"TİKA qeyri-neft sektorunun inkişafına böyük
önəm verir"
"HAZIRDA TƏHSİL OCAQLARINDA
TƏHSİLİN İNKİŞAFINA YÖNƏLƏN
MÜXTƏLİF LAYİHƏLƏRİ DƏSTƏKLƏYİRİK"
ƏBUBƏKR ÇELİK:
"TƏŞKİLATIMIZ AZƏRBAYCAN HÖKUMƏTİNİN
PRİORİTET SAYDIĞI SAHƏLƏRDƏ İŞLƏYİR"
AZƏRBAYCAN müstəqillik əldə etdikdən sonra ölkəmizdə müxtəlif humanitar təşkilatlar fəaliyyət göstərməyə başladı. Həmin təşkilatlardan biri də Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğudur. TİKA-nın Bakı Koordinatorluğunun rəhbəri Əbubəkr Çeliklə söhbətimizdə təşkilatın Azərbaycandakı fəaliyyətindən bəhs etdik.
- Əbubəkr bəy, TİKA-ının Azərbaycanda fəaliyyəti hansı sahələri əhatə edir?
- 1992-ci ildə qurulan TİKA 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Təşkilatın konkret fəaliyyət sərhədi yoxdur. Hazırda TİKA-nın 20 ölkədə 23 ofisi var. Əfqanıstan, Filippin və Ukraynada mövcud vəziyyətə uyğun olaraq iki ofis fəaliyyət göstərir. TİKA layihələr əsasında fəaliyyət göstərdiyindən insanların olduğu hər yerdə biz də varıq. Amma ana xətt olaraq millətin inkişafına faydalı olan bütün işlərə dəstək verə bilirik. Buraya təhsil, səhiyyə, mədəniyyət, sosial, kənd təsərrüfatı və digər sahələr daxildir. TİKA-nın fəaliyyət göstərdiyi hər bir ölkədə işi fərqli ola bilər. Azərbaycanda fəaliyyət dairəsi isə dövlətin prioritet elan etdiyi sahələri əhatə edir.
- Coğrafi baxımdan TİKA bütün Azərbaycan ərazisini əhatə edə bilib?
- Fəaliyyət göstərdiyimiz ölkələrin hamısında TİKA-nın əsas ofisi paytaxtda olsa da, bütün ölkə ərazisini əhatə etməyə çalışır. Azərbaycanda isə Gədəbəydən Zaqatalaya, Lənkərandan Şəkiyədək müxtəlif rayonlarda layihələr həyata keçirmişik. TİKA-nın Azərbaycanda fəaliyyəti iki formada qurulub. Respublikada texniki və inkişaf layihələrinə dəstək verilib. İqtisadı cəhətdən zəif inkişaf edən ölkələrdə inkişaf layihələrinə üstünlük verilsə də, Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə texniki yardıma önəm verilir. Azərbaycan da iqtisadi cəhətdən inkişaf edib və hökumətin istəyinə uyğun texniki yardımlara üstünlük verilir. Bölgələrdə isə inkişaf layihələri hələ də dəstəklənir.
- Bu ilin əvvəlindən TİKA hansı layihələri həyata keçirib?
- TİKA 2008-ci ildə 97 layihəyə dəstək verib. Həmin layihələrin bəzisi kiçik, bəzisi böyük olsa da, hamısı insanlara fayda verdiyi üçün önəmlidir. Bu ilin əvvəlindən isə 65 layihənin reallaşdırılması nəzərdə tutlulub.
Onlardan 38-i artıq həyata keçirilib, qalanları isə davam etməkdədir. Amma ilin sonunadək bu layihələrin sayının 100-ə çatdırılmasını nəzərdə tuturuq. TİKA bir dövlət qurumu olduğu üçün həyata keçirdiyi bütün işlərə ciddi önəm verir. Təşkilat 1 milyon dollar dəyəri olan layihə ilə, 100 dollar dəyəri olan layihəyə enyi əmək sərf edir, eyni araşdıma aparır. Bu il reallaşdırılan layihələr içərisində təhsil, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət, musuqi, əlillərin cəmiyyətə inteqrasiyasını nəzərdə tutan layihələr üstünlük təşkil edib. Bizim ən çox işlədiyimiz qurumlar isə Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləridir. Eyni zamanda bütün dövlət qurumları ilə əməkdaşlağımız mövcuddur və birgə layihələr icra edilir. Başqa sözlə, harada ehtiyac varsa, TİKA o sahədə fəaliyyət göstərir. Son bir il ərzində bu sahələrlə bağlı xeyli iş görülüb. Naxçıvandan 5 nəfər, Azərbaycanın digər bölgələrindən isə 10 nəfər müəllim Türkiyədə ixtisasartırma kurslarına göndərilib. Bir neçə təhsil müəssisəsinə kitab yardımı edilib. Daha bir faydalı layihə isə peşə təlimi müəssisələri ilə bağlı olub. Elektrik, elektronika, kompüter və makina sahəsində təlim verən 10 müəllim Azərbaycana gələrək burada tədris aparıb. Yüksək ixtisaslı həmin müəllimlərin Azərbaycanın peşə məktəblərində tədris aparması ilə bağlı layihə yenə davam edəcək.
Bakıda yeni bir peşə məktəbi tikilir və yaxın vaxtlarda istifadəyə veriləcək. Azərbaycan Dövlət Pedaqoji Universitetində Türk Araşdırmalar Mərkəzi açılıb və bütün avadanlıqlarla təmin edilib. Həmçinin Naxçıvan Dövlət Universitetində təşkil olanan Atatürk Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün maliyyə dəstəyi verilir. Önəmli sahələrdən olan turizm sektorunun inkiaşafına nail olmaq üçün Azərbaycan Texniki Universitetinin 30 tələbəsinin Türkiyədə təcrübə keçməsi üçün dəstək verilib. Azərbaycanın müxtəlif səhiyyə ocaqlarında çalışan həkimlərin Türkiyədə təcübə keçməsinə şərait yaradılıb. Həmçinin, türk həkimlərin Azərbaycandakı xəstəxanalara gələrək təcrübələrinin bölüşməsinə imkan yaradılıb. Azərbaycanda yeni istifadəyə verilən Talassemiya Mərkəzini bütün avadanlıqlarla TİKA təmin edib. Həmin xəstəxanada çalışacaq bütün həkimlərin əlavə təlim keçməsinə şərait yaradılıb. Bu layihənin gerçəkləşdirilməsinə təxminən 600 min dollar xərclənilib. Bundan başqa həmin həkimlərdən 10 nəfərinin Türkiyədə təcrübə keçməsinə imkan yaradılacaq. Azərbaycan Milli Onkologiya İnstitutunda çalışan həkimlərin, o cümlədən Mərkəzi Klinik Xəstəxanın ürək cərrahiyyəsi sahəsində işləyən cərrahların Türkiyədə təcrübə keçməsinə imkan yaradılıb.
Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində çalışan şəxslərə türkiyəli mütəxəssislər tərəfindən Azərbaycanda təlim keçilib. Daha sonra onların Türkiyənin təcrübəsindən yararlanmalarına şərait yaradılıb.
- Regionların inkişafı ilə bağlı TİKA hansı tədbirləri həyata keçirib?
- Yoxsulluğun azaldılması, regionların sosial-iqtiadi inkişafını nəzərdə tutan dövlət proqramlarına uyğun olaraq bölgələrin inkişafına yönələn layihələr dəstəklənib. Həmçinin, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan layihələr dəstəklənib. Bu il ərzində Goranboy rayonunun 4 kəndində artezian quyusu istifadəyə verilib. Həmin artezianlardan əkin sahələrinin suvarılmasında istifadə ediləcək. Şəkidə isə içməli su artezian quyusu sakinlərin istifadəsinə verildi. Əmircan qəsəbəsindəki su nasosu tam olaraq yenidən qurulub. Bu layihədən 10 min nəfər faydalanacaq.
Hazırda Gədəbəydə Türkiyə-Azərbaycan dostluq körpüsü inşa edilir. İnşaat işləri davam etdirilən körpünün bütün materialları TİKA tərəfindən alınıb. Bu ilin sonunadək həmin körpü istifadəyə verilməlidir. Bundan başqa Azərbaycanda arıçılığın inkişafına töhfə verilir. Xızıda ana arıların yetişdirilməsi üçün xüsusi şərait yaradılıb. Yəqin ki, bir neçə vaxtdan sonra bütün arıçılıq mərkəzləri oradan ana arı ala biləcəklər. Bu il Türkiyədə keçirilən sərgilərə 27 nəfər, təhsil proqramlarına 118 nəfər, konfrans və simpoziumlara 22 nəfər, proqramlara 69 nəfər, mədəniyyət tədbirlərinə 26 nəfər cəlb edilib. Ümumilikdə, 262 nəfərin Türkiyəyə səfərinə dəstək verilib.
Azərbaycanda keçirilən təlimlərə 468 nəfər, konfranslara 326 nəfər, mədəniyyət tədbirlərinə 4018 nəfərin (ümumilikdə 4810 nəfər) qatılmasına şərait yaradılıb.
- Azərbaycanda daha çox köməyə ehtiyacı olan qaçqın və məcburi köçkünlərdir. TİKA-nın fəaliyyəti bu təbəqədən olan insanları da əhatə edə bilibmi?
- Əslində bizim burada fəaliyyət hədəflərimiz Azərbaycan hökumətindən fərqli deyil. Azərbaycan hökumətinin əsas üstünlük verdiyi sahələrdən biri son illər qeyri-neft sektorunun inkişafıdır. TİKA olaraq biz də qeyri-neft sektorunun inkişafına böyük önəm veririk. Xüsusilə, bölgələrin inkişafına dəstək verən layihələrə üstünlük verilib. Bu sırada təhsilin inkişafı əsas hədəflərdəndir. Hesab edirik ki, əgər təhsil sahəsində bir əskiklik varsa, digər sahələrdəki heç bir üstünlük bunu əvəz edə bilməz. Amma təhsildə əldə edilən üstünlük digər sahələrdəki əskikliklərin də aradan qalxmasına yardım edə bilər. Hazırda universitetlər və təhsil ocaqlarında təhsilin inkişafına yönələn müxtəlif layihələr dəstəklənir. Ayrıca olaraq məcburi köçkünlərin təhsili ilə bağlı bir neçə layihə dəstəklənib. Bundan başqa Ağdamda köçkünlər üçün tikilən qəsəbədə çörəkbişirmə sexi təşkil olunub. Orada məcburi köçkünlər işləyəcək və həmin sexdə bişirilən çörək ucuz qiymətə məcburi köçkünlərə satılacaq.
- Yaxın gələcəkdə TİKA-nın Azərbaycandakı fəaliyyətində hansısa dəyişikliklər ola bilərmi?
- TİKA hökumətin prioritet saydığı sahələrlə işləməyə üstünlük verir. Bir müddət əvvəl bu digər sahələr idisə, hazırda həmin sahə qeyri-neft sektorunun inkişafıdır. Gələcəkdə hökumətin siyasətində hansısa dəyişiklik olacaqsa, buna uyğun addımlar atılacaq. Hökumət hansı sahənin inkişafına üstünlük versə, TİKA da həmin sahəyə önəm verəcək. Bu gün Azərbaycanda daha çox texniki yardım göstərilir ki, bu da davamlı olacaq.
Xalid VAHİDOĞLU
Üç nöqtə.- 2009.- 10 iyun.- S. 8.