Dünyada enerjiyə tələbat
sürətlə artır
BOQDAN AURESKU: "ENERJİ TƏHLÜKƏSİZLİYİNİN
MÜZAKİRƏSİ ÜÇÜN AZƏRBAYCAN ÇOX
MÜNBİT ÖLKƏDİR"
DÜNƏN Bakıda "Enerji təhlükəsizliyi: çağırışlar
və yeni imkanlar" mövzusunda iki günlük seminar işə başlayıb. Seminara NATO
və Azərbaycan rəsmiləri, xarici ölkələrin ölkəmizdəki
nümayəndələri qatılıb.
Tədbirdə çıxış edən NATO-nun Müdafiə və İqtisadi Təhlükəsizlik Departamentinin rəhbəri Maykl Qaul aparılan tədqiqatlara görə, 2030-cu ilədək dünyada enerjiyə tələbatın 15 dəfəyədək artacağını bildirib: "Tələbatın sürətlə artmasını nəzərə alan dövlətlər də əsas diqqəti bu sahəyə yönəldir. Enerji təhlükəsizliyi məsələsi NATO üçün də vacib əhəmiyyət kəsb edir. İqlim dəyişiklikləri, kütləvi qırğın silahlarının artması, həmçinin piratçılıq bilavasitə enerji təhlükəsizliyinə təsir edir və enerji infrastrukturunun qorunmasını zəruri edir. Enerji ilə bağlı artan cərəyanlar vətəndaşların həyat tərzinə, stabilliyə bilavasitə təsir edir. Bu özünü Rusiya-Ukrayna misalında büruzə vermişdi. Yaxud Somalidə dəniz quldurluğunu enerji problemləri törətmişdi. Belə hadisələrin baş verməsi bilavasitə Alyansa, onun tərəfdaşlarına öz təsirini göstərir. Aydın məsələdir ki, stabil və etibarlı enerji təchizatı marşurtların şaxələndirilməsi, enerji şəbəkələri arasında qarşılıqlı əlaqələrin saxlanılması iqtisadi inkişafın əsas qayəsini təşkil edir. Bu da enerji və stabilliyin açarıdır".
Azərbaycanın xarici
işlər nazirinin müavini Araz Əzimov ilk belə seminarın 2005-ci ildə Bakıda keçirildiyini vurğuladı: "Enerji
təhlükəsizliyi sadəcə
hərbi, təhlükəsizlik
məsələsi deyil.
Buna tərəfdaş
dövlətlərin də
böyük ehtiyacı
var. NATO-nun gündəliyində enerji
təhlükəsizliyi məsələsi
formalaşıb. Amma NATO-nun bu istiqamətdə
konkret nə edə biləcəyi barədə suallar var".
Enerji təhlükəsizliyinin indi hamını, o cümlədən Alyansa üzv dövlətləri də maraqlandırdığını deyən A.Əzimov bildirib ki, onlar həm Avropada əsas alıcılardır, bəziləri isə əsas tranzit rolunu oynayaraq, müxtəlif sahələrdə neft və qazın istehsalında iştirak edirlər. Bu yeni bir tərəfdaşlıq ruhunu, yeni fəlsəfə yaratmağa əsas verir.
Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku Azərbaycanın NATO ilə əməkdaşlığını yüksək qiymətləndirdi: "Burada hərbi, siyasi, təhsil, ictimai məlumat və digər sahələrdə əməkdaşlığı nəzərdə tuturuq. Enerji təhlükəsizliyi çoxşaxəli yanaşma, əməkdaşlıq tələb edir. Azərbaycan bu müzakirlərin aparılması üçün çox münbit ölkədir.
Enerji təhlükəsizliyi sadəcə kommersiya, siyasi və iqtisadi maraqların qarşılığı yox, həm də şəxsin fərdi təhlükəsizliyi, ətraf mühütin təhlükəsizliyi ilə bağlıdır".
Xalid
Üç nöqtə.- 2009.- 11
iyun.- S. 3.