələrin sayı, tarixi əhatə etdiyi əraziləri dəqiq göstərəcək. Sənəd müzakirələrdən sonra qəbul olunub.

İclasda həmçinin "Könüllülük fəaliyyəti haqqında" layihə üçüncü oxunuşda qəbul edildi. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Babək rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul olunub. Deputatlar həmçinin birinci oxunuşda "Bank olmayan kredit təşkilatları haqqında" qanuna da müsbət münasibət bildirdilər.

    

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2009.- 10 iyun.- S. 6.