Taxıl yığımına
start verildi
SABİR VƏLİYEV: "BAZARDA TAXILIN QİYMƏT ARTIMI
QEYDƏ ALINMAYIB"
SADIQ MURTUZAYEV: "RAYONLARDA HEKTARLARLA TAXIL ZƏMİLƏRİNİN
YANDIRILMASINDA KİMLƏRSƏ MARAQLI OLA BİLƏR"
AZƏRBAYCANDA taxıl yığımına
start verilib. Narahatlıq doğuran məqam
isə bəzi bölgələrdə taxıl
zəmilərində yanğınların
qeydə alınması
ilə bağlıdır.
Masallı, Cəlilabad və
Siyəzən rayonlarında
onlarla hektar taxıl zəmisi yanıb. Məsələn, Masallı rayonu
Dövlət Yanğından
Mühafizə Xidmətindən
bildirilib ki, rayonun Xırmandalı və Çaxırlı kəndlərində taxıl
sahələri yanıb.
Alov 11 nəfərə məxsus
15 hektar ərazini əhatə edib. Nəticədə, 30-35 ton taxıl məhv olub. İlkin ehtimala görə, yanğın sahələrdə
taxıl biçən
kombaynçıların ehtiyatsızlığı
ucbatından baş verib. Məlumatda qeyd edilib ki, bu, son bir
həftədə Masallı
rayonunda taxıl zəmilərinin yanması
ilə bağlı baş verən 4-cü hadisədir. Bir müddət
öncə baş verən yanğın nəticəsində rayonun
Qızılağac kəndində
fərdi torpaq mülkiyyətçilərinə məxsus 100 hektarlıq taxıl sahəsinin 10 hektarı yanaraq külə dönüb.
Cəlilabad rayonunun Sabirabad
kəndində də onlarla hektar taxıl zəmisi yanıb. Yanğının miqyası geniş
olduğundan Cəlilabadla
yanaşı, Masallı
və Biləsuvar rayonlarının yanğınsöndürmə
maşınları da
əraziyə cəlb
olunub. Növbəti taxıl zəmiləri
Siyəzən rayonunda
yanıb. Eyni-bulaq kəndində
10 hektar, Yenikənd yaşayış sahəsində
isə 25 hektara yaxın taxıl sahəsi yanıb. Rayon İcra Hakimiyyəti
rəsmiləri hər
iki ərazidə zəmilərin yanması səbəbini yaxınlıqdan
keçən yüksək
gərginlikli elektrik xəttinin qırılaraq
əkin sahəsinə
düşməsi ilə
əlaqələndirməyə çalışıblar.
Azərbaycan Fermerlər İttifaqının
sədri Sadıq Murtuzayev isə yanğının səbəbini
başqa məsələlərdə
də axtarmağın
zəruriliyini qeyd etdi. Onun sözlərinə
görə, əgər
bir rayonda yanğın hadisəsi
4-5-ci dəfə baş
verirsə, deməli, burada kimlərinsə maraqları ola
bilər: "Kənd
Təsərrüfatı Nazirliyinin
ayrı-ayrı rəsmilərinin
bu il ölkənin
taxıla olan tələbatının yerli
istehsal hesabına ödəniləcəyi, kənardan
buğda idxalına ehtiyac olmayacağı ilə bağlı səsləndirdikləri fikirlər
taxıl idxalı ilə məşğul olan şirkətlərin, iş adamlarının qıcıqlandırılmasına səbəb ola bilər. Onlar vəziyyətdən çıxış yolu kimi süni vasitələrə əl
ataraq, kimlərəsə
pul verib, ayrı-ayrı bölgələrdə
taxıl zəmilərini
yandırmağa çalışacaqlar".
Yandırılan taxıl
zəmilərinin miqyasının
genişlənə biləcəyindən
narahatlıq ifadə edən müsahibimiz qeyd etdi ki,
yerli icra hakimiyyətlərindən tutmuş,
Kənd Təsərrüfatı
və Fövqəladə
Hallar nazirliklərinə
qədər bütün
aidiyyəti dövlət
qurumları gücləndirilmiş
iş rejiminə keçməli, taxıl yığımını tam dövlət
nəzarəti altına
almalıdırlar: "Bu, strateji
məhsuldur. Bu məsələ dövlətin
diqqət mərkəzində
olmalıdır. Söhbət müharibə şəraitində
yaşayan bir ölkənin taxıl kimi zəruri strateji ərzaq məhsullarının təhlükəsizliyinin
etibarlı təminatından
söhbət gedir".
Fermerlər İttifaqının
sədri Sadıq Murtuzayev başqa problemlərin də həll edilməsinin vacibliyini söylədi:
"Bir neçə ildir ki, ölkənin
ayrı-ayrı regionlarında
fermerlər becərdikləri
məhsulu sata bilmirlər. Bəzi rayonlarda ötənilki
məhsul da satılmamış qalıb".
Müsahibimizin sözlərinə görə, fermerlərin satış problemini həll etmək üçün məsələyə
dövlət özü
qarışmalıdır. Mən düşünürəm ki,
məhsulun bir hissəsi onlardan alınmalıdır. Sonra isə
süni qiymət artımlarının qarşısını
almaq məqsədi ilə bazara çıxarılmalıdır".
AZƏRBAYCANA XARİCİ ÖLKƏDƏN BUĞDA
İDXAL OLUNMAYACAQ
Kənd Təsərrüfatı
Nazirliyinin şöbə
müdiri Sabir Vəliyev yanğının
baş vermə səbəblərinin məlum
olduğunu əsas gətirərək, başqa
ehtimallara yer qalmadığını dedi.
Şöbə müdiri
bir daha qeyd etdi ki,
bu il
taxıl yığımı
800 min ha ərazidə aparılacaq.
Təxmini hesablamalara görə, mövsüm ərzində zəmilərdən
2,2 milyon ton taxıl məhsulu əldə ediləcək.
Bu isə ötən illə müqayisədə
400 min ton çoxdur: "Ölkənin
ərzaq buğdasına
olan tələbatı
1 milyon 600 min tondur. Ona görə də, bu il Azərbaycana xarici ölkədən buğda idxal olunmayacaq. Yəni ərzaq buğdasına
olan ehtiyac, fermerlər və sahibkarların daxili istehsalı hesabına təmin ediləcək".
Nazirlik rəsmisi
ölkədə istər
ötən ildən, istərsə də may ayınadək idxal olunan buğdadan kifayət qədər ehtiyat olduğunu bildirərək bu sahədə problem olmayacağını
vurğuladı. Onun sözlərinə
görə, bu ildən digər kənd təsərrüfatı
məhsullarının istehsalında
da əsaslı artım olacaq.
NAZİRLİK RƏSMİLƏRİ TAXILIN QİYMƏTİN
PROQNOZLAŞDIRMAYIBLAR
Bu mövsüm taxılın
qiymətinin necə olacağını proqnozlaşdırmağa
çətinlik çəkən
nazirliyin şöbə
müdiri Sabir Vəliyev qeyd etdi ki, hələlik
bazarda qiymət artımı qeydə alınmayıb. Onun sözlərinə görə,
indi fermerləri narahat edən əsas problem - taxılı
kimə satmaq məsələsi həll
olunub: "Bu il fermerlər taxılı satmaqda ciddi çətinlik çəkməyəcək.
Çünki dövlət özü fermerlərdən pulla taxıl alacaq. Bu, fermerlər üçün
əlavə alıcı
deməkdir. Həm də
dövlət taxıl
ehtiyatı yığmaqla
gələcəkdə baş
verə biləcək
qiymət artımının
qarşısını alacaq.
İndi bununla bağlı işlər aparılır,
bəzi detallar, o cümlədən məsələnin
maliyyə tərəfi
araşdırılır və
yaxın vaxtlarda qərarın qəbul olunması gözlənilir".
Şöbə müdiri vurğuladı ki, yaxın vaxtlarda fermerlərə verilən yardımların
mexanizmi də dəyişəcək. İndi yardımlar
əkin sahəsinin ərazisinə görə
verilir, gələcəkdə
isə bu, yığılan məhsulun
həcmindən asılı
olacaq.
Əfsun
Üç nöqtə.- 2009.- 17 iyun.- S. 10.